Xəbər lenti

Daniel Bayman

“Brookings” (ABŞ)

 

Söhbət Suriyada regional təhlükəsizlikdən getdikdə, İsrailin bəxti gətirməyib. Suriya – oyunda ən son və ən pis kartdır. Bir tərəfdən, Bəşər Əsəd rejimi zəifləyib, eyni zamanda, keçmişdə İsraillə olan ərazi mübahisələri və münaqişələri unudulmayıb və o, həmişə düşmən olduğunu isbatlayıb. Digər tərəfdən, İran və “Hizbullah” Suriyanın qeyri-sabitliyini istismar edir və israillilər bu ölkədə İranın artan təsiri və onun İsrailə hücumları üçün yeni meydan, əslində, yeni Livan ola biləcəyindən ehtiyatlanırlar. Yəhudi analitiki Ehud Yaari artıq Suriyada İsraililə İran arasında müharibə riskini “labüd” deyə təsvir edir.

Son vaxtlar risklər daha da artıb. Rusiya kimi böyük güc Suriyaya müdaxilə edib və Moskva Əsəd rejimini “S-300” kimi hava hücumundan müdafiə sistemi ilə təmin edib, İsrailin bölgədəki fəaliyyət azadlığı məhdudlaşıb. Tramp administrasiyası yaxın zamanda açıqlayıb ki, ABŞ qüvvələri İranın nüfuzuna müqavimət üçün Suriyada qalacaq.

İsrailin kəşfiyyat xidmətləri Suriyanı çoxdan öyrənib və bu ölkə ilə bağlı yaxşı məlumatlıdır. Son onilliklərdə o, Suriyadakı qüvvələrə öz bazalarından ani zərbə vura biləcəyini göstərib: İsrail ordusu 2007-ci ildə Suriyada nüvə obyektini dağıdıb, “Hizbullah”çı İmad Muğniyətək neçə-neçə terrorçuya dəfələrlə hücum edib və onlardan gələn təhlükəni məhdudlaşdırıb.

2011-ci ildə üsyan və daha sonra vətəndaş müharibəsi baş verdikdə, İsrail daha açıq müdaxilədən çəkinib, daha çox zərər verə biləcəyinə inandığından Suriyadakı oyuna qoşulmayıb, uzun müddətli düşmənlərinə – İran və Livan “Hizbullah”ına yönəlmiş məhdud müdaxilələri icra edib.

Tehran Suriya rejimini strateji müttəfiq hesab edir və vətəndaş müharibəsinin ilk illərində, rejimin süquta yaxınlaşdığı dövrdə bir neçə min İnqilab Keşikçisini (İİKK) oraya göndərib. Ancaq böyük itkilərdən qorxaraq, müharibənin başlanğıc illərindən sonra İİKK-nin rolu məhdudlaşdırılıb.

May ayında İsrail kəşfiyyat rəsmiləri İranın Suriyada 2 mindən çox İİKK qüvvəsi, 8 min “Hizbullah” üzvü, Pakistan, İraq və Əfqanıstandan olan 10 min şiə döyüşçüsü olduğunu iddia edib.

Münaqişə zamanı İsrail, Livan “Hizbullah”ına qabaqcıl silahların Suriyadan axınını dayandırmaq və İran, “Hizbullah” qoşunlarını Colan Təpələri boyunca sərhəddən uzaq saxlamaq üçün hərbi həmlələr və diplomatiyadan istifadə edib. “Hizbullah” anbarlarına gedən silahlara, İran silah istehsal təsislərinə yönəlik hücumlar, Suriyada İİKK və “Hizbullah” zabitlərinin qətlə yetirilməsi, İran dronunun vurulması daxil olmaqla, 100-dən çox hava hücumu olub (İsrail də suriyalıları humanitar yardım, o cümlədən sərhəd ərazilərə ərzaq və təchizat tədarükü, İsrail xəstəxanalarında təcili tibbi yardım göstərilməsi ilə təmin edib, lakin Suriyada sərhəd nəzarəti bərpa olunduqdan sonra bu proqram dayandırılıb).

Bununla bərabər, İsrailin strateji hesablamaları dəyişir, çünki Əsəd rejimi sabit qalır və İranın Suriyada rolu genişlənir. İsrailin müdafiə naziri iyul ayında xəbərdarlıq edib: “Biz Suriyada hər hansı bir İran varlığını qəbul etməyə hazır deyilik”. Suriyada mövcudluğu halında, İran İsrail üçün təhdidi və Livan “Hizbullah”ı yaxın müttəfiqinə dəstəyi artırmağı bacarır.

İsraillilər İrandan İraqa və Suriyaya keçən, Tehranın idarə etdiyi quru “körpü”dən narahatdırlar. Suriyadan İranın hərbi təcavüzünün qarşısını alaraq (bu qayğını Səudiyyə Ərəbistanı, BƏƏ və digər rəqiblər də bölüşür), İsrail Livandakı səhvi aradan qaldırmağa qətiyyətlidir.

Suriya rejimi öz mövqeyini möhkəmləndirdiyi kimi, Tehran da möhkəmləndirib. Tehran Suriyada bazalara malikdir və orada silah fabrikləri tikir. Vətəndaş müharibəsi zəifləsə də, Suriya rejimi hələ də iki ayağı üstündə dayana bilmir. Amma Suriya qüvvələri 2018-ci ilin iyul ayında Colan Təpələrindəki sərhədə yaxın Dəraa bölgəsini geri aldıqda, yalnız Rusiya deyil, İran və Livan “Hizbullah”ı ilə də tərəfdaşlıq ediblər.

ABŞ-ın keçmiş səfiri Ceyms Cefri ötən ilin oktyabr ayında bildirib ki, ABŞ – Yaxın Şərqin bir çox hissəsində hava məkanı, İran – quru əraziyə nəzarət edir.

2018-ci ilin mayında iranlı qüvvələr Suriyadan İsrailin nəzarətdə olan Colan Təpələrini atəşə tutub. Ancaq İsrail təyyarələri Şamın yaxınlığında yerləşən raket platformasını məhv edib. İran və “Hizbullah” gərginliyi artırmanın uduzulan oyun olduğunu anlayıb. Məsələn, Dəraada Əsəd rejimi hücumuna kömək edərkən, “Hizbullah” döyüşçülərinin sayını məhdudlaşdırıb və onların varlığı çox da gözə dəyməyib.

Suriya, İran və İsraillə yaxşı münasibətlər quran yeganə dövlət kimi, Rusiya Suriyada mühüm rol oynayır. Netanyahu hökuməti Moskva ilə normal əlaqələri qorumağa çalışır, Putindən düşmənlərini çəkindirməyi tələb edir. İndi Rusiya həm İran, həm də İsraili sakitləşdirməyə cəhd göstərir. Rusiya, həmçinin İranı İsrail sərhədindən 85 kilometr uzaqda saxlamaq üçün müqavilə bağlayıb.

2018-ci ilin sentyabrında İsrailin hava hücumunda Rusiya təyyarəsi qəzaya uğradığı üçün Rusiya İsraili günahlandırıb. Bu, “S-300” razılaşmasının elan edilməsinə səbəb olub və Təl-Əvivlə Moskva arasında daha çox düşmən münasibətin yaranması mümkündür.

Hazırda İsrailin basqınları və müdafiə sistemləri İran təhdidini məhdudlaşdırır, lakin Suriyanın İsrailə təhlükə yaratmaq üçün əlverişli vektor olduğunu nəzərə alaraq, bunun nə qədər davam edəcəyi aydın deyil.

İran digər teatrlarda da böyüyə bilər. Misal üçün, İranın Yəməndəki husilərlə əlaqələri İsrailin Qırmızı dənizdə fəaliyyətini hədəfləyir.

İsrail Suriyada sabit və cəzalandırıcı vəziyyət yaratmalıdır. Bu, İsrailin, İran və Rusiya da daxil olmaqla, bütün aktyorlara aydınlıq gətirəcəyi və pozulduğu təqdirdə, güclü hərəkət etməsini nəzərdə tutan “qırmızı xətlər”ini şəffaflaşdırır. Uzunmüddətli hədəf Suriya ilə İranın arasını vurmaqdır; Suriya başa düşməlidir ki, İranın çox təcavüzkar olduğu təqdirdə, hesabı Şam ödəyəcək. Gec-tez Əsəd Suriyaya tam nəzarətini bərpa edəcək və bu, İranın hökmranlığından müstəqillik əldə etməsi ilə mümkündür.

Vaşinqton da Suriyanı sabitləşdirməyə çalışsa, bu, regional sabitlik qaynağı ola bilər. ABŞ İsrailin “qırmızı xətlər”ini dəstəkləməlidir, Livana və Suriyadakı sərhəddə İsrailə yardım etmək üçün əlavə raket hücumundan müdafiə sistemləri və texnologiyalar köçürə bilər.

Ancaq ümumiyyətlə, vəziyyət qeyri-sabit qalacaq: Tramp administrasiyası bölgəyə cəlb olunmaq üçün çox az iş görür, İran isə İsrailin sərhədlərini sınaqdan keçirir və ehtimal ki, daha sabit və çəkindirici durum üçün illər lazım olacaq.

Tərcümə: Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 361          Tarix: 8-10-2018, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma