“İranın raket proqramı müdafiə xarakteri daşıyır və müzakirə mövzusu ola bilməz”.
Strateq.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi ABŞ-ın dövlət katibi Maykl Pompeonun bəyanatına cavab olaraq deyib.
Dekabrın 1-də İran uzaq hədəfləri vurmaq imkanına malik olan raketini sınaqdan keçirib ki, bu da ABŞ-la onsuzda gərgin olan münasibətləri daha da gərginləşdirib və qarşılıqlı bəyanatların səsləndirilməsinə səbəb olub. Raket sınağı ilə bağlı M.Pompeo bəyan edib ki, İran beynəlxalq qanunları, o cümlədən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarına məhəl qoymayıb. ABŞ-ın dövlət katibi vurğulayıb ki, İran raket proqramını təcili olaraq dayandırmalıdır. Bu bəyanat rəsmi Tehran tərəfindən kəskin etirazla qarşılanıb. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurası heç vaxt İranın raket proqramı haqqında qərar qəbul etməyib. Konkret olaraq M.Pompeonun qeyd etdiyi 2231 saylı qərar isə nüvə proqramına aiddir. Bu qərarı isə İran yerinə yetirib. İranın üzərinə düşdüyü öhdəliyi yerinə yetirməsini isə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dəfələrlə təsdiq edib.
M.Pompeonun bəyanatına İranın xarici işlər naziri M.C.Zərif də münasibət bildirib. O ironik tərzdə nəzərə çatdırıb ki, rəsmi Vaşinqton BMT-nin də tanıdığı nüvə razılaşmasıdan birtərəfli qaydada çıxaraq beynəlxalq qanunları pozduğu halda İranı ittiham etməsi gülməlidir.
İranın Silahlı Qüvvələrinin generalları isə bəyan ediblər ki, raket proqramı daha da inkişaf etdiriləcək.
Yerli mətbuat qeyd edir ki, ABŞ-ın absurd ittihamları İran ictimaiyyətinə psixoloji təsir göstərməkdən ibarətdir. Digər tərəfdən isə ABŞ dünya ictimaiyyətini aldatmağa və onu İrana qarşı yönəltməyə çalışır. Psixoloji gərginlik cəmiyyətdə mənfi tendensiyaların yaranmasına səbəb olur. ABŞ heç bir fakt göstərmədən irəli sürdüyü əsassız ittihamlarla cəmiyyəti hakimiyyətə qarşı yönəltməyə çalışır. İş o yerə çatıb ki, rəsmi Vaşinqton bölgədə radikal islamçı qruplaşmalara qarşı mübarizənin önündə dayanan İranı “Taliban” hərəkatına silah verməkdə də ittiham edir. Lakin “Taliban” hərəkatının nümayəndəsi Yusif Əhməd İrandan əvvəl bəyan edib ki, onun təmsil etdiyi hərəkat heç vaxt İrandan silah almayıb.
İran parlamenti sədrinin müşaviri Əmir Abdullahiyan “Tehran Times” qəzetinə verdiyi müsahibəsinə maraqlı məqamlara toxunub. O qeyd edib ki, xarici işlər nazirinin müavini işlədiyi dövrdə İran İslam İnqilabının Keşikçiləri Korpusunun generalı Qasım Süleymanı İraqda və Suriyada əldə etdiyi sənədləri nazirliyə təqdim etmişdi. Səndlərin arasında foto və videolar da var idi. Bu sənədlərdən aydın bəlli olurdu ki, ABŞ generalları gizli şəkildə Suriya və İraqa gələrək İŞİD-in rəhbərləri ilə görüşür və onlara təlimatlar verirlər. Həmin dövrdə nazir M.C.Zərif ABŞ dövlət katibi Con Kerri ilə görüşlər keçirirdi ki, nüvə razılaşması əldə edilsin.
Mətbuat iddia edir ki, İran ABŞ-ın İŞİD-i himayə etməsini tam sübut etdikdən sonra Ağ evin o zamanki rəhbərləri məcburiyyət qarşısında qalaraq nüvə razılaşmasını imzalayıblar.
Göründüyü kimi, ABŞ bütün vasitələrdən istifadə edərək İranı Yaxın Şərq regionundan sıxışdırıb çıxarmağa çalışsa da, buna nail ola bilmir. İran isə öz siyasi ambisiyalarından geri çəkilənə oxşamır. Bu dövlətlərin geosiyasi mübarizəsinin nə ilə nəticələnəcəyini isə zaman göstərəcək.
Paylaş: