Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin xarici siyasətinin prioriteti kimi NATO-ya üzvlüyünün qanunverici əsaslarını möhkəmləndirən qanunu imzalayıb.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısının mətbuat xidməti bildirib.
Sənəd Ukrayna Ali Radasında iyunun 8-də qəbul edilib.“Ukraynanın xarici siyasət kursu haqqında Ukraynanın bəzi qanunlarına dəyişikliklərin daxil etməsi haqqında Qanun” NATO ilə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.
Mətbuat xidmətinin xəbərində qeyd edilir ki, Ukraynanın NATO-ya girişi dövlət siyasətinin əsas amillərindən biri kimi aydın müəyyən edilib.
Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukrayna Ali Radası bloklara qoşulmamaq siyasətindən imtinanı nəzərdə tutan qanun layihəsini qəbul edib. Yeni hərbi doktrina NATO-ya üzvlük siyasətinin həyata keçirilməsini nəzərdə tutur. Hərbi doktrinaya görə Ukrayna öz silahlı qüvvələrini 2020-ci ilə qədər NATO ölkələrinin gücləri ilə tam uyğunluğunu təmin etməlidir. 2015-ci ilin dekabrında prezident Pyotr Poroşenkonun Brüsselə səfəri zamanı müdafiə-texniki əməkdaşlıq üzrə Ukrayna və NATO arasında “Yol xəritəsi” imzalanıb.
Amma ekspertlər güman edirlər ki, Kiyev ən yaxın 20 ildə NATO-a üzvlüyə iddia edə bilməyəcək. Avropa Komissiyasının başçısı Jan-Klod Yunker bildirib ki, Avropa İttifaqı və ya NATO-ya üzv olmaq üçün Ukraynaya 20-25 il lazım olacaq.
Rusiya isə həmsərhəd olduğu Ukraynanın NATO-ya üzvlüyünə sərt şəkildə qarşı çıxır.
Paylaş: