Moskva və Minskin keçirdiyi “Qərb-2017” birgə təlimləri Belarus iqtisadiyyatında məhz hərbi-sənaye kompleksinin rolunun artması tendensiyasını təsdiq etdi.
Silahlı qüvvələr genişləndirilir. Eyni zamanda, bir sıra qanunverici dəyişikliklər hazırlanır. Söhbət ordu qarşısında dayanan məsələləri müəyyən edən normalardan gedir. Hərbçilərin funksiyaları əhəmiyyətli dərəcədə genişləndirilə bilər. Ekspertlər iddia edirlər ki, belaruslar Ukrayna ssenarisi üzrə dövlət çevrilişinin Minskdə keçirilmə ehtimalına hazırlaşırlar.
Ordunun yeni səlahiyyətləri
Rusiyanın Gazeta.ru saytının yazdığına görə, Belarusda qanunvericilik üzərində iş gedir. Hədəf silahlı qüvvələrin qanunvericilikdə xüsusi statusunu möhkəmləndirməkdir. İyunun 21-də Nümayəndələr Palatasında (parlamentin aşağı palatası) “Müdafiə məsələləri üzrə Belarus Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələrin daxil etməsi Haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib. Sənəd hələ fevralda prezident tərəfindən təqdim edilib. Qanun layihəsinin əsas hədəfi ölkənin müdafiə haqqında qanunvericiliyini 2016-cı il iyulun 20-də təsdiq edilmiş yeni Hərbi doktrinaya uyğunlaşdırmaqdır.
Təşəbbüs, xüsusi halda, hərbi planlaşdırma və hərbi sisteminin təkmilləşdirilməsini nəzərdə tutur.
“Belarus Security Blog”un analitik layihəsinin eksperti Yeqor Lebedok hesab edir ki, qanun layihəsi Belarus Silahlı Qüvvələrinin siyasi rolunun gücləndirilməsinə imkan yaradır.
“Qanun layihəsi qəbul ediləcəyi halda, silahlı qüvvələrin vəzifələrindən biri konstitusiya quruluşunun silahlı müdafiəsinin təminatı olacaq. Ordunun mövcud vəzifələrinə həmçinin, daxili silahlı konfliktin yatırılması da daxil ediləcək.
Ekspertin fikrincə, əlavə funksiyalar hərbçilərə öz fəaliyyətinin (həmçinin, başqa güc strukturlarının hesabına) maliyyələşdirilməsinin artırılmasına iddia etmək imkanı verir. İkincisi, silahlı qüvvələr xüsusi siyasi status əldə edir.
“Bu, xüsusi şərtlərdə hərbiçilərin hakimiyyətə gəlişinin formal əsasıdır”, - o yekunlaşdırır.
Politoloq Anton Platov bildirir ki, Dövlət Təhlükəsizliyi Komitəsi və Daxili İşlər Nazirliyinə bel bağlamaq olmur. Onun sözlərinə görə, müasir Belarusda ordunun prezidentə qarşı hər hansı hərəkətləri haqqında düşünmək lazım deyil.
“Cəmiyyət tamamilə sıxdır və güc strukturları yaxşı idarə olunur. Ona görə də “Latın Amerikası ssenarisi” ehtimalı (hərbiçilərin hakimiyyətə gəlişi) burada son dərəcə kiçikdir”, - politoloq qeyd edib.
Hərbi-sənaye müstəqilliyi
Belarusda hərbiçilərin rolunun gücləndirilməsinin ikinci aspekti ölkə iqtisadiyyatında hərbi-sənaye kompleksinin əhəmiyyətidir. Və son zamanlar hərbi-sənaye kompleksi digər sahələrlə müqayisədə daha sürətlə inkişaf edir. Əvvəlki illərdə Belarus ordusu əsasən sovet və Rusiya silahı ilə silahlanırdısa, hazırda daha çox şəxsi, həmçinin başqa dövlətlərlə, məsələn Ukrayna və Çinlə birgə hazırlanan silahlar arsenala daxil edilir.
Belarusun hərbi-texniki əməkdaşlığının başqa ölkələrlə diversifikasiyası uzunmüddətli trend və rəsmən elan edilmiş sənaye siyasətinə çevrilib.
“Son onillik ərzində rəsmi Minsk hərbi-sənaye sahəsində əməkdaşlığın coğrafiyasını ardıcıllıqla genişləndirir. Eyni zamanda Rusiya müdafiə təyinatlı məhsullarından asılılığı aşağı salmağa çalışır. Bundan başqa, hərbi-sənaye sahəsində Rusiyadan başqa partnyorların mövcudluğu siyasi əhəmiyyət daşıyır”, - “Belarus in Focus” analitik resursu yazıb.
Yaxın vaxtlarda Belarusun “Zvyozda” rəsmi qəzeti yazıb ki, iyulun 3-də Minskdə hərbi paradda təqdim edilmiş hərbi texnikanın 30 faizi ölkə daxilində istehsal edilib və müasirləşdirilib.
Eyni zamanda, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) məlumatına görə, 2012-2016-cı illərdə Belarus 625 milyon dollarlıq silah ixrac edib.
Belarus silahları və hərbi texnikanın böyük miqdarda yeni nümunəsi yazda Minskdə keçmiş “MILEX-2017” sərgisində nümayiş etdirilib. Payızda isə onlar manevrlərin gedişatında yoxlanılıb. Belarus prezidenti Aleksandr Lukaşenkoya təlimlərin son günündə - sentyabrın 21-də “Borisovski” poliqonunda T-72 tankının müasirləşdirilmiş Belarus variantı olan T-72B3 tankları göstərilib. Prezident həmçinin Belarus pilotsuz “Busel-10” və “Berkut-2” aparatlarına, MZKT 490 100 (V-1) zirehli avtomobilləri, “Alliqator” zirehli avtomobili, perspektivli mobil rabitə vasitələri, ümumilikdə silah və hərbi texnikanın 20-dən çox nümunəsinə baxıb.
publika.az
Paylaş: