
Rusiyanın hərbi-sənaye kompleksi neft-qaz və “Rosatom”la birlikdə qlobal iqtisadiyyatda üstünlüyu təmin edən üç rəqabət amilindən biridir. Rusiya Qərb dünyasına aid olmayan ölkələri silahla təchiz etmək üçün bütün imkanlara sahibdir.
Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın Azərbaycana hərbi texnika satışını şərh edən “Alpari” informasiya-təhlil mərkəzinin rəhbəri Aleksandr Razuvayev söyləyib.
Ekspertin sözlərinə görə, neft gəlirləri Bakıya dünya silah bazarında özünü inamlı alıcı kimi hiss etməyə imkan verir.
“Son 10 il ərzində Azərbaycan təqribən 5 milyard dollar məbləğində Rusiya silahı əldə edib. S-300 PMU-2 zenit raket sistemlərinin iki divizionunun, 100-ə qədər T-90S tankının və 118 ədəd BMP-3 piyada döyüş maşınının, 18 özüyeriyən “Msta-S” artilleriya qurğusunun, 18 ədəd “Smerç” yaylım atəşi reaktiv sistemlərinin işəsalma qurğularının və digər hərbi texnikanın alınması üçün müqavilələr imzalanıb. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putinin 3 oktyabr 2019-ci ildə Soçidə baş tutmuş görüşü zamanı hərbi-texniki əməkdaşlıq məsələləri də qaldırılıb”, - deyə ekspert bildirib.
Şərhçinin sözlərinə görə, indi yeni və daha vacib anlaşma mümkündür:
“Bakı Su-57-ləri alacaq ki, bu da Ermənistanın daha 8 qırıcını almaq şərti ilə 4 ədəd Su-30 SM qırıcısını əldə etməsinə cavabdır. Ermənistan kasıb ölkədir, ancaq KTMT üzvüdür. Maraqlıdır ki, Bakının əsas müttəfiqi olan Türkiyə də Su-57-lərə maraq göstərir”.
Razuvayev qeyd edib ki, Bakı seçim qarşısındadır, məsələn, Rusiya təyyarələrinin əvəzinə daha ucuz başa gələn Çin-Pakistan istehsalı olan qırıcıları əldə edə bilər:
“Müvafiq olaraq, Bakı seçimini Moskvanın xeyrinə etsə, S-400-lərin Türkiyəyə çatdırılması halında olduğu kimi, Rusiya dövlət kreditinə arxayın ola bilər”.
Paylaş: