"Mixeil Saakaşvili Ukrayna prezidenti olmayacaq, amma bu postu tuta biləcək liderlərdən biri - Yuliya Timoşenko və ya Anatoli Qritsenko üçün effektiv siyasi tərəfdaş ola bilər".
Bunu "Report"un Ukrayna bürosuna siyasi məsləhətçi, İNPOLİT İctimai Siyasət və Konsaltinq İnstitutunun rəhbəri Sergey Bıkov Ukrayna hakimiyyətinin Saakaşvili ilə bağlı hərəkətlərini və hadisələrin mümkün inkişafını şərh edərkən deyib.
"Bu gün onun Ukrayna vətəndaşlığı yoxdur. Amma hətta onu vətəndaşlıqdan məhrum etməsəydilər belə, Ukrayna ərazisində beş il yaşamaq tələbini yerinə yetirə bilməyəcəkdi. Amma, o, eyni zamanda "Yeni qüvvələr hərəkatı" Partiyasının güclü siyasi səsidir", - S.Bıkov bildirib.
Siyasi məsləhətçinin sözlərinə görə, hakimlərin Saakaşvilinin lehinə hökm verməsində Yuliya Timoşenkonun iştirakı da mühüm rol oynayıb.
"Onun iştirakı Timoşenkonun işi üzrə hökm verən hakim Kireyevin aqibətini xatırladıb. Hakimlər həmin vaxt kiminsə zəngi və ya tapşırığı ilə çıxaracaqları siyasi qərarların nəticələrini yaxşı başa düşürdülər", - S.Bıkov vurğulayıb.
Mixeil Saakaşvilinin ətrafında baş verən hadisələrin inkişafı ilə bağlı danışan S.Bıkov hesab edir ki, bu, Ukrayna hakimiyyətinin hərəkətlərindən asılıdır.
"Hakimiyyət hər addımında məntiqsizlik göstərir və buna görə də Saakaşviliyə uduzur. Axı onun həbsi, istənilən hərəkəti ətrafında belə tamaşa yaratmaq nəyə lazımdır?! Hakimiyyət emosiyalarını göstərməklə, düşünülməmiş addımlar atmaqla Saakaşvilinin reytinqini qaldırır. Hərçənd Saakaşvilinin yürüşünə fikir verməsələr, tezliklə ona maraq azalacaq", - S.Bıkov fikrini tamamlayıb.
Paylaş: