ABŞ dövlət katibi Maykl Pompeo Birləşmiş Ştatların Çinlə ticarət müharibəsində qələbəyə nail olacağına söz verib. Pompeo bu açıqlamaları Tramp administrasiyasının Çindən idxal edilən mallara tətbiq etdiyi yeni tariflərin bazar ertəsi qüvvəyə minməsindən bir gün öncə “Fox” telekanalına müsahibəsi zamanı verib.
“Biz Çini özünü qlobal, dünya qüdrəti olmaq istəyən bir dövlət kimi, intellektual mülkiyyəti oğurlamayan bir dövlət kimi aparmağa məcbur edən bir nəticə əldə edəcəyik”-deyə ABŞ dövlət katibi bildirib.
Tramp administrasiyası Çindən idxal edilən mallara tariflərin tətbiq edilməsinin Pekini Birləşmiş Ştatlarla ticarəti daha əlverişli şərtlər əsasında aparmağa vadar edəcəyini bildirir.
Vaşinqton Çindən kiber oğurluq praktikasına son qoymaq da daxil olmaqla, Amerikanın intellektual mülkiyyətinin daha yaxşı müdafiə etməsini tələb edir. Tramp administrasiyası həmçinin Çini ABŞ şirkətlərinə ölkənin bazarlarına daha geniş çıxış imkanları verməyə və ABŞ-la ticarət balansında müsbət saldonu azaltmağa çağırıb.
Keçən həftə Birləşmiş Ştatlar Çindən daha 200 milyard dollar dəyərində mallara sentyabrın 24-dən yeni rüsumların tətbiq edilməsi haqda qərar verib. Çin buna cavab olaraq, ABŞ-dan 60 milyard dollarlıq məhsulları tarif siyahısına əlavə edib.
Bundan öncə Birləşmiş Ştatlar Çindən 50 milyard dollar dəyərində mallara tarif tətbiq edib. Çin buna eyni dəyərdə ABŞ mallarına tarif qoymaqla cavab verib.
Prezident Tramp bu ayın əvvəli Çindən daha əlavə 267 milyard dollar dəyərində mallara da tarif tətbiq edilə biləcəyi ilə hədələyib. Bu isə Çinin ABŞ-a idxal etdyi malların demək olar hamısını əhatə edir.
(Amerikanın səsi)
Paylaş: