Xəbər lenti

Soli Özel

“Habertürk”, Türkiyə, 11 may 2018-ci il

 

Mövzu xarici siyasət və ya beynəlxalq münasibətlər olduqda, şərhçilər baxımından hər məsələdə lazım olan fakt və anlayışlara sədaqət göstərmək həssaslığını daha da diqqətlə gözləmək lazım gəlir. O səbəblə, ölkəsini getdikcə beynəlxalq hüquqdan kənara çıxaran, mövcud dünya sistemini, bunun nəticələrini düşünməsi və ya anlaması görüntüsünü belə vermədən parça-parça etməyə davam edən ABŞ prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı qərarını düzgün qiymətləndirmək lazımdır.

Tramp sazişi ləğv etməyib. Onsuz da Trampın bu sazişi ləğv etmək haqqı və ya səlahiyyəti yoxdur.

Ölkəsinin etibarını daha da aşağı salan, Qərb ittifaqını yenidən toparlanması çətin olacaq şəkildə sarsıdan, Orta Şərqi, İsrail Baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı çox xoşbəxt etsə də, tam bir alov çəmbərinə soxacaq bu qərar ABŞ-ın altında imzası olan çoxtərəfli bir sazişdən təktərəfli çəkilməsidir.

Tramp dövründə daha öncə Transpasifik Tərəfdaşlıq Sazişindən və Paris İqlim Sazişindən çəkilən ABŞ-ın imzasına beynəlxalq ictimai rəydə etimad və etibar qalmayıb.

Onsuz da gözlənilən olan qərarını açıqlayarkən, ABŞ prezidenti yalan deməkdən, sübut edə bilməyəcəyi iddiaları təkrarlamaqdan, beynəlxalq ictimaiyyətin ağlına istehza etməkdən də çəkinməyib.

2015-ci ildə 6 ölkə tərəfindən imzalanan saziş İranın Orta Şərqdə oynadığı oyunları, bir dövlət olaraq xüsusilə İraq və Suriyada etdiklərini, ölkə daxilindəki sicilini müzakirəyə açmamışdır. Hədəf Orta Şərqdə nüvə silahı yarışmasının əngəllənməsi idi. Və saziş bugünədək bu hədəf yönündə uğurlu da olub. Bu gün sazişin məqsədli olaraq kənarda qoyduğu məsələləri səbəb göstərərək, sazişin həyata keçirilmədiyi yalanını söyləyərək və avropalı imzaçıları sanksiyalarla təhdidlə edilən hərəkət, qısası, quldurluqdur.

Burada ABŞ prezidentinin psixoloji zəiflikləri, təəccübləndirici cəhaləti və məsuliyyətsizliyi haqqında çox artıq söz sərf etməyin də yeri yoxdur. Hadisənin siyasi miqyasına baxdıqda, içindən çıxılması çox çətin olan bir böhranın başladığı aşkardır. Hadisəni daha da problemli edən Trampın ayağına gedərək, sicili xeyli qaranlıq olan “podratçı”dan məsələni yenidən düşünməsini istəyən və sazişdən çıxmaması üçün ona yalvaran avropalıların çarəsizliyidir.

Bu arada Rusiya və Çin, çox güman ki, əllərini ovuşdursalar da, İsrailin Suriyadakı İran hədəflərini vurmasının göstərdiyi kimi, gedərək daha da aydınlaşan ABŞ-İsrail-Səudiyyə Ərəbistanı “çılğın və vecsizlər” oxu hər kəsi odun içinə çəkə bilmə “istedadına” da sahibdir. Korrupsiya ilə bağlı məhkəmə işlərindən başı açılmayan və ABŞ prezidentinin İranla bağlı qərarına birbaşa təsirinın olduğuna inanılan İsrail Baş naziri Benyamin Netanyahunun İran hədəflərini vurduqdan bir gün sonra Moskvaya getməsi bu səbəbdən xeyli mənalıdır.

 

Hadisələr cığırından çıxa bilər

 

Rusiya, Suriya böhranında müttəfiqi olan İranın açıq şəkildə hücuma məruz qalmasından, üstəlik Suriya torpaqlarında, həmən sonra bu ziyarətçini qəbul edərək, yəqin ki, qarşısına bir məqsəd qoymuşdur. İlk ağla gələn Vladimir Putinin bu şəkildə hadisələrin tamamilə nəzarətdən çıxmasını əngəlləyə biləcəyini düşünməsidir. Ancaq bunun reallaşacağının bir təminatı yoxdur. Hadisələr asanlıqla cığırından çıxa bilər.

Moskvanın sinizminin digər bir səbəbi də Tehranla arasında tam mənası ilə bir marağa – qazanca dayanan əməkdaşlıq olmadığından, İranın regiondakı ehtiraslarının məhdudlaşdırılmasının Rusiya baxımından da istənməsi ola bilər. Ancaq İrana qarşı edilən hücumların şiddəti artdıqda səssiz qalacağı halda, Rusiyanın nüfuzu zərər görəcəkdir.

İranla imzalanan nüvə sazişindən ölkəsinin çıxması ilə bağlı Trampın qərarı ABŞ-ın özünü beynəlxalq hüquqa bağlı hiss edən bir dövlət olmamasının ən açıq göstəricisidir. Tramp, bir baxıma, Corc W. Buş hakimiyyətinin 2003-cü ildə etdiyindən də o tərəfə getmişdir. Beynəlxalq sistemi heçə saydığını, NATO ittifaqına və müttəfiqlik hüququna  önəm vermədiyini göstərmişdir. Artıq açıq formada İranda rejim dəyişikliyi tələb etməkdə, bunun üçün müharibəyə girə biləcəyinin mesajını da verməkdədir.

Tramp və yanındakı “qırğılar” sanksiyaların yenidən dövriyyəyə girməsilə İran xalqının rejimi devirəcəyini, ya da İrana yönəlik bir hərbi müdaxilənin xalqı üsyana yönəldəcəyini düşünürsə, deməli, onlar bambaşqa bir kainatda yaşayırlar.

Baş verən bu hadisələrin aydın nəticəsi rejimdəki sərt xətt tərəfdarlarının güclənməsi olacaqdır. Bundan başqa, Səudiyyə Ərəbistanı və İsrailə qarşı  hər hansı bir təcavüzkarlığa gedib-getməyəcəyi isə Tehranda, əlbəttə, hesabı aparılan bir məsələdir.

 




Ana səhifəyə qayıt        Baxış: 421          Tarix: 12-05-2018, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma