Rusiyanın tanınmış filosofu, məşhur ictimai-dini xadimi Heydər Camalın oğlu, məşhur hərbi jurnalist Orxan Camal və “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) haqda sənədli film çəkmək üçün onunla bərabər Mərkəzi Afrika Respublikasına (MAR) yollanmış rejissor Radçenko və operator Rastorquyev bu ölkədə müəmmalı şəraitdə qətlə yetirilib.
(Yeri gəlmişkən, dünyanın bir neçə ölkəsində qanlı əməliyyatlar aparan “Vaqner” ÖHŞ Rusiya prezidenti Vladimir Putinin yaxın dostu, Rusiyanın tanınmış iş adamı Priqojin tərəfindən yaradılıb və rus mətbuatında onunla bağlı çoxlu qaranlıq faktlar dolaşır.)
Qətl faktı eynilə məşhur müxalif siyasətçi Boris Nemtsovun öldürüldüyü dövrdəki kimi Rusiya cəmiyyətində qızğın və qəzəbli müzakirələr doğurub. Sosial şəbəkələr, internet nəşrləri çatlayır və iştirakçıların əksəriyyəti (jurnalistlər, politoloqlar, ictimai xadimlər) bu qətlin sifarişçisi kimi bir ünvana işarə edirlər – Kremlə.
Orxan Camal Rusiyanın əksər məşhur nəşrlərində və telekanallarında əvəzolunmaz hərbi jurnalist kimi çalışıb və rəsmi Moskvanın siyasi dəsti-xəttini qəbul etməyən müxalif ziyalı kimi yadda qalıb. O, Putininn Ukrayna siyasətini, Krımın ilhaqını qəbul etmir, İsrailə qarşı gedərək Fələstin xalqına daim dəstək verir, dünya müsəlmanlarını sözün geniş mənasında bu yöndə cihada çağırırdı:
“Unutmaq lazım deyil ki, fələstinlilərə fəal dəstəyin belə formatı dindaşların sadəcə həmrəyliyi deyil, məhz dini borcdur, bu məsələdə heç bir könüllülükdən söhbət gedə bilməz və bu xətdən geri çəkilmək günahdır.
Yalnız görüntüdür ki, müsəlmanlarla isriallilərin mübarizəsi haradasa orada, Yaxın Şərqdədir. Əslində, bütün cəbhə boyu mübarizə gedir. Bircə hər yerdə atəş açmırlar. Amma bir sahədə uğur və ya məğlubiyyət qaçılmaz şəkildə hər yerdə təsirini göstərir.
…Borcun dini-qanunvericilik təbiəti var. Fələstinlilər müdafiə cihadı aparır, müsəlman torpaqlarını işğalçılardan qoruyurlar. Buna görə də müdafiə cihadı hansısa müsəlman qrupun deyil, bütün ümmətin, bütün dünya islam birliyinin işidir. …Heç kim cihadda mülklə, sözlə və mentalla iştirakımızı aradan götürməyib. Təkcə əzab çəkən dinc əhaliyə deyil, Fələsətin müqavimətinin özünə vəsait yığmaq vəzifəsi boynumuzda qalır”.
Sözügedən bədnam qətl rus mediasında geniş müzakirə olunur. Həmin materiallardan ikisni Strateq.az-ın oxucularına təqdim edirik.
Maksim Şevçenko
Novaya gazeta, 31.07.2018
Orxan Camal son onilliklərin ən yaxşı hərbi jurnalistlərindən biri, Rusiya jurnalistidir.
O, həmişə cəsur idi. Orxanın başlıca fərqli özəlliyi bundan ibarət idi ki, ümumiyyətlə, vahimə anlayışından xəbərsiz, sadəcə, bu duyğudan məhrum idi. Həmişə təhlükə və təhdid olan yerə gedərdi.
2011-ci ildə Liviyada ağır yaralanmışdı. Onu qurtarmaq üçün avqustun, təxminən, bu günlərində ora getmişdim.
O, 2008-ci ilin avqustunda Gürcüstanda müharibədə həmlə edənlərin zənciri ilə fotoaparatla gedirdi – onlar avtomatla, o isə fotoaparatla gedirdi. Həmin müharibədən reportajlar və sarsıdıcı kitab yazmışdı. Orxan Donbasdakı müharibədən keçmişdi. Başqalarının həlak olduğu bir vaxtda onun hətta bir qədər kişilənərək ölüm və təhlükəyə nifrətlə artilleriya atəşinin altında necə getdiyinin şahidiyəm. Onunla bir yerdə ağır minomyotların atəşi altına düşərkən mən harasa bir qırağa süründüm, dua etdim ki, bu dəhşət sona çatsın, o isə asfaltın üzərində uzanmış və bu partlayışları çəkirdi.
O, iliyinəcən jurnalıist və tamamilə cəsur idi.O, məşhur jurnalist Robert Kapa kimi bu yolla getdi. Və Kapa kimi haradasa müharibədə həlak oldu.
Heydər Camal və oğlu Orxan Camal
Orxan – inişil dekabrda vəfat etmiş filosof, mütəfəkkir və şair Heydər Camalın oğlu, Azərbaycanın məşhur rəssamı Cahid Camalın nəvəsidir. Anası Yelena şairə və mütəfəkkir, görkəmli bir qadın idi. Nənəsi İrina Leonidovna Şapovalova-Amilaxvari peşəkar at minicisi və vəhşi heyvanların təlimçisiydi. Orxan Qarabağ xanlarının ailəsindən, Cavanşirlər nəslindən çıxmışdı. Amma həqiqi mənada moskvalı oğlan idi: Moskvanın mərkəzində doğulmuşdu, gəncliyi Arbat döngələrində keçmişdi. O, parlaq şair, geoloq, paraplanerist, əla həmsöhbət və son dərəcə sadiq, vəfalı dost idi. Dünyada hər şeydən danışa biləcək və mədəniyyət və elm haqda ən xırda ayrıntılarıyla hər şeyi bilən, inanılmaz ensiklopedik zəkayla gözəl bir insan.
Orxan “qara” Afrikanı çox sevirdi və dəfələrlə orada olmuşdu. Somali dəniz quldurları haqda reportaj hazırlamağa getdiyi Somalidə olmuş və yerli həbsxanada bir ay oturmuş, sonra isə orada olduğunu təsvir etmişdi. Bir müddət Keniyada yaşamışdı, gənc olarkən geologiya-kəşfiyyat institutunu bitirəndən sonra Əlcəzairdə işləmişdi. Buna görə də Orxan üçün Afrika o qədər də yad məkan deyildi, yəqin, buna görə uşaqlarla bu ezamiyyətə getmişdi. Amma mən və bir çox dostlarımız onu fikrindən daşındırardıq: “Di sən ora nəyə gedirsən, ora ki periferiyadır…”
Liviyada ağır yaralandıqdan sonra jurnalist işindən bir müddət atıldı və peşəsinə qayıtmağı çox istəyirdi: ona böyük süjetlər və reportajlar gərək idi, buna görə də əsil jurnalist kimi supermövzular arayırdı.
Keçən il Myanmaya getmiş və ona qədər heç kimin olmadığı Rohinca düşərgələrindən qeyri-adi silsilə videoreportajlar hazırlamışdı. Gizlicə ora keçmiş və bu adamların yaşayışını təsvir etmişdi.
O, Qırğızıstanda Oş qırğınının lap episentrinə düşmüş və “Русский Newsweek”-də işləyərkən oradan reportajlar hazırlamışdı.
Əndican üsyanı haqda yazmışdı – hansısa boru vasitəsilə sərhəddən keçmiş, orada olmuş yeganə jurnalist idi.
Bu onun təhlükə, ağrı və ölüm haqda çoxlu mövzularından biriydi. O, həmişə ən qorxulu hadisələrin ortasına düşürdü, çünki onda qorxu yox idi. Onda iti duyum, juranalist duyumu var idi.
Cənubi Qafqazda orduda HDQ-də qulluq etmişdi və budur, 2 avqust – HDQ günündə qətlə yetirilib. Onun bütün həyatı ədəbi süjet və ədəbi əsər idi. Və təəssüf ki, bu həyat sona çatdı.
Orxanın oğlu qalıb. Orxanın ölümü hamımız, doğmaları və yaxınları üçün çox böyük itkidir.
Mixail Koşkin, Oleq Moskvin
vzqlyad.ru, 31.07.2018
MAR-da həlak olmuş jurnalistləri – Camal, Radçenko və Rastorquyevi yaxşı tanıyan adamlar rəsmi versiyaya inanmırlar ki, rusiyalılar qarətçilərin qurbanı olublar. Daha az bayağı versiyalar söylənilir və bu, təəccüblü deyil. Reportyor, rejissor və operator dünyanın ən təhlükəli ölkələrindən birinə, dünyanın nüfuzlu dövlətlərinin maraqlarının kəsişmə xəttinə düşüblər.
…Jurnalistlər mətbuatda “Vaqner qrupu” kimi ad çıxarmış özəl hərbi şirkət haqda sənədli film çəkməyə gəliblər. Film Mixail Xodorkovskinin maliyyələşdirdiyi “Araşdırmaların yönəldilməsi mərkəzi” tərəfindən sifariş edilib.
… Həlak olanların cəsədləri əyalət şəhəri Sibyunun 23 km-liyində aşkarlanıb. Hər şeydən göründüyü üzrə, jurnalistlərin maşınını çərşənbəyə keçən gecə saxta, yaxud həqiqi ordu blokpostunda saxlayıblar. Sağ qalan sürücü – sənədçiləri təyinat yerinə aparan yerli sakin məlumat verib ki, gecəyarısına yaxın onları kolluqdan atəşə tutublar.
… Rusiyalıların həlak olduğu şərait bir yığın suallar doğurur. Birincisi – Camalın qrupu müfahizə ilə təmin edilmişdimi? Rusiya EA Afrika İnstitutu Strateji və kürəsəl araşdırmalar mərkəzinin direktoru Leonid Fituni “Vzqlyad” qəzetinə deyib: “Deyirlər ki, mühafizə olmayıb, amma çətin inanıram ki, ölkədəki durumu bilən jurnalist paytaxtdan qırağa cangüdənsiz yollanıb. Təxmin edə bilərəm ki, hər halda onların yerli güc qurumlarından mühafizəsi olub, amma həmlə anında sadəcə qaçıblar, ya da cinayətkarlara bağlı olublar”.
Afrikaşünas Leonid Fituni bildirib: “Hər şey faydalı qazıntıların – radioaktiv materialların, qızılın, almazın başında dövr edir. Prinsipcə hesab olunur ki, orada neft də var”.
Tərcümə Strateq.az-ındır.
Paylaş: