Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının baş katibi, general Nikolay Patruşev ötən şənbə Bakıya səfər etdi. İlk baxışdan, sıradan diplomatik təmas kimi görünən səfərdə müzakirələr haqda məlumatların ictimaiyyətə açıqlanmaması diqqət çəkir.
Publika.az xəbər verir ki, rusiyalı ekspert Pavel Şipilin Patruşevin Bakı səfərində Azərbaycan prezidentinə əhəmiyyətli məsələləri çatdırdığını hesab edir.
Onun sözlərinə görə, son zamanlar Azərbaycana qarşı informasiya müharibəsi qızışıb.
“ABŞ keçmiş SSRİ respublikalarına qarşı hərəkət etdiyini gizlətmir. Əlbəttə, bu hücumların əsas istiqaməti Rusiyadır. Lakin Azərbaycan kimi öz ayaqları üstündə dayanmağı bacaran bir ölkəyə qarşı kampaniya aparmaq da təsadüfi deyil. Hədəf isə məlumdur: neft və qaz”, - deyə Şipilin “Sputnik” üçün qələmə aldığı məqaləsində yazır.
Rusiyalı ekspert qeyd edir ki, Avropanın qaz bazarı uğrunda döyüşə başlanmış amerikalılar son yarım əsrdə inkişaf etdirilən kapitalizmin bütün qanunları üzrə rəqiblərini sıradan çıxarmaq istəyir.
“Rusiya bu prosesin təsirlərini gördü, növbə Bakıya çatdı. Çünki “Cənub qaz dəhlizi” layihəsi Avropada “amerika xəyalına” maneədir. ABŞ Avropadakı vassallarını özünün mayeləşdiriliş qazına “oturtmaq istəyir”. Vaşinqton həm də ona görə tələsir ki, Moskva və Bakının layihələrində Ankara da fəal iştirak edir. Bu baxımdan, İlham Əliyevin Rusiya elçisini Putin və Ərdoğan görüşündən bir neçə gün sonra qəbul etməsi də təsadüfi deyil. Rusiyanın Türkiyə və Azərbaycanla münsibətlərini fəal şəkildə bərpa etməsi ABŞ-da açıq həyəcanla izlənilir. Mümkündür ki, Avropanın bu üç ölkəni arzuedilməz tərəfdaş hesab etməsin üçün addımlar atılır. Halbuki, Azərbaycan və Rusiya qazının Türkiyə üzərindən Avropaya çıxarılması daha ucuz başa gəlir, nəinki, ABŞ-ın mayeləşdirilmiş qazı. Amerika bazara hakim olmaq üçün bu üç ölkəyə qarşı addımlar atır. Beynəlxalq media korporasiyalarının Putin, Ərdoğan və İlham Əliyevi hədəfə alması, onların “anti-demokrat” kimi qələmə verilməsinin səbəbləri burada aydın olur. Məqsəd, bu üç ölkəni Avropa üçün arzuedilməz tərəfdaşa çevirməkdir. Başqa yol yoxdur. Çünki ABŞ-ın mayeləşdirilmiş qazının Rusiya və Azərbaycan qazından daha münasib olduğunu heç cür sübut etmək mümkün deyil”, - deyə Şipilin maraqlı iddialar sərgiləyir.
P.Şiplin hesab edir ki, bu proseslər fonunda Azərbaycan-Türkiyə-Rusiya üçbucağında münasibətlər yüksələn xətt üzrə inkişaf edəcək.
Paylaş: