Xəbər lenti

Əziz Rzazadə

Strateq.az

 

Donald Tramp İranla nüvə sazişinin (JCPAO) qüvvədə qalması əvəzinə, vaxtından əvvəl (mayın 8-də) razılaşmadan çıxdıqda, gözlənilən bu idi ki, Ayətullah Xamnəi vədinə əməl edəcək. O, “ABŞ sazişdən çıxacağı halda, müqaviləni yandıracağam” demişdi, amma ali rəhbərin yerinə nüvə razılaşmasının bir nüsxəsini parlamentdəki prinsipçilər odladılar.

Çoxları indi də Xamnəinin niyə “vədinə xilaf çıxdığını” sorğulayır. Analitiklərin bir qismi bu rəydədir ki, sazişin digər tərəfləri öhdəliklərini yerinə yetirdikcə, Tehran körpüləri bütünlüklə yandırmayacaq.

“Üç Avropa dövlətindən möhkəm zəmanət alınmalıdır”, – deyən Xamnəinin sərt təpkisi, “Cənab Tramp! Siz qələt edirsiniz!” sözləri və nüvə sazişinin aqibəti belə artıq İranın gündəmində arxa plana keçib.

İran Yaxın Şərqə məxsus rəvan həyatını yaşayır və insanlar daha çox siyasətdən uzaq mətləbləri müzakirə edirlər. Gündəlik müşküllər sanki heç yoxmuş kimi, KİV və sosial media Tehranda açılmış 31-ci kitab yarmarkasının “səhifələri”ni müzakirə edir.

Nobel mükafatı almış türk yazıçısı Orhan Pamuk belə dəvətlə İrana gəlib. Mürtəd yazıçı Salman Rüşdinin müdafiəsinə qalxmış Pamuku Tehranda görmək bəlkə də yalnız İrandan kənarda təəccüblü görünür.

Təəccübün daha böyük payını isə Xamnəi toplayıb. İran din xadimləri barədə qəlib təsəvvürləri darmadağın edərək o, kitab qurdu və ədəbiyyat bilicisi kimi sosial medianın gündəmini zəbt edib.

Maykl Vulffun ABŞ prezidentindən bəhs edən “Atəş və Qəzəb” kitabını maraqla səhifələyən İran liderinin fotosu Facebook və Tweeter-də “like” toplamaqda davam edir, habelə aparıcı ABŞ və Avropa KİV-lərinin bugünkü manşetlərinə çıxıb.

Ayətullah Xamnəinin ədəbiyyata və ümumən kitaba marağı çoxdan bilinən həqiqətdir. Onun yaşadığı məkana ayaq basan şəxslərin hamısı İran liderinin zəngin kitabxanasının olduğunu söyləyir (Bax: “Maaş almayan, borcla yaşayan, kitab oxuyan Şərqli lider” (http://strateq.az/manshet/205344/maas-almayan-borlca-yasayan-kitab-oxuyan-s%C9%99rqli-lider.html). 31-ci beynəlxalq kitab yarmarkasında müxtəlif nəşriyyatların stendlərini nəzərdən keçirərkən də mütaliəyə aşinalığını (alışqanlığını) sübut edən Xamnəinin açıqlamaları böyük maraq doğurub.

Ayrı-ayrı vaxtlarda özünün söylədiklərindən məlumdur ki, İran lideri istər milli, istərsə də xarici yazıçılar arasında klassiklərin mütaliəsinə xüsusi üstünlük verir. O, bir dəfə Ceyn Ostinin kitabları hələ fars dilinə tərcümə olunmadan ingilis yazıçısının romanları barədə referatı oxuduğunu etiraf edib. Bundan başqa, fransız nasirlərinin əksərini, o cümlədən Balzak, Viktor Hüqo, Emil Zolya, Romen Rolanın romanlarının tərcümələrinə bələddir. “Qırmızı və qara” (Stendal), “Mahatma Qandi” (Romen Rolan) kitabxanasında xüsusi yer tutur.

Rus ədəbiyyatı ilə tanışlıq Anton Çexovdan başlayıb. Daha sonra Aleksey Tolstoyun əsərlərini mütaliə edib. Onun “Əzablı yollar”ını bəyənən Xamnəi Lev Tolstoyun “Hərb və sülh”ünü bu sıraya qatır. “Aleksey Tolstoy çox güclü qələmi olan yazıçıdır, mən onun əsərlərini oxuduqdan sonra Lev Tolstoyun romanlarına müraciət etmişəm”.

“İslam inqilabına qədər Oktyabr inqilabı tarixin ən möhtəşəm hadisəsi olub”, – deyən Xamnəi Şoloxovun “Sakit Don”unu dünyanın ən yaxşı romanlarından biri hesab edir. Hətta Mixail Bulqakovun “İt ürəyi” də, onun fikrincə, möhtəşəm əsərdir.

Xamnəi rus yazıçıları arasında Maksim Qorkiyə də oxucu rəğbətini gizlətmir.

İran liderinin kitabxanasında Nobel ödüllü Mario Varqas Lyosanın “Keçi bayramı”, Con Steynbekin “Qəzəb salxımları” romanlarından başqa, amerikalı Hovard Fast, rumın yazıçısı Zaxariya Stankunun əsərləri sıralanır.

Kitab yarmarkasında yeni nəşrlər axtararkən, İran lideri milli yazıçı Bozorg Ələvinin “Onun gözləri” kitabını əlinə götürüb və “Bu əsəri 50 il əvvəl oxumuşam” deməklə, stend ətrafında toplaşanların hamısını heyrətləndirib.

Yeri gəlmişkən, Bozorg Ələvi İranda kommunist hərəkatının liderlərindən biri kimi tanınır.

Xamnəi “Qustav Flober… tanış müəlifdir”, – deyərkən də insanlar bir xeyli heyrətlənib. Yeni tərcümə sayılan norveçli Yusteyn Qaardnerin “Sofinin dünyası” romanına marağı da diqqətdən yayınmayıb.

Amma nəşriyyat stendləri önündə bir kitaba diqqəti və özünün söylədikləri xüsusi qeyd olunmalıdır. Bu, 1937-ci ildə Nobel mükafatı almış fransız yazıçısı Marten dü Qarın “Tibo ailəsi” romanı ilə bağlı yaşanan epizoddur:

“Nilufər” nəşriyyatının stendində gördüyü bir kitabla bağlı Ayətullah Xamnəi soruşdu: “Bu, köhnə nəşrdir?” Təsdiqləyici cavabdan sonra dedi ki, tərcüməçi kimdir? Dedilər, Əbülhəsən Nəcəfi. “Əbülhəsən Nəcəfi… Bir neçə il əvvəl cənab Həbibi və bir neçə qocaman ədiblə birlikdə yanıma gəlmişdi. Soruşdum: “Tibo ailəsi”nin tərcüməçisi sizsiz?” Nəcəfi bu romanın adını bilməyimə belə heyrətlənmişdi. Mən romanı, həm də tərcüməni təriflədikdən sonra Nəcəfi təəccüblə soruşdu: “Həqiqətən, o romanın dörd cildini də oxumusuz? O kitabın adını eşitmənizə belə inanmazdım!” Güldüm: “Artıq oxumuş sayıla bilərəm…”Tibo ailəsi” dahiyanə romandır, heyf ki oxuculara az tanışdır”.

 




Ana səhifəyə qayıt        Baxış: 810          Tarix: 12-05-2018, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma