Finlandiyanın paytaxtı Helsinkidə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş başlayıb.
Əvvəlcə dövlət başçıları tərcüməçilərin iştirakı ilə tet-a-tet söhbət edəcəklər. Sonra nümayəndə heyətlərinin iştiraklı ilə danışıqlar aparılacaq.
Əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, Suriya və Ukraynada vəziyyət, eləcə də strateji hücum silahlarının ixtisarı olacaq. D. Tramp Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi məsələsini də qaldıracağını bildirib.
Hər hansı rəsmi sənədin imzalanması gözlənilmir.
Görüşün yekunlarına dair mətbuat konfransı keçiriləcək. (APA)
****
Rusiya prezidenti Putin və ABŞ prezidenti Donald Tramp görüşdən əvvəl mediaya qısa açıqlama ilə çıxış ediblər.
APA-nın Moskva müxbirinin xəbərinə görə, V. Putin amerikalı həmkarı ilə görüşməkdən məmnun olduğunu söyləyib. O, D. Trampla daimi təmaslarının davam etdiyini, telefonla danışdıqlarını və müxtəlif tədbirlər çərçivəsində bir neçə dəfə görüşdüklərini bildirib: “Əlbəttə ki, ikitərəfli münasibətlərimiz və dünyanın müxtəlif ağrılı məsələləri haqqında ətraflı danışmağın vaxtı çatıb, onların sayı kifayət qədər çoxdur”.
D. Tramp isə qeyd edib ki, ABŞ- Rusiya münasibətlərini yaxşılaşdırmaq şansı var: “Bütün dünya ABŞ və Rusiya arasında yaxşı münasibətlərin olmasında maraqlıdır”.
D. Tramp rusiyalı həmkarı ilə ticarət, hərbi məsələlər, nüvə problemi və Çinlə münasibətlər barədə müzakirə aparacaqlarını söyləyib.
Paylaş: