Xəbər lenti

İsrailin müdafiə naziri deyir ki, İraqdakı şübhəli İran hərbi hədəflərinə hava zərbələri istisna edilmir. Son illər İsrail qonşu Suriyada İran obyektlərinə zərbələr endirib.

“Suriyada baş verənləri izləyirik və İran təhdidləri ilə bağlı özümüzü yalnız Suriya ərazisinəməhdudlaşdırmırıq. Bu, aydın şəkildə bilinməlidir”, – müdafiə naziri Avigdor Lieberman sentyabrın 3-də Yerusəlimdə mətbuat konfransında deyib. Bu bəyanatdan öncə “Reuters” yazmışdı ki, İran bu yaxınlarda İraqdakı şiə yaraqlılara yaxınmənzilli ballistik raketlər göndərib.

“Biz İrandan gələn istənilən təhdidlə mübarizə aparacağıq, hardan gəlirsə, gəlsin. İsrailin azadlığı mütləqdir. Biz hərəkət azadlığını saxlayırıq”, – Lieberman vurğulayıb.

İran, İraq hökumətlərindən, İraqda Birləşmiş Ştatların hərbi əməliyyatlarına nəzarət edən, Vaşinqtonda yerləşən ABŞ Mərkəzi Komandanlığından bu açıqlamaya, hələlik, reaksiya verilməyib.

İsrailin “1-ci Kanal” televiziyasının son həftələr verdiyi xəbərə görə, Birləşmiş Ştatlar İsraildən İraq ərazisinə hücum etməməyi xahiş edib.

ABŞ dövlət katibi Mayk Pompeo sentyabrın 1-də bildirib ki, “Reuters”in İran raketlərinin İraqa daşınması barədə yazdığından “dərindən narahat”dır. Tehranla Bağdad isə bu məlumatı təkzib edib.

Pompeo tvitində yazıb ki, bu həqiqətdirsə, İraqın suverenliyinin və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin kobud şəkildə pozulması demək olar. Həmin qətnamə İranla 2015-ci ildə imzalanmış nüvə sazişini qüvvəyə mindirib.

Tramp administrasiyası mayda sazişdən çıxdığını elan edib, əsas kimi də İranın ballistik raket layihələrini göstərib.

İsrail 2013-cü ildən Suriyaya hava zərbələri endirir, əsas hədəf kimi İran və onun livanlı müttəfiqi, Hizballah yaraqlı şiə qruplaşmasının şübhəli silah transferləri göstərilib.

Həmin hücumda onlarla iranlı və ona müttəfiq döyüşçülərin həlak olduğu bildirilir. Dəməşqin ən böyük müttəfiqi olan Rusiya isə bu zərbələri əsasən gözardı edib.

“Reuters” yazıb ki, İsrailin Suriyadakı hərbi əməliyyatları burada hərbi əməliyyatlar aparan digər “ölkələr”lə koordinasiya olunub.

Bir qərbli diplomatın “Reuters”ə deməsinə görə, bu koordinasiya nəticəsində İsrail Suriyada “azad hərəkət” edib, ancaq İraqda hər hansı hərbi addım atmayacağı gözlənirdi. Birləşmiş Ştatlar İraq hökumətinə sabitliyin bərqərar olmasında yardım göstərir. Ötən il İslam Dövləti silahlı qruplaşması İraqdakı əsas məkanlarından çıxarılıb.

İsraillə İraq texniki baxımdan müharibə şəraitindədirlər, amma on illərdir bir-birinə atəş açmayıblar.

1981-ci ildə İsrailin hava qüvvələri Bağdad yaxınlığında İraqın nüvə reaktorunu dağıdıb. 1991-ci ilin Körfəz Müharibəsi zamanı İraq İsrailə onlarla Scud raketi atıb. İsrailsə buna cavab verməyib, Birləşmiş Ştatların Səddama qarşı ərəb koalisiyasını qoruyub saxlamaq cəhdlərini nəzərə alıb.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 510          Tarix: 4-09-2018, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma