Oktyabrın 19-da Pentaqonda ABŞ müdafiə naziri Ceyms Mettislə İsrailin müdafiə naziri Aviqdor Libermanın işçi görüşü olub. Bu görüş Libermanın Rusiya müdafiə naziri Sergey Şoyqu ilə İsraildəki görüşünün həmən ardından baş tutub.
Strateq.az İsrail mediasına istinadla xəbər verir ki, “Görüş zamanı nazirlər, digər məsələlərdən əlavə, strateji regional məsələləri, həmçinin ABŞ və İsrail arasında kəşfiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığın bundan sonra daha da möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər".
Qeyd edək ki, bundan öncə, İsrail müdafiə naziri Ağ evdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri general-leytenant Herbert Makmasterlə də görüşüb.
ABŞ müdafiə naziri ilə görüşü zamanı Aviqdor Liberman deyib: “General Mettis, siz İsrail Dövlətinin həqiqi dostusunuz və sizinlə münasibətlər bütövlükdə Amerika administrasiyası ilə olan dərin münasibətlərin nümunəsidir. Mən prezident Trampa, İran haqqında cəsarətli və əxlaqi çıxışına görə, təşəkkür etmək istərdim”.
İsrail müdafiə idarəsinin başçısı öz çıxışında həmçinin qeyd edib ki, ABŞ-ın başçılıq etdiyi Qərb dünyası Yaxın Şərqdə, başlıcası İranın bütün regionda, xüsusən də Suriyada öz təsirini genişləndirmək üçün davam edən təhlükəli cəhdləri səbəbindən ciddi çətinliklərlə üzləşib.
Liberman öz çıxışında qeyd edib: "İran dünyanın ən böyük və ən təhlükəli terror ixracatçısıdır, İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) isə ən böyük və təhlükəli terror təşkilatıdır. İran Suriyanı, Colan təpələri daxil olmaqla, İsrailə qarşı forposta çevirməyə çalışır, Suriya ərazisində hava və hərbi-dəniz bazalarının yaradılması və on minlərlə şiə milisi döyüşçülərinin Suriyaya yeridilməsi üzərində işləyir".
Aviqdor Liberman daha sonra bəyan edib: "Biz İranın və onun satellitlərinin bizim sərhədlərimiz boyu yerləşməsi durumuna dözməyəcəyik. Biz maraqlarımızı, qırmızı xətlərimizə müvafiq olaraq, zəruri hesab etdiyimiz şəkildə, ölçülü-biçili və qərarlılıqla qoruyacağıq”.
Suriyada baş verənləri şərh edərkən, müdafiə naziri Liberman qeyd edib ki, İsrailin suverenliyini pozmağa yönəlik istənilən cəhd sərt cavab reaksiyası ilə qarşılaşacaq:"Biz hesab edirki ki, Suriyada bütün baş verənlərə görə Əsəd rejimi məsuliyyət daşıyır. Və mən bizim səbrimizi sınamamağı və qırmızı xətlərimizi keçməməyi məsləhət görürəm. Biz sakitlik atmosferini pozmaq və İsrail vətəndaşlarının təhlükəsizliyinə zərər vurmaq cəhdlərinə məhəl qoymamaq niyyətində deyilik”.
Paylaş: