Xəbər lenti

Rusiyanın müstəqil “Novaya Qazeta” nəşri Rusiya biznesmeni Yevgeni Priqojinin təhlükəsizlik üzrə müşaviri olduğunu iddia edən şəxsə istinadən yazıb ki, “Putinin aşbazı” kimi tanınan biznesmen öz opponentlərinə qarşı bir neçə hücum təşkil edib və bunlardan, ən azı, biri qətllə nəticələnib.

Vladimir Putinin ziyafət və qəbullarında iaşə xidmətləri göstərən Priqojinə qarşıABŞ müstəntiqləri tərəfindən cinayət işi qaldırılıb. Onlar biznesmeni 2016-cı il ABŞ-dakı seçkilərə müdaxilədə ittiham edirlər.

ABŞ Priqojini habelə Ukraynanın şərqindəki Moskvayönlü separatçılara dəstəkdə günahlandırır.

“Novaya Qazeta”-nın müxbiri Denis Korotkovun Priqojin barədə məqaləsi oktyabrın 22-də dərc olunub. Bundan iki həftə əvvəl həmin jurnalistin evinə naməlum şəxslər tərəfindən qəbiristanlıq əklili göndərilib və ona yazılmış kağızda jurnalist öz ölkəsinə xəyanətdə ittiham olunub.

Naməlum şəxslər habelə ötən həftə qəzetin redaksiyasına içində qoyun kəlləsi və qərənfil olan səbət göndəriblər. Səbətin içindəki kağızda “Novaya Qazeta”-nın redaktoruna və Korotkova” yazılıb.

2000-ci ildən bəri 5 əməkdaşı peşə fəaliyyəti ilə bağlı öldürülmüş “Novaya Qazeta” yazır ki, Rusiya hakimiyyəti Korotkova qarşı təhdid və böhtan kampaniyası aparır. Qəzet yazır ki, hakimiyyət Korotkovu Suriyadakı Rusiya pilotları barədə məlumatları dərc etməklə hərbçilərin həyatını təhlükəyə atmaqda günahlandırır.

Korotkovun oktyabrın 22-də dərc olunmuş məqaləsi Priqojinin mühafizəsində çalışdığını iddia edən keçmiş məhkum Valeri Amelçenko ilə bir neçə müsahibə üzərində qurulub.

Korotkov Amelçenkoya istinadən yazır ki, o, şəxsən özü Priqojinin bir neçə opponentinə qarşı hücumlar təşkil edib və bu hücumlardan birində Rusiyanın şimali-qərbində yaşayan bir blogger qətlə yetirilib.

Qəzetin iddiasına görə, Amelçenko müxbirə deyib ki, 2017-ci ildə Prixozinin bir neçə adamı Suriyaya səfər edərək orada prezident Əsədə dəstək verməyənlərin zəhərlənməsi üçün hansısa kimyəvi maddəni sınaqdan çıxarıb. “Novaya Qazeta” bu barədə məlumatı daha iki mənbədən aldığını yazır.

Amelçenko oktyabrın 2-də Korotkovla görüşəndən az sonra yoxa çıxıb. Jurnalist yazır ki, o izləndiyini deyirdi.

Korotkov bunu da yazır ki, ona Amelçenkonun telefonundan zəng gəlib və o daha sonra Amelçenkonun evinə gedəndə orada iki mobil telefon və onun ayaqqabılarından başqa heç nə tapmayıb. Amelçenko hazırda Rusiya polisinin itkinlər siyahısındadır.

Pirqojinin Sankt-Peterburqdakı İnternet Araşdırmaları Mərkəzini maliyyələşdirdiyi düşünülür. Bu mərkəzə həm də Kremlin “troll fabriki” deyirlər.

ABŞ 2016-cı ilin dekabrından Priqojini sanksiya siyahısına salıb.

Priqojinin cangüdənlərindən bir başqası – Oleq Simonov müxalifət lideri Aleksey Navalnının vəkilinin ərinə hücum və ona zəhər iynəsi vurmaqda şübhəli bilinir. Simonov 2017-ci ildə müəmmalı şəraitdə ölüb.

Rusiya və Qərb mediası habelə Priqojinin adını özəl hərbi şirkət olan “Vaqner” firması ilə bağlayır. Bu firmanın Suriya və şərqi Ukraynada döyüşmək üçün muzdlu əsgərlər hazırladığı bildirilir.

Putinin sözçüsü Dmitri Peskov oktyabrın 22-də Priqojin haqqında məqaləni gördüyünü, lakin orada yazılanların səlahiyyətli orqanlar tərəfindən təsdiqlənmədiyini bildirib.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 446          Tarix: 23-10-2018, 13:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma