Ermənistanda dekabrın 9-da keçiriləcək parlamentə növbədənkənar seçkidə iştirakdan ötrü on bir siyasi partiya və alyans sənədlərini təqdim edib.
Mərkəzi Seçki Komissiyasına (MSK) sənəd verməkdən ötrü 14 noyabr son tarix qoyulmuşdu. Partiyaların qeydiyyatı prosesi isə noyabrın 19-na qədər davam edəcək. Seçki kampaniyası noyabrın 26-dan dekabrın 7-dək çəkəcək, 8 dekabr sükut günü olacaq.
Baş nazirin vəzifələrini icra edən Nikol Paşinyan parlamentin buraxılması və növbədənkənar seçki keçirilməsi üçün oktyabrda bu postdan getdiyini elan etdi. Yeni parlament və baş nazir seçilənədək o, baş nazir əvəzidir. Paşinyanın bloku Yerevanda mer seçkisində qələbə çalandan sonra o, parlamentdə çoxluğa sahib Respublikaçı Partiyasını (HHK) məğlub etmək məqsədilə erkən seçki keçirməyə çağırıb.
Onun “Mənim Addımım” alyansına hazırkı hökumətin üzvləri, ötən yaz dinc küçə etirazları nəticəsində hakimiyyətə gəlmiş hərəkatın tərəfdarları daxildir. Keçmiş hakim HHK-nın namizəd siyahısına keçmiş müdafiə naziri Vigen Sarkisyan rəhbərlik edir.
Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sarkisyan isə namizədlər içində deyil, kampaniya da aparmayacaq. O, aprel və may aylarında çoxlarının “məxməri” adlandırdığı inqilab nəticəsində devrilib, Paşinyan hakimiyyətə gəlib.
Vigen Sarkisyan deyib ki, HHK-nın məqsədi seçkidə ikinci olmaqdır, çünki indi Ermənistanın yeganə həqiqi müxalifət qüvvəsidir.
Paşinyan və müttəfiqləri isə HHK-nın parlamentdə hər hansı yer qazana biləcəyinə şübhə etdiklərini deyiblər.
Maqnat Qagik Tsarukyanın rəhbərlik etdiyi Firavan Ermənistan Partiyası da seçkiyə gedir.
Yeni yaradılmış Sasna Tsrer Ümum-Ermənistan Partiyasının siyahısının başında Varuzhan Avetisyan durur. O, 2016-cı ilin iyulunda Yerevanda polis şöbəsini iki həftə ərzində tutmuş silahlı qruplaşmanın liderlərindən biridir. Onda qruplaşma hökumətə siyasi tələblər irəli sürmüşdü. Avetisyan və qruplaşmanın digər üzvləri o zaman saxlandı, sonradan buraxıldı. Ölkənin yeni administrasiyası isə onlara amnistiya verdi. Qruplaşma silahlı mübarizəni dayandırmağı vəd edir, siyasi prosesə qoşulacağını deyir.
Sənədlərini təqdim etmiş digər partiyalar deputat, Paşinyanın keçmiş müttəfiqi Edmon Marukyanın rəhbərlik etdiyi Parlaq Ermənistan; Ermənistan İnqilab Federasiyası (Dashnaktsutyun); Orinats Yerkir Partiyası; Hanrapetutyun (Respublika) və Azad Demokratlar partiyalarının “Biz” alyansıdır.
Az tanınan daha üç partiya – Xristian-Demokratik Yeni Yaranış Partiyası; Milli Proqres Partiyası və Vətəndaşların Qərarı Sosial Demokratik Partiya da qeydiyyatdan keçib.
(azadliq.org)
Paylaş: