Xəbər lenti

Vladimir Muxin

“Nezavisimaya qazeta”, Rusiya

 

Telefon terroristləri artıq Rusiyaya virtual hücumların effektliliyini nümayiş etdiriblər.

NATO Rusiyaya və müttəfiqlərinə qarşı yönəlik tədbirlər çərçivəsində öz kibermüdafiə mərkəzini yaratmağı planlaşdırır. NATO-nun hərbi komitəsinin sədri, çex generalı Petr Pavelin Estoniyaya səfərinə də məhz bu kontekstdə baxmaq lazımdır. O, Tallində alyansın Kibermüdafiə Təcrübə Mərkəzini (KTM) ziyarət edib.

Rəsmi versiyaya görə, KTM NATO ölkələrinin kibertəhdidlərdən birgə müdafiəsinin qabaqcıl təcrübəsinin ümumiləşdirilməsilə məşğul olmalıdır. Lakin tezliklə o, fərqli keyfiyyət qazanacaq və NATO-da kiberəməliyyatların keçirilməsi üzrə xüsusi mərkəz, yəni, qərargah idarəçilik strukturu olacaq.Şimali Atlantika alyansının müdafiə nazirləri öz sammitlərində bir ay öncə belə qərar qəbul ediblər.

Mərkəzin harada yaradılacağı haqqında məlumat verilməyib. Ancaq Pavelin Estoniyaya səfəri və onun bu ölkənin hərbi rəhbərliyi ilə danışıqları göstərir ki, Rusiyaya qarşı mümkün virtual döyüş əməliyyatları məhz buradan təşkil olunacaq.

Dünən Estoniya Müdafiə qüvvələrinin komandanı general Rixo Terrasla görüşdə NATO hərbi komitəsinin sədri Estoniyaya diqqəti kibermüdafiəyə verməyi məsləhət görüb. Terrasın təsdiqinə görə, gələn il bu ölkənin öz kiberqoşunu olacaq.

Praktiki olaraq, NATO-nun üzvü olan bütün ölkələr və onların tərəfdaşlarının çoxu, o cümlədən Ukrayna və Gürcüstan artıq ABŞ-ı nümunə alaraq, bənzər qoşunlar yaradıblar. İndi onlar öz effektliliyini, özü də yalnız kibermüdafiə deyil, həm də kiberhücum sferasında göstərməlidir (bəziləri isə artıq göstərib).

2016-cı ilin iyulunda NATO-nun Varşavada keçirilən sammitində kiberməkan “təşkilatın havada, quruda və suda olduğu kimi, effektli müdafiə olunduğu əməliyyat sferası olaraq”, tanınıb.

Bununla birlikdə, hərbi blokun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, “müdafiə imkanlarını inkişaf etdirmək və cavab verməyə hazır olmaq mühümdür”. Yəni, NATO-nun kiberqoşunları hücum funksiyasını da yerinə yetirəcəkdir. Bununla, görünür, elə alyansın yaradılan mərkəzi məşğul olacaqdır.

NATO Baş katibinin fikrincə, o, bütün səviyyələrdə “kiberkomponenti alyansa inteqrasiya” etməlidi. “Biz digər potensiallar kimi, milli kiberpotensialları da cəlb edirik. Onlar indiki kimi, milli idarəçilik altında qalacaq, lakin bizim əməliyyatların ayrılmaz hissəsi olacaq” deyərək, Stoltenberq perspektivi təsvir edir. Onun sözlərinə görə, bu, alyansın 2010-cu ildən ABŞ-da fəaliyyətə keçən struktura bənzər, yeni modernləşdirilmiş komanda strukturunun yaradılması çərçivəsində, NATO üzvü olan ölkələrin kibermüdafiəsini gücləndirəcəkdir.

Pentaqonda kiberməkana yeni hərbi əməliyyatlar səhnəsi kimi baxılır. Buna görə, kiberqoşunlar təhdidləri proqnozlaşdırır və dövlət müdafiə strukturlarını haker hücumlarından müdafiə edir. Hərbi qərargahların, rabitə və idarəçilik obyektlərinin, digər kommunikasiyaların müdafiəsinə xüsusi diqqət ayrılır. Eyni zamanda Pentaqon müttəfiqlərilə birgə rəqibə kiberzərbələr vurmağa, o cümlədən təbliğat aksiyaları (reklamlar) keçirməyə, lazım olan informasiya və dezinformasiyaların yayılmasına hazırdır.

Hərbi ekspert general-leytenant Yuriy Netkaçev hesab edir ki, bir sıra NATO ölkələrində (ABŞ, Türkiyə, Kanada) və onların sovetsonrası tərəfdaşlarında (Ukrayna) artıq Rusiyaya qarşı oxşar uzunmüddətli hərbi kiberəməliyyatlar təşkil etməyə və keçirməyə qadir olan effektli strukturlar mövcuddur.

Ekspert belə əməliyyatlara nümunə olaraq, virtual terroristlərin sentyabrda – strateji “Qərb-2017” təlimləri dövründə etdiyi çoxsaylı telefon zənglərini göstərir. Netkaçevin fikrinə görə, RF DİN-in bu günlərdə nəşr etdiyi məlumatlar bu nəticəni təsdiq edir. İdarənin məlumatına görə, sentyabrdan bu günədək 2700 belə fakt aşkar edilib. RF Daxili işlər nazirinin müavini İqor Zubov qeyd edib ki, “yalançı terroristlərin telefon zənglərinin intensivliyinə əsasən biz deyə bilərik ki, söhbət, mahiyyətcə, RF ərazisinə kiberhücumdan gedir”.

Lakin kimin hücum etdiyi hələ də aydın deyil. Netkaçevə görə, bu, ABŞ kiberkomandanlğının işidir.

Ekspert deyib: “Telefon terrorçuları İT texnologiyalarından istifadə edərək, Suriya, Türkiyə, Ukrayna, ABŞ və Kanadadan zəng ediblər. Bu ölkələr Pentaqonun və onun müttəfiqlərinin kiberqoşunlarının hərbi bazaları, obyektləri, mərkəzləri olan ölkələrdir, bu da onlara maneəsiz hərəkət etmək imkanı veribdir”.

Netkaçevin sözlərinə görə, telefon terrorçularının oxşar İT-hücumları təkrar oluna bilər, Rusiya isə belə hücumlarla effektli mübarizə vasitələri tapa bilməyib. “NQ”-nin müsahibi fərz edir ki, “Əgər oxşar hucumlar NATO-nun hazırda formalaşdırılan vahid mərkəzindən təşkil edilərsə, Rusiya üçün ziyan daha böyük ola bilər. Deməli, təcili panzəhər tapılmalıdı”.

Tərcümə Strateq.az-ındır




Ana səhifəyə qayıt        Baxış: 476          Tarix: 16-12-2017, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma