Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 12 may 2018-ci il
Vaşinqtonda milli təhlükəsizlik sahəsində işləyən jurnalistləri ən çox məşğul edən mövzu prezident Trampın bir məsələ ilə bağlı qərar verərkən, hansı prinsiplər əsasında hərəkət etməsini və əgər varsa, tətbiq etdiyi strategiyaların əsas prinsiplərini anlayıb dəqiqləşdirməkdir.
Dostlarımızla aramızda olan söhbətlərin dəyişməyən, cavab tapmaqda çətinlik çəkdiyimiz mövzusu budur. Bəzi dostlar ortada bir strategiyanın, bir düçüncənin olmadığı və hər bir qərarın işi şansa buraxmaqla alındığı görüşündədir.
Mən isə, görünüşdə belə olsa da, təməldə mütləq bir idarəçilik anlayışının olduğunu, əgər həqiqətən yoxdursa belə, ABŞ dövləti daxilindəki mövcud nizamın (“dərin dövlət”in – tərc.) təmsilçilərinin belə gözü qapalı və işləri şansa buraxan bir gedişatı qəbul etmələrinin mümkün olmadığını düşünürdüm.
Bu üzdən, ortada heç bir qayda yoxmuş kimi olsa da, Trampın davranışlarına nəzarət edən bir “strategiya dəsti”nin olmasının lazım olduğunu düşünürdüm və bunu tapmaq üçün başımı bir xeyli yordum. Üzərində çox işlədim, insanlarla danışdım və yekunda Trampın idarəçilik fəlsəfəsini anladığımı zənn edirəm.
Xaosdan nizam çıxarmaq
Bunun üçün öncəliklə Trampın daxili siyasətdə etdiklərinə, davranışlarına baxmaq və bunları yaxşıca anlamaq lazımdır. Bir az sonra sizə çatdıracağım məsələləri araşdırdıqda bu nəticəyə gəldim: prezident Tramp xaosdan özü-özünə bir nizam çıxacağını və hər əl atdığı işdə xaos çıxarsa, sonunda nizamı yaxalayacağını düşünür.
Daxili siyasətdə diqqətimi iki başlıca məsələyə cəmlədim:
1. Ağ Evdə baş verənlər. Tramp prezidentlik kreslosuna oturduğu gündən bu yana Ağ Evdə heç cürə nizam yaradıla bilməyib. Normal halda prezidentlər yaxşı işləyən bir Ağ Ev olmadığı təqdirdə, öz işlərini qətiyyən yerinə yetirə bilməzlər. Tramp isə əksinə, nizamsızlıqdan, qaydasızlıqdan, iyerarxiyaların dağılmasından xoşlanır və görünür, hakimiyyətini belə təmin edir. Belə ki, bəlkə, inanmayacaqsınız, amma hər prezidentin mütləq olmasının lazım olduğunu düşündüyü öz qərargahının rəisi (chief of staff) vəzifəsini belə ləğv etməyi düşünür. Yəni, hazırda bu vəzifəni yerinə yetirən Con Kellinin onsuz da vəzifədən azad ediləcəyi haqqında Vaşinqtonda danışılırdı, lakin Tramp sadəcə onu azad etməklə kifayətlənməyib, tarixdə xüsusi qərargah rəisi olmayan ilk prezident də olmaq istəyir.
Vaşinqtonun daxili iş mexanizmlərini yaxşı bilən mənbələr, heç bir prezidentin xüsusi qərargah rəisi olmadan işləməsinin mümkün olmadığını, işlərin getməyəcəyini söyləsələr də, Tramp bunun Ağ Ev daxilindəki xaotik mühiti daha da artıraraq bu durumdan ona bir administrasiya çıxaracağını düşünür.
2. “Stormy Daniels” hadisəsi. Bir fahişəyə vəkili vasitəsilə pul verdiyi ortaya çıxandan bu yana hadisə getdikcə böyüyüb. Tramp müzakirləri nəzarət altına almaq yerinə, elə davranır ki, sanki işlərin daha da böyüməsini təşviq etmək istəyir. Hətta son olaraq komandasına daxil etdiyi Rudolf Culiani vasitəsilə işləri daha da qarışdırmağa başlayıb. Culiani də işləri qarışdırmaq üçün vəzifəyə gəldiyini ağzından qaçırınca, məncə, Trampın xaos yaratma taktikası da açığa çıxmış oldu.
Tramp həm daxildəki və xaricdəki xaosdan zövq alır, həm də xaosu yaradan və qaydaları qoyan özü olduğu təqdirdə, nəticənin də öz xeyrinə olacağını düşünür.
Döyüş rəqsi
Xarici siyasətdə də xaosdan yana olacağının ilk əlamətini prezident olar-olmaz ziyarət etdiyi Səudiyyə Ərəbistanında göstərmişdi. Orada əlinə qılınc alaraq rəqs etmişdi. Yəni, müharibə düşünə biləcəyi ən böyük xaos olduğundan, xaosdan nizam çıxarmaqla idarəetmənin xarici siyasət prinsipi olacağını göstərmişdi.
Son verdiyi İran qərarı da bunun bir başqa nümunəsidir. Bu məsələdə ona verilən yeganə məqbul tövsiyyə “Nüvə sazişində qalaq və sazişin daha da yaxşılaşdırılması üçün çalışaq, əks halda regionda xaos çıxa bilər”olmuşdu. O, təbii ki, məqbul olanı deyil, xaosa aparacaq yolu seçdi.
Ən yaxınına gətirdiyi şəxslər də daima xaosdan yana olan şəxslər olur. Misal üçün, Milli təhlükəsizlik müşaviri Con Bolton, MKİ direktoru Gina Haspel və Xarici işlər naziri Mayk Pompeo…
Xaosdan, təbii ki, bir nizam çıxması mümkün ola bilər, lakin bunun həmişə Trampın istədiyi kimi olub-olmayacağını görəcəyik.
Tərcümə Strateq.az-ındır
Paylaş: