Xəbər lenti


“Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ uğrunda gedən müharibə 10 noyabr tarixində dayanıb. Atəşkəsə vasitəçilik edən Rusiya prezidenti Vladimir Putin həll edilməmiş məsələləri müzakirə etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan Baş naziri Nikol Paşinyanı 11 yanvarda Moskvaya dəvət etdi.

Bu, Paşinyan və Əliyevin bir il öncə Münhendə keçirilən təhlükəsizlik konfransından sonra ilk görüşü oldu. Qırx dörd günlük müharibədən sonra iki aydır ki, atəşkəsdir, lakin hələ də bölgədə ara-sıra kiçik miqyaslı hadisələr və qarşıdurmalar yaşanır. Rusiyanın vasitəçilik etdiyi bu atəşkəs müqaviləsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında sərhədlər də daxil olmaqla xeyli məsələ öz həllini gözləyir”.
“AzPolitika.info”nun məlumatına görə, bu fikirlər “Habertürk” qəzetində dərc olunan məqalədə yer alıb.
Məqalədə daha sonra bildirilir:  “Ermənistanda çoxlu sayda insan əsirlikdə qalan və itkin düşən yaxınları barədə xəbər almaq istəyir. Yəni, digər ifadə ilə söyləsək, Ermənistan sadəcə cəbhədə deyil, daxili siyasətdə də dağılımış vəziyyətdədir.

Paşinyanın ictimai nüfuzu yerlə sürünür. ”Qarabağ quldur dəstəsi”nin başçıları kimi tanınan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan isə Moskvanın diqtəsi və dəstəyi ilə daxili dinamikaya uyğun şəkildə oynamaqda davam edirlər. Moskvada baş tutan bu yığıncağa hazırlıq ərəfəsində hər iki dövlətin müdafiə və təhlükəsizlik nümayəndələri dekabr ayının sonunda Rusiya Federal Təhlükəsizlik Xidmətinin(FTX) rəhbəri Aleksandr Bortnikovu ziyarət etdikdən sonra müəyyən detalların müzakirəsi üçün yenidən görüşüblər. Yəni, ölkə başçılarının görüşündən öncə kəşfiyyat xidmətləri səviyyəsində görüşlər keçirilib.
Türkiyəni danışıqlara qoşmurlar...
Ancaq onu da qeyd edək ki, 12 dekabr tarixindən bu yana davam edən diplomatik və kəşfiyyat orqanları səviyyəsindəki görüşlərə hələ ki, Türkiyə daxil edilməyib. Belə görünür ki, Rusiya bu məsələnin üç ölkə arasında qalmasında maraqlıdır.

Rusiya sərhəd qoşunları FTX-yə bağlıdır və təhlükəsizlik müqaviləsinə uyğun olaraq, Ermənistanın Türkiyə, həmçinin İran sərhədləri boyunca yerləşdirilib. Müharibə bitəndən indiyədək Rusiya sərhədçiləri Azərbaycanla Ermənistan arasındakı cənub sərhədində xidmət göstərirlər.
Həmin sərhəd hissəsi Dağlıq Qarabağ hüdudlarından kənarda yerləşən qaynar və ixtilaflı bölgə halına gəlib. İndi artıq məsələ təkcə Dağlıq Qarabağ münaqişəsilə məhdudlaşmır və problem Ermənistan-Naxçıvan xəttinə qədər təkamülə uğrayıb. Bakının son dövrlər uca səslə söylədiyi “Naxçıvan birbaşa Azərbaycana bağlansın” fikrini isə Moskva təmkinlə qarşılayır.
Atəşəkəs müqaviləsində Azərbaycanın avtomobil yoluyla Naxçıvana bağlanması və dolayısıyla Türkiyə ilə birbaşa əlaqə qurulması nəzərdə tutulur. Bu, Azərbaycan ordusunun irəliləməsini əngəlləməkdən ötrü Bakıya verilən imtiyaz olmaqla yanaşı, həm də Rusiyanın bölgədəki rəqibi Türkiyəni öz yanında tutmağa çalışdığını göstərir.

Həmçinin, bu addım ABŞ-ın bölgədəki roluna qarşı Türkiyəni öz tərəfinə çəkmək üçün lazımi meydan əldə etməyə hesablanıb. Rusiya və Türkiyənin Dağlıq Qarabağda birgə monitorinq mərkəzində necə fəaliyyət göstərəcəklərindən də görünür ki, Moskva Ankaranın imkanlarını məhdudlaşdırmaq fikrindədir.

Belə ki, Moskva həmin mərkəzin Dağlıq Qarabağın xaricində təsis edilməsini və burada xidmət göstərəcək türk əsgərlərinin silahsız olması, müşahidələrin yalnız dronlar vasitəsilə həyata keçirilməsi şərtini ortaya qoyub. Nəticədə, Rusiya və Türkiyə təmsilçilərinin həftələrlə davam edən görüşlərindən sonra 36 türk əsgəri Azərbaycana yollanıb. Bu mərkəzin yanvar ayının 21-də fəaliyyətə başlayacağı planlaşdırılır. Onu da xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin mütəxəssisləri hazırda Azərbaycan torpaqlarında minaların təmizlənməsilə məşğuldurlar".
Müharibə bitdi, hər iki tərəf yorğundur...

Məqalədə daha sonra rus əsgərlərinin bölgəyə gəlməsinin Azərbaycanda xoş qarşılanmadığı, cəmiyyətdə qəzəb yaratdığı vurğulanır.  Hökumətin isə əhalinin narahatlığını aradan qaldırmaq üçün  işğaldan azad olunan bölgələrin yenidən qurulmasına başlamaq istədiyi qeyd edilir: " Bu isə uzun sürəcək və xeyli xərc aparacaq. Prezident İlham Əliyev ölkədəki psixoloji vəziyyəti və işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi müddətini ahəngdar bir şəkildə yönətməlidir. Bunlarla yanaşı, koronavirus infeksiyasının yayılması və enerji daşıyıcılarının qiymətinin düşməsi nəticəsində Azərbaycan iqtisadi sıxıntılarla üzləşib.
Ermənistandakı iqtisadi böhran isə Azərbaycanla müqayisədə olduqca daha ciddi və çox böyük miqyasdadır. Diasporadan gələn yardımlar hesabına ayaq üstündə duran Ermənistan çıxılmaz vəziyyətə düşüb. İndiki halda ermənilər üçün sabitliyin yeganə təminatçısı Rusiyadır.

Yəni əslində, Putin atəşkəsi qoruyan lider olsa da, o, ümumi yekunda Ermənistanın Azərbaycan qarşısında səfil hala düşməsini istəmir. Amma onun Paşinyanın getməsini istədiyi də açıq-aşkar görünür. Moskvanın diplomatik canfəşanlığı müharibə zamanı özlərini Rusiya tərəfindən tərk olunmuş hiss edən ermənilərlə yenidən yaxınlaşmaq tədbiri kimi başa düşülməlidir.
Regionun yenidən dirçəldilməsi məsələsində isə Ankara və Moskva anlaşsa da, Kreml bölgənin nəzarətini əlində saxlamağa çalışır. Və bununla əlaqədar Türkiyəyə “mənim yanımda dayan, amma işlərə çox da müdaxilə etmə” kimi müəyyən siqnallar verir. Rusiya istəyir ki,Türkiyə Qafqazda məhdud bir sahə çərçivəsində passiv qalsın və daha dərinlərə girməsin”.



Ana səhifəyə qayıt        Baxış: 2 596          Tarix: 13-01-2021, 18:21      


Paylaş:   

Ən çox oxunanlar