Sərdar TURQUT
“Habertürk”ün Vaşinqton təmsilçisi
ABŞ-ın siyasi sistemində Prezident, təbii ki, çox güclüdür, lakin Konqresi, xüsusilə də onun bəzi komissiyalarını yanına ala bilməzsə, o gücünü xeyli itirər. Hətta Konqres istəsə, bəzi hallarda Prezidentə o gücdən istifadə etməyə imkan verməyə də bilər.
Aralıq seçkilərdən öncə Konqresin hər iki palatasında da, yəni həm Nümayəndələr Palatasında, həm də Senatda Respublikaçılar Partiyası hakim mövqedə idi. Beləliklə, bütün komitələrə Trampın partiyası nəzarət edirdi.
Ancaq aralıq seçkilərdən sonra bu mənzərə dəyişdi. İndi Nümayəndələr Palatasında Demokrat Partiyası hakim mövqedədir, yəni Nümayəndələr Palatasının bütün əsas komitələrinin rəhbərliyi Demokrat Partiyasına keçib.
Bəli, xarici siyasətdə bəzi dəyişikliklər olacaq
Seçki nəticələri gəlməyə başladıqdan bu yana hamının ağlında belə bir sual yaranıb: Görəsən, bu yeni durum ABŞ-ın Türkiyəyə və regionumuza yönəlik siyasətinə təsir edəcəkmi?
Həlledici sual budur. Mən həmən cavab verim: bəli, ABŞ-ın regionumuza yönəlik siyasətində bəzi dəyişikliklər görməyə başlayacağımız qətidir.
Demokrat Partiyası ələ keçirməyə başladığı həlledici komitələrdən və Konqresin qanunvericilik gücündən istifadə edərək, buna nail olacaq.
Gəlin, indi də bunun praktikada hansı mənaya gələcəyinə bir-bir baxaq:
1. Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin sədri bugünədək respublikaçı Ed Roys idi. O, indi təqaüdə çıxmağa hazırlaşır. Respublikaçılar Partiyasının Türkiyə əleyhinə çıxışlar etməsi və Misir prezidenti Sisini müdafiə etməsilə tanınan nümayəndəsi Dana Rorabaksersə aralıq seçkilərdə uduzdu. Beləliklə, bu həlledici komitədə Respublikaçılar Partiyasının çox sayda təcrübəli üzvü qalmayıb. Onların yerini həmin partiyadan olan Kris Smit doldurmağa çalışacaq.
Eliot Enqel
Bu komitənin yeni sədri Demokrat Partiyasının Nyu-Yorkdan olan millət vəkili Eliot Enqel olacaq. Enqel, Trampın Orta Şərq siyasətinə daha ciddi nəzarət olunmasının lazım olduğunu düşünür. Xüsusilə də, Səudiyyə Ərəbistanı ilə qurulan əlaqələrin təcili olaraq araşdırılmasının vacib olduğunu söyləyir.
Enqel, ABŞ-ın İranla imzalanmış nüvə sazişindən çıxmasına da qarşıdır və komitə sədri olaraq bu məsələləri gündəliyə gətirərək, iqtidarı öz siyasətində bəzi dəyişikliklər etməyə məcbur edə biləcək.
Adam Smit
2. Nümayəndələr Palatasının Hərbi işlər komitəsinin yeni sədri olan demokrat Adam Smit, ABŞ-ın xaricdə çox hərbi əməliyyat aparmasına qarşıdır. Amerikanın Yəməndə Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etməsini də sərt tənqid edir. Suriyada İrana qarşı ABŞ-ın hərbi gücündən istifadə edilməsinin düşünülməsini də istəmir.
Nita Louey
3. Nümayəndələr Palatasının Maliyyələşdirmə komitəsinin yeni sədri demokrat Nita Louey Tramp administrasiyasının ABŞ-ın Suriya və Fələstinə etməkdə olduğu humanitar yardımı kəsməklə bağlı qərarını dəyişdirmək məsələsində qərarlıdır. Yeni komitə sədri 200 milyon dollarlıq ödəniş haqqında təkrarən qərar çıxarmaq istəyəcək.
Elijah Kaminqs
4. Nümayəndələr Palatasının Nəzarət komitəsinə – əsas vəzifəsi hakimiyyətin bütün qurumlarına siyasi baxımdan nəzarət etmək olan bu çox güclü komitəyə rəhbərlik də demokratlara keçir. Bu komitədən razılıq almadan, iqtidarın bəzi irqçi ritorikalarını davam etdirə bilməsi mümkün deyil. Bu razılığı da artıq ala bilməyəcəkləri qətidir. Üstəlik, yeni komitə sədri Elijah Kaminqs adlı Afrika əsilli demokrat amerikalıdır.
5. Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinin yeni sədri qatı Tramp əleyhdarı bir siyasətçi olan demokrat David Nunesdir. Bu səbəblə, yeni dövrdə bu komitənin çox aktiv olması və Trampla bağlı bir çox yeni təhqiqat başlatması gözlənilməlidir.
Tərcümə Strateq.az-ındır
Paylaş: