Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sabiq sədri (2005-2010-cu illər), ordu generalı Nikolay Malomuj “Apostrof”a verdiyi müsahibənin birinci hissəsində Rusiya Federasiyasının (RF) XİN başçısı Sergey Lavrovun Budapeşt memorandumu haqqında dediyi qalmaqallı sözlərin nə ilə bağlı olduğundan, Krımdakı Ukrayna hərbi texnikasının Moskvada nə üçün yada düşməsindən, Rusiya elitalarının dəstəyini itirməsinin Vladimir Putinin hakimiyyətinin sabitliyinə necə təsir edəcəyindən və RF-ni Donbasdan çıxmağa və ələ keçirilmiş Krımı geri qaytarmağa məcbur etmək üçün Kiyevin hansı təsir vasitələri tapmalı olduğundan danışıb:
– Bu günlərdə RF XİN başçısı Sergey Lavrov bəyan etdi ki, Rusiya razılaşmanın özü ilə bağlı olan hissəsini yerinə yetirdiyi halda, Ukrayna “Maydan”a yol verməklə Budapeşt memorandumunu pozub. Bu bəyanatın məqsədi nədir?
– Bu gün Rusiya çox həssas durumdadır – onun beynəlxalq hüququ pozması haqqında konkret faktlar mövcuddur. Ölkələrin müstəqilliyi və ərazi bütövlüyü haqqında BMT-nin strateji sənədlərinin, Helsinki razılaşmasının, Ukraynanın ərazi bütövlüyünə, təhlükəsizliyinə, xarici dövlətlərin, RF də daxil olmaqla, müdaxilə etməməsinə təminat verən Budapeşt memorandumunun pozulmasının özü də bunlara aiddir.
Mən özüm Budapeşt memorandumunun hazırlanmasının iştirakçısı olmuşam. Biz onda prezidentimizlə Budapeşt memorandumunun hansı formada olacağı haqqında diskussiya apardıq. Əlbəttə, dövlət təhlükəsizliyi baxımından biz iştirakçı dövlətlərin dəqiq öhdəlikləri və hüquqi nəticələr haqqında, – söhbət təminatlardan və onların yerinə yetirilməməsi halında müdafiə mexanizmlərinə sahib olmamız üçün nüvə statusuna geri qayıtmaqdan gedirdi, – məsələləri qoyduq. Aydındır ki, o mərhələdə həm Ukraynanın siyasi rəhbərliyi, həm də xarici siyasi rəhbərlik bunun çox dəqiq kriteriyaları olan hüquqi sənəd deyil, yalnız memorandum olmasında təkid edirdi.
Ancaq bizə təhlükəsizliyə, ərazi bütövlüyünə və sərhədlərin tanınmasına təminat verilməsi haqqında ümumi bəyanatlar verildi. Bu gün biz beynəlxalq normaların və Ukrayna ilə Rusiya arasındakı ikitərəfli razılaşmaların, o cümlədən RF-nin, Krım və şərq əraziləri də daxil olmaqla, Ukraynanın sərhədlərini tanıdığı “Dostluq və əməkdaşlıq haqqında” Müqavilənin pozulması faktı ilə qarşı-qarşıyayıq. Lavrovsa bizim mövqeyimizin təkzib edilməsi çərçivəsində faktları tərsinə çevirməyə çəhd göstərir.
Bax, mən ABŞ-dan, dünyanın 113 ölkəsinin yığışdığı qeyri-formal klubdan qayıtmışam, bu nəticələrə elə orada gəlindi. Aydındır ki, bu, Lavrovun reaksiyasıdır – hansısa formada özünə haqq qazandırmaq cəhdidir. Necə? Budapeşt memorandumunun mətnində (mən onu yaxşı bilirəm) bizim (sənədi imzalayan tərəflərin – “Apostrof”) ekstremizmdən, ksenofobiyadan, nasiszmdən çəkinəcəyimiz haqqında hər hansı bir bəyanat yoxdur. Hər bir ölkənin ayrı-ayrı verdiyi bəyanatlar vardı. Bizim tərəfimizdən oxşar pozuntu olmayıb, xüsusən də Rusiyaya münasibətdə biz elə hərəkət etməmişik – Lavrovun sözlərini təsdiq edə biləcək hüquqi faktlar yoxdur. Rusiyanın dünyaya öz yeni siyasətini zorla qəbul etdirmək istədiyi bu gün, Putun də sözdə təşəbbüslərində bu barədə bəyan edir, Lavrov ona oynayır, onlara lazımdır ki, Rusiyanın Budapeşt memorandumunu və digər beynəlxalq hüquq normalarını pozması haqqındakı bizim iddialarımızı hansısa formada təkzib etsinlər. Lavrovun siyasi və hüquqi mesajı uğursuzdur, o, vəziyyətin beynəlxalq, siyasi səviyyədə, daha sonra isə məhkəmələrdə qiymətləndirilməsində düzəldiləcək.
– Putin Krımdakı Ukrayna hərbi texnikasını üç il xatırlamadı. Sizcə, nə üçün o, bu barədə indi danışdı? Bu “səxavətliliyin” arxasında nə durur və Ukrayna necə reaksiya verməlidir?
– Bu gün Putin artıq aktiv seçki öncəsi kampaniya aparır. Ona lazımdır göstərsin ki, o, hansısa bir diktator-təcavüzkar deyil, sülhməramlıdır, lap elə sülh göyərçini kimi… Bir tərəfdən o, sanki, Minsk razılaşmasının reallaşdırılmasına gedir, misal üçün, əsirlərin dəyişdirilməsi haqqında onun təşəbbüsü var. Haqqında əvvəllər eşitdiyimiz ikinci təşəbbüsü BMT-nin sülhməramlı kontingenti haqqında, ancaq Rusiya redaksiyasında idi. Üçüncü təşəbbüsü Krım ərazisində olan gəmilər, texnika, aviasiya, BTR, tanklar və döyüş syrsatlarının geri qaytarılması kimi hər zaman olan təşəbbüsdür.
O, beləcə beynəlxalq səviyyədə nümayiş etdirir ki, Minsk razılaşmasının yerinə yetirilməsi üçün konkret addımlar atır. Və bunun qarşlığında nə istəyir? Qulaq asaq! Misal üçün, Almaniyanın vitse-kansleri, Xarici işlər naziri Ziqmar Qabriel deyir: əgər Putin Minsk razılaşmasının yerinə yetirilməsi üçün heç olmasa kiçik addımlar atarsa, sanksiyaları mərhələlərlə ləğv etmək lazımdır. Buna Macarıstanın Baş naziri Viktor Orban züy tutur. İtaliyada bir sıra siyasətçilər (yeri gəlmişkən, onlar tezliklə seçkilərə gedəcək) də bu barədə danışır. Putin nəinki onun Donbasdan çıxmağa məcbur edilməsi, hətta bunu etməyə məcbur etmək məqsədilə kritik şəraitə salınması üçün qəti mövqeyin olmadığını nəzərə alaraq, dünya mətbuatına təsir etməyə cəhd edir.
Mülkiyyətin qaytarılması məsələsində biz gəmilərə də, digər texnikaya da razı olmalıyıq, ancaq elə bu yerdə Krımın qaytarılması, rusların Şərqdən çıxması, başqa sözlə, bu gün aktual olan bütün məsələləri qoymalıyıq. Yalnız silahların qaytarılmasına razı olmaq olmaz. Krım və Donbasdan başqa, bizim sərhədə nəzarət məsələmiz də vardır. Bütün bunlar haqqında həm siyasi, həm diplomatik, ən başlıcası isə hüquqi müstəvidə danışmaq lazımdır. Burada biz 100% udacağıq, çünki bu formatda Rusiya birmənalı və aşkar şəkildə uduzacaq, – bunu mən beynəlxalq hüquqçu kimi deyirəm, – bu prosesdə o, cavabdehdir.
– Yazda Rusiyada seçkilər keçiriləcək, Vladimir Putinin qələbə qazanacağına şübhə yoxdur. Seçki öncəsi kampaniya üçün onun obrazı necə ortaya çıxır, sizcə, növbəti müddət üçün onun daxili və xarici siyasi kursu necə olacaq?
– Putin oyunçudur, o, Şimali Koreyanın nüvə proqramı, Suriya, əlbəttə ki, Ukrayna məsələsilə bağlı, – bu, onun üçün başlıca məsələdir, – oynayacaq. O istərdi ki, Ukraynanın onun maraq dairəsində olması haqqında gizli razılaşma əldə etsin. Ona görə də o, indi nümayiş etdirməyə çalışacaq ki, bizim dövlətlə vəziyyəti tənzimləyir, lakin istənilən halda, faktiki olaraq, öz ssenarisini reallaşdırmağa cəhd edəcəkdir. Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının muxtar vahid kimi tanınması, bizim döyüşçülərlə danışıqlara getməmiz, əslində Rusiyanın nəzarət etdiyi seçkilər keçirməmiz üçün hələlik, bizim ehtimalımıza görə, miqyaslı hərbi əməliyyatlar aparmadan, ancaq onun deməyi sevdiyi kimi, bizim hakimiyyətə yönəlik, – siyasi, beynəlxalq və operativ təzyiq, hakimiyyət strukturlarında və parlamentdə olan yüksək səviyyəli agentira vasitəsilə, – xüsusi “məcburetmə” əməliyyatları aparılacaq.
Rusiya bizi nəzarət edilməyən əraziləri muxtar vahid kimi tanımağa məcbur edərək, həm suverenlik, həm də bu regiondan gələ biləcək mümkün təxribatlar baxımından bizim ölkəmizi daimi çəkindirmə vasitəsi əldə edəcək. Birmənalı olaraq elə durum yaranacaq ki, onlar Krımı heç zaman geri qaytarmayacaqlar. Bu məsələ yalnız o zaman qaldırıla bilər ki, beynəlxalq şərait yetişsin, biz güclü oyunçu kimi amerikalılarla, avropalılarla, Çinlə, “19-luq” (Rusiyasız “Böyük 20-lik” – “Apostrof”) ölkələrilə birgə elə şərait yarada bilək ki, bu dövlətləri Rusiyaya, yalnız Ukrayna və Suriyaya münasibətdə beynəlxalq hüququ pozduğuna görə deyil, həm də bütünlükdə dünya nizamını təhdid etdiyinə görə, təzyiq etməyə sövq edə bilək.
Bu, dünyanın Rusiyaya maliyyə, enerji, təhlükəsizlik sferasında, Putinin və ona yaxın oliqarxların şəxsi məsələləri sahəsində təsir edə bilən, bütün qüvvələrinin konsolidasiya olunduğu format olmalıdı. Sadəcə Putini hansısa sanksiyalarla təhdid edərək, ölkədə vəziyyəti tənzimləməyə çağırmaq deyil, məhz bu təsir vasitələrini işə salmaq lazımdır. Bu sanksiyalar qismən təsir edir, lakin həm dünya birliyinin, həm güclü dövlətlərin, həm də bizim dövlətimizin maraqlarından çıxış edərək, daha güclü vasitələri işə salmaq lazımdır.
– Rusiya elitalarının Putinin siyasətindən, o cümlədən sanksiyalara görə narazılığı haqqında danışmağa əsas varmı? Bunun hansı təhlükəsi ola bilər?
– Bizim operativ informasiyalarımıza görə, bu gün Rusiya elitaları arasında Putinin fəaliyyətindən, ilk növbədə çoxlu aktivlərin həbsinə görə passiv narazılıq var. Təqribən 1 trilyon 200 milyard dollar – bu, “Ozero” kooperativinin və xüsusi xidmətlərdən çıxaraq böyük biznesə keçənlərin aktivləridir. Daxili qüvvələrin narazılıq haqqında bəyanları bu gün elə böyük təhdiddir. Regional elitalar, məsələn, Tatarıstanda, güclü aktiv narazılıq bildirir, əyalətlərdə, – harada ki həqiqətən də insanların həyat səviyyəsi həddindən artıq aşağıdır, – bir sıra regional “qaynar nöqtələr” mövcuddur – Uzaq Şərqədək insanlar ayağa qalxırlar.
Ancaq ən başlıcası, Putinin ətrafıdır. Bu mərhələdə biz deyirik ki, bu narazılıq, ola bilər, hələ hər hansı bir partlayışadək böyüməsin, lakin mənfi rəyin formalaşması tamamilə realdır. Və o (Putin- tərc.), iqtisadi, sosial, maliyyə vəziyyətinin həqiqətən mürəkkəbləşdiyi, məsələn SWİFT sisteminin qapandığı mərhələdə bu qrupların dəstəyini itirə bilər, bu isə mümkün sabitsizləşmənin və hakimiyyətin itirilməsinin ilkin şərtləridir. Bu ssenari mümkündür, lakin son informasiyalara görə, bu gün bütün qüvvə və vəsaitlər – maliyyə, inzibati, xüsusi xidmətlər, KİV seçki kampaniyası üçün səfərbər olunub. Ona görə də hələlik heç bir sistem sabitsizliyi gözlənilmir və Putin, təbii ki, udacaq.
Bu səbəbdən biz onun növbəti dəfə prezident olması ilə barışmalıyıq, ancaq Putini bizim şərtlərimizlə, – hansı ki, beynəlxalq hüquqa uyğundur, – Şərqi tərk etməyə məcbur etmək, sonra isə Krım məsələsini qoymaq üçün dünyanın böyük ölkələrilə yeni münasibətlər modeli qurmalıyıq. Ola bilər, söhbət yarımadanın əlahiddə iqtisadi zonaya, Çinin Honkonqda tətbiq elədiyinə oxşar formada, çevrilməsindən getsin. O halda biz öz ərazimizə beynəlxalq strukturlar vasitəsilə nəzarət edəcəyik, sonra – Rusiyada vəziyyətin dəyişməsindən sonra isə Krımı fiziki olaraq da öz dövlətimizə geri qaytaracağıq.
Marina Yevtuşok
“Apostrof”, Ukrayna
strateq.az
Paylaş: