Donald Tramp ABŞ tarixində daha çox qalmaqalla yadda qalacaq. Hökumət üzvlərini tez-tez dəyişdirməsi, danışıqların dinlənilməsi, məxfi danışıqlar, Kremlin Ağ Evə sirayət etməsi və s. kimi hadisələr tarixçilərin araşdıracağı mövzular ola bilər. Hətta İsrailin Ağ Evin yaxınlığında kəşfiyyat materialı toplamasına dair yayılan xəbərlər də gələcəkdə diqqət yetiriləcək vacib məsələlərdən olacaq. Elə Donald Trampın sentyabrın 25-də Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı dünya mediasının gündəmini zəbt edib. Bu danışıq Zelenski prezident seçiləndən sonra Trampla onun arasında keçirilən ilk rəsmi söhbət olub.
ABŞ-ın Ədliyyə Nazirliyi həmin danışığın beş səhifəlik xülasəsini açıqlayıb. Bildirilib ki, Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskidən ABŞ-ın keçmiş vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə iddiaçı Co Baydenin oğlunun işini araşdırmağı istəyib. Açıqlamadan aydın olur ki, Tramp rəsmi Kiyevin Baydenin oğlu Hanterin cinayət işini araşdıran Ukrayna prokurorunun təhqiqatına müdaxiləyə dair əsaslandırılmamış iddiaları vəkili Radi Giuliani və ABŞ-ın baş prokuroru Uilyam Barrla birlikdə araşdırmasını istəməyib. Prezident Barak Obamanın dövründə Bayden Ukraynadan o vaxtkı baş prokuror Viktor Şokinin vəzifəsindən çıxarılmasını tələb etmişdi. Vitse-prezident bu təklifi ABŞ Ukraynaya islahatlar üçün boyun olduğu maliyyə yardımı vədindən əvvəl irəli sürüb. Şokin həm Qərbdə, həm də Ukraynada korrupsiya ilə mübarizə apara bilməməsi ilə tanınır. Bununla belə, telefon söhbətinin mətninə görə, Tramp onu “çox yaxşı prokuror” adlandırıb. Vəkil Giuliani Baydeni öz oğlunu qorumaq üçün Şokinin vəzifəsindən uzaqlaşdırılmasına çalışmaqda ittiham edib.
Nazirlik həmin danışığın stenoqramını da paylaşıb. Donald Tramp deyib: “Baydenin oğlunun cinayət işinin dayandırılması ilə bağlı çoxlu söz-söhbət var. Xeyli insan bunu bilmək istəyir. Odur ki, baş prokurorla bağlı bacardığınızı etməyiniz əla olardı. Bayden işin araşdırılmasını dayandırdığını deyib lovğalanırdı. Odur ki, buna bir baxın... Bu mənə dəhşətli görünür”. Ədliyyə Nazirliyinin əməkdaşları bu telefon danışığında cinayət tərkibinin olmadığını bildiriblər. Nazirlik işin bağlandığını bəyan edib.
Vladimir Zelenski Nyu-Yorkda səfərdə olarkən həmin telefon danışığının “yaxşı” və “normal” olduğunu vurğulayaraq heç kimin təzyiq göstərmədiyini bildirib. O, Trampla danışıqlardan əvvəl “Amerikanın Səsi”nin Ukrayna xidmətinə bunları deyib: “Biz Birləşmiş Ştatların Ukraynaya, onun təcavüz və müharibəyə qarşı mübarizə kursuna daim dəstək verməsini istəyirik”.
ABŞ prezidenti telefon söhbətindən əvvəl öz işçi heyətinə Ukraynaya 400 milyon dollar məbləğində yardımın saxlanılmasını dediyini təsdiqləyib. Telefon danışığının stenoqamının açıqlanması barədə göstəriş verən ABŞ lideri "Twitter" səhifəsində yazıb: “Siz görəcəksiniz, bu, çox mehriban və tamamilə münasib bir telefon söhbəti idi. Mən heç kimi hədələməmişəm. Bu, böyük bir yalandır. Bayden və onun oğlundan fərqli olaraq, nə təzyiq var, nə də “quid pro quo!” (latınca: “əvəz-əvəz”, “xidmət və yaxud mal müqabilində göstərilən lütf” - red.). Bu, bütün dövrlərin ən böyük və ən dağıdıcı əcinnə ovundan başqa bir şey deyil”. Tramp bildirib ki, Baydenin, oğlunun Çin və Ukraynadakı əlaqələrinin araşdırılması vacibdir, şəffaf olmalıdır.
Yeri gəlmişkən, bu telefon danışığı demokrat konqresmenlər tərəfindən siyasi qalmaqal həddinə çatdırılıb. Ötən gün ABŞ Konqresinin Nümayəndələr palatasının sədri, Demokratlar Partiyasının üzvü Nensi Pelosi prezident Donald Trampa qarşı impiçment proseduruna başlandığını bildirib. Qeyd olunub ki, bundan əvvəl ABŞ tarixində impiçment proseduru cəmi üç dəfə həyata keçirilib. İmpiçment qaydalarına görə, prosedur federal işçilərin, o cümlədən ABŞ prezidentinin “dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayət və qanun pozuntularında” ittiham olunaraq mühakimə edilməsini və vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutur.
Ümumiyyətlə, Hanter Bayden kimdir? O, 1970-ci ildə doğulub və Con Baydenin kiçik oğludur. Hanter Yelisey Universitetini bitirib, hüquqşünaslıq üzrə doktor elmi dərəcəsini alıb. ABŞ-ın “MBNA America Bank” şirkətində baş vitse-prezident kimi işləyib. O vaxtkı prezidenti Bill Klinton Hanteri ABŞ-ın Ticarət Nazirliyinin elektron ticarət üzrə direktoru təyin edib. O, 2002-ci ildə dövlət qulluğundan istefa verərək rəsmi şəkildə lobbiçiliyə başlayıb. Bu məqsədlə şirkət açıb. Həmin il Ukraynada neft taciri Nikolay Zloçevski tərəfdarı Nikolay Lisinlə birlikdə “Burisma Holding” təbii qaz şirkətini yaradıb. Bu holdinq Ukraynanın Xarkov, Lvov, İvano-Frankov və Çerniqov vilayətlərində geoloji-kəşfiyyat işlərinə başlayıb. Hazırda N.Zloçevskinin şirkəti hasil edilən bir milyard kubmetr “mavi yanacağ”ı daxili bazarda satır. 2003-cü ildə Zloçevski yeni yaradılan Ukrayna Dövlət Təbii Ehtiyatlar Komitəsinə sədr təyin olunub. Hanter Bayden 2006-2009-cu illərdə ABŞ-ın “Amtrak” dövlət dəmir yolu şirkətində özünə karyera quraraq vitse-prezident olub. Nikolay Zloçevski isə “Maydan” hərəkatı nəticəsində hakimiyyətdən devrilən Viktor Yanukoviçin Regionlar Partiyasından Ukrayna parlamentinə deputat seçilir. Obama prezident seçiləndən sonra Co Bayden onun müavini olur. Hanter “Amtrak”ı tərk edir. Zloçevski isə ekologiya və təbii ehtiyatlar naziri olur. 2014-cü ildə Ukraynadakı inqilabdan sonra Hanterlə Zloçevskinin yolları ayrılıb. Ölkədə vəziyyət ağırlaşıb. Həmin ilin aprelində vitse-prezident Co Bayden Ukraynaya uçaraq yeni hakimiyyəti islahatlar aparmaqda, korrupsiyaya qarşı mübarizədə dəstəkləyəcəyini vəd edir. 2014-cü ilin mayında isə Hanter “Bursima”nın direktoru olur. Bundan sonra holdinq genişlənir.
Ekspertlər bildiriblər ki, Co Bayden Ukraynaya korrupsiyaya qarşı mübarizə ilə bağlı təzyiqlər edib, oğlu isə yerli şirkətlərdən pul alıb. Bütün hallarda Baydenin oğlunun ABŞ qanunlarını pozduğu iddia edilir. Hanter Bayden “Bursima”da 2019-cu ilin aprelinədək işləyib. Pula gəldikdə isə “The New Yorker” qəzeti onun ayda 50 min dollar, ildə isə 600 min dollar aldığı barədə məlumat yayıb. “The Hill”in yazdığına görə, Viktor Şokinin rəhbərliyi altında Ukraynanın Baş Prokurorluğu müəyyən edib ki, “Bursima” hər ay “Rosemont Seneca Partners” adlı şirkətdən hər ay 160 min dollardan artıq maliyyə vəsaiti köçürüb. Ancaq 2016-cı ildə Şokin istefa verdiyindən bu iş başa çatdırılmayıb. Hanter və Topmson “Bursima”dan istefa verdikdən sonra şirkətin iki direktoru qalır - Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski və Mərkəzi Kəşfiyyat İdarəsi Antiterror Mərkəzinin keçmiş rəhbəri Cozef Kofer Blek. Hanter bu şirkətdən uzaqlaşdıqdan 4 ay, telefon danışığından 3 ay sonra məsələnin yenidən gündəliyə gəlməsinin başlıca səbəbi 2020-ci il noyabrın 3-də ABŞ-da keçirilməsi nəzərdə tutulan prezident seçkisi ilə bağlıdır. Çünki Donald Tramp və Co Bayden həmin siyasi kampaniyada namizəd olaraq iştirak edəcəklərini bildiriblər. Tramp əsas rəqib saydığı Baydenə qarşı Hanterin “işləri”ndən istifadə etməyə çalışır. Bəhs etdiyimiz mövzudan ABŞ-ın siyasi elitası hakimiyyətdə qalmaq üçün bir-birinə qarşı kompromat olaraq istifadə edir. Bayden prezidentliyə namizəd olacağını açıqlamasaydı, bu məsələ bağlı qalacaqdı?
Beləliklə, Viktor Yanukoviçi Rusiya dəstəkləyirdi. Hanter həmin vaxt Ukraynada fəaliyyətə başlayır. Onda belə ehtimal etmək olar ki, keçmiş vitse-prezident Co Baydenin oğlu Rusiya ilə da əməkdaşlıq edib. Demokratlar prezident seçkisindən sonra Donald Trampın komandasının Rusiya ilə əlaqələrini açıqladılar. İndi isə onu Ukrayna prezidentinə təzyiq göstərməkdə ittiham edirlər. Hanterin Rusiya ilə əməkdaşlığı təsdiqlənərsə, bu, seçkiqabağı kampaniya zamanı demokratlara çox güclü cavab olacaq. Başqa sözlə, Tramp rəqiblərinin üç il əvvəl bostanına atdıqları daşı geri qaytarmaq üçün şans əldə edib. Çinlə ABŞ arasında münasibətlərin gərginliyi nəzərə alınsa, Tramp Baydeni ölkəsinin maraqlarına qarşı çıxmaqda ittiham edə bilər. Odur ki, stenoqramın açıqlanmasını Trampın Bayden üzərində ilk qələbəsi də saymaq olar.