İraqın edam edilən prezidenti Səddam Hüseynin sağ əli sayılan müavini İzzət Duri İranın dəstəklədiyi Bağdaddakı hökumətə qarşı müharibə elan edib.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, o, bu müraciəti sosial şəbəkədə paylaşdığı videoda edib.
İraq prezidentinin keçmiş müavini ərəb ölkələrini İranın İraqdakı təsirinə qarşı qoymaq üçün Səudiyyə Ərəbistanının yaratdığı koalisiyaya qatılmağa çağırıb. Hazırda İraqda fəaliyyəti qadağan edilən Səddam Hüseynin BƏƏS Partiyasının yaranmasının 71-ci ildönümü ilə əlaqədar video-müraciətdə İzzət Duri İranın İraq, Yəmən və Suriyanı işğal etdiyini vurğulayıb.
Qeyd edək ki, 2015-ci ilin aprelində İzzət Durinin terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə öldüyü iddia olunurdu. 2006-cı ildə Səddam Hüseyn edam olunduqdan sonra İzzət Duri BƏƏS Partiyasının lideri olub. ABŞ onun barəsində axtarış elan edərək başına 10 milyon dollar pul mükafatı qoymuşdu.
Paylaş: