
“ABŞ-Türkiyə münasibətləri indi ən çətin mərhələsini yaşayır. Faktiki olaraq, Türkiyəni Çin, Hindistan, İran və Rusiya ilə eyni düşərgəyə keçməyə vadar edirlər. Reallıq budur”.
Hurriyyet.org bildirir ki, bu fikirləri Teleqraf.com-a siyasi şərhçi, professor Əli Abbasov ABŞ-Türkiyə münasibətlərinin indiki səviyyəsi və perspektivi barədə suala cavabında deyib.
Əli Abbasovun sözlərinə görə, əslində Vaşinqton çalışırdı ki, Türkiyəni müəyyən qədər Rusiyadan uzaqlaşdırsın. Amma nəticədə tam başqa bir mənzərə ortaya qoyuldu: “Əslində “erməni soyqırımı” qətnaməsi bir oyundur. Konqresdə ilk olaraq bunu demokratların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası qəbul edib. Bununla da seçki öncəsi Prezident Donald Trampı çətin vəziyyətə salmaq istəyiblər. İkincisi, bu ilk deyil, indiyə qədər səhv etmirəmsə, 28-ə yaxın ölkə saxta soyqırımı qəbul edib. Həmçinin Kilsələr Şurası, Avropa Birliyi bunu qəbul edib. Normalda bunu BMT-nin Beynəlxalq Məhkəməsi həll etməlidir. Bunsuz saxta soyqırımının heç bir əhəmiyyəti ola bilməz”.
Politoloq əlavə edib ki, bütün bunları Vaşinqtonda əyləşən siyasətçilər də bilir: “Bu halda Türkiyəni nədən incik salırlar? Niyə NATO müttəfiqi olan bir ölkəyə qarşı bu qədər sərt addımlar atılır? Bütün bunlar məncə, düşündürücüdür. Onlar faktiki olaraq, Ankara ilə müttəfiqlik münasibətlərini pozurlar. Və bunun sonu heç də yaxşı olmaya bilər”.
Əli Abbasovun fikrincə, ABŞ Konqresinin bu qərarından sonra erməni tərəfi fəallaşacaq: “Onlar hər yerdə təbliğat aparacaq, Konqresin qəbul etdiyi qətnaməni nümunə kimi göstərəcəklər. Çalışacaqlar ki, daha çox ölkə bunu qəbul etsin və daha sonra məsələni BMT-də qaldırsınlar”.
Bir daha Vaşinqton-Ankara münasibətlərinə qayıdan professorun fikrincə, bu münasibətlər istər-istəməz qorunacaq: “İndi Türkiyənin əli açılır. Bundan sonra Vaşinqton Türkiyədən nə tələb edə bilər? Sən bunu qəbul edirsənsə, mən də başqa qərarlar qəbul edəcəyəm. Yəni ciddi fərqlər var və siyasətdə uzlaşma getdikcə çətinləşir. Soyqırımının qəbul edilməsi üçün isə bu, sübut və dəlillərlə ortaya qoyulmalıdır”.
Paylaş: