Bu gün Misirdə prezident seçkisi keçirilir.
Seçkinin qalibinin hazırkı prezident Əbdel Fəttah Əl-Sisinin olacağı gözlənilir. Sisinin seçkidə bir rəqibi var. Bu da, namizədliyini irəli sürmədən öncə Sisini dəstəkləyən Musa Mustafa Musadır. Bir neçə digər namizəd ya həbs olunub ya da namizədliklərini geri çəkməyə vadar edilib. Müxalif partiyalar seçkini boykot etməyə çağırıb.
Sisi bazar ertəsi Qahirə yaxınlığında yerləşən Heliopolis şəhərindəki qızlar üçün məktəbdə səs verib. O, heç bir şərh verməyib və seçki işçilərinin əlini sıxaraq, seçki məntəqəsini tərk edib. Seçkilər üç gün davam edəcək. Rəsmi nəticələr aprelin 2-də açıqlanacaq.
Sisinin qalib gələcəyi gözlənilsə də, diqqət seçici fəallığına yönəlib. O, 2013-cü ildə prezident Məhəmməd Morsini devirəndən sonra hakimiyyətə gəlib, 2014-cü ildə keçirilən seçkidə isə səslərin 97 faizini qazanıb.
Paylaş: