Üç vətəndaşının İranda həbs edilməsi barədə xəbərləri Avstraliyanın Xarici İşlər Nazirliyi təsdiq edib.
Ovqat.com GünAz TV-yə istinadən xəbər verir ki, bir neçə gün öncə Avstraliya mətbuatında 2-si qadın, 1-i kişi olmaqla, 3 vətəndaşın İrana etdikləri səfər zamanı bu ölkənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanması barədə məlumatlar yayılmışdı.
Avstraliyanın XİN xəbəri təsdiqləyib və daha çox açıqlama verməyib. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, saxlanılan vətəndaşların ailələrinə konsul xidməti göstərilib.
Saxlanılan qadınlardan biri İngiltərənin Kembric Universitetinin tələbəsidir. Digər qadın isə turistik bölgələr haqqında materiallar hazırlayan bloqqerdir və o, öz sevgilisi ilə Asiya turuna çıxıbmış.
Hər iki qadının Britaniya vətəndaşlığı da var, kişi isə yalnız Avstraliya vətəndaşıdır. Onların uzun müddətdir həbsdə olduğu deyilir.
Avstraliya mətbuatının verdiyi məlumata görə, saxlanılan 3-cü şəxs isə Melburn Universitetinin Yaxın Şərq üzrə mütəxəssisi Kylie Moore-Gilbertdir.
Məlumatlarda xanım Gilbertin 2018-ci ilin payızının sonunda saxlandığı, ona qarşı 10 il həbs cəzası verildiyi və hazırda Evin həbsxanasında olduğu bildirilir.
Kylie Moore-Gilbert Kembric Universitetində təhsil alıb, həbs olunana qədər Melburn Universitetində Yaxın Şərq üzrə mütəxəssis kimi çalışıb.
Qeyd etmək lazımdır ki, İran tez-tez digər ölkələrin vətəndaşlarını saxta ittihamlarla həbs edərək, onlardan siyasi sövdələşmələrdə təzyiq göstərmək üçün girov kimi istifadə edir.
Paylaş: