Xəbər lenti

Xəbər verdiyimiz kimi rusiyalı yazıçı, ekstremist-faşist Eduard Limonov Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və ermənilər onu təmas xəttinə aparıblar, Qarabağın müxtəlif yerlərini gəzdiriblər. Məqsəd özünün dediyi kimi “türklərə nifrət edən” bu ekstremistin köməyi ilə təbliğat qurmaqdır. Azərbaycan XİN artıq Limonovun adını “qara siyahı”ya salıb. İstisna deyil ki, hüquq-mühafizə orqanları onun barəsində cinayət təqibi də başladacaqlar.

Limonov özünün Qarabağdan təəsüratlarını Rusiya saytlarında yerləşdirir. Virtualaz.org bu ekstremistin erməni təbliğatına xidmət edən qeydlərinə geniş yer vermək niyyətində deyil. Lakin Limonovun səfər qeydlərində bir detal diqqəti xüsusi cəlb edir: Qarabağda, Azərbaycanın işğal altındakı ərazilərində o tərəf-bu tərəfə hərəkət edən İran TIR-ları.

Limonov növbəti səfər qeydlərində də bu detala diqqət çəkib. Ağdərə istiqamətində gedəndə qarşısında tez-tez sarı nömrəli İran TIR-ları çıxıb. “Bu “fura”lar nə daşıyır?”-rusiyalı ekstremist onu müşaiyət edən ermənidən soruşub. “Hər şey”-erməni cavab verib.

İran yük maşınlarının Azərbaycanın işğal altındakı ərazilərində sərbəst hərəkəti haqda bundan əvvəl də ara-sıra xəbərlər çıxırdı. Belə görünür ki, bu maşınlar İran istiqamətindən Ermənistana daxil olur, daha sonra oradan Azərbaycanın işğal altındakı ərazilərinə erməninin dediyi kimi “hər şey” daşıyırlar. Bəs Azərbaycan tərəfi nədən İran TIR-larının işğal altındakı ərazilərə müntəzəm olaraq qanunsuz daxil olması barədə məsələni rəsmi Tehranın qarşısında qaldırmır? XİN nədən belə məlumatları qeydə alıb İrana nota vermir?

Bəlli olduğu kimi Azərbaycanın işğal altındakı ərazilərinə Bakının icazəsi olmadan daxil olanların adları XİN-in “qara siyahı”sına daxil edilir. Vaxtaşırı olaraq Azərbaycan hakimiyyəti işğal altındakı ərazilərdə fəaliyyət göstərən xarici şirkətlərə xəbərdarlıq edir, onların mənsub olduğu ölkələrin rəsmi məqamları qarşısında məsələ qaldırıb belə fəaliyyəti əngəlləməyə çalışır. Lakin İran TIR-ları məsələsi nədənsə diqqətdən kənarda qalıb.

Hansı ki, həmin TIR-ların dövlət nömrə nişanlarını təsbit edərək onların sonradan Azərbaycan üzərindən tranzit yükdaşımalar həyata keçirməsinə imkan verməmək olardı. İşğal altındakı ərazilərdə hər gün o tərəf-bu tərəfə hərəkət edən İran TIR-larının nömrələrini qeydə almaq üçün Müdafiə Nazirliyinin kəşfiyyat vasitələrinin imkanlarından yararlanmaq mümkündür.

 




Ana səhifəyə qayıt        Baxış: 920          Tarix: 10-06-2017, 13:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma