Xəbər lenti

Yaxın Şərq üzrə mütəxəssis, politoloq Vüqar Zifəroğlunun Axar.az-a müsahibəsini təqdim edirik:

- Türkiyə lideri Ərdoğanın Soçi razılaşmasında qeyd olunmayan ərazilərdə də rejimin əsgərlərini vuracağı barədə mesajı nə qədər ciddir?

- Tam ciddidir və buna Türkiyənin həm hüquqi, həm də siyasi nöqteyi-nəzərdən əsasları var. Amma bu, Suriya üçün çox mənfi nəticələrə gətirib çıxara bilər. Hazırkı proseslər onu göstərir ki, Türkiyə ilə hər hansı bir münaqişəyə getmək Əsəd rejiminin mövqelərini sarsıda bilər. Nəzərə alaq ki, artıq ABŞ-ın da Əsədə qarşı zərbə endirməsi ilə bağlı xəbərlər yayılır. ABŞ təzyiqlərini artırsa, bu, Əsədin hakimiyyətdən getməsinə səbəb ola bilər. Bu baxımdan düşünürəm ki, Suriya hökuməti Türkiyəni müharibəyə çəkməklə çox böyük riskə gedir.

- Türkiyənin İdlibdən kənarda əməliyyatlar keçirməsi işğalçılıq kimi qələmə verilə bilərmi?

- Ümumiyyətlə, bu işğal məsələsi çox manipuliyasiya edilir. Hətta bildirirdilər ki, Türkiyə girdiyi ərazilərdən çıxmayacaq və bu əraziləri özünə ilhaq etməyi düşünür və s. Amma Türkiyə dəfələrlə rəsmi şəkildə bəyanat verib ki, heç bir halda Suriyanın ərazi bütövlüyünü qəsb etmək niyyətində deyil. Türkiyənin Suriyaya girməsinin əsas səbəbi ölkəsi üçün ciddi təhdid olan terrora qarşı mübarizə aparmaq, təhlükəsiz bufer zona formalaşdırmaq və ölkəsinə axın etmiş Suriya qaçqınlarını öz torpaqlarına geri qaytarmaqdan ibarətdir.

- Ərdoğan bu məsələdə Rusiyanı da ittiham etdi...

- Ərdoğanın Rusiyadan əsas tələbi Suriyanı danışıqlar masasına oturdub, Əsədin hücumlarının qarşısını almaqdır. Əslində Rusiya tərəfi də son bir neçə həftədir buna çalışır. Rəsmi Moskva son bəyanatlarında bildirdi ki, Türkiyə və Suriyanı danışıqlar masasına oturtmaq üçün əllərindən gələni etməyə hazırdır. Zənnimcə, Rusiya təsir və təzyiq vasitələrindən istifadə edərək, müəyyən mənada bu gərginliyin daha yumşaq məcraya dönməsi və danışıqların aparılmasına nail ola bilər. Bunun üçün Ərdoğan Rusiya ilə danışıqlar aparmaqda maraqladır. Yəni Ərdoğanın məqsədi Rusiyanı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə sövq etməkdir.

- Ötən gün Rusiya XİN rəsmi Dəməşqlə hər hansı danışıqlar aparılmadığını bildirdi. Sizcə, Rusiya Suriyanın danışıqlar masasına oturması üçün hər hansı addım atacaqmı?

- Düşünürəm ki, atacaq. Çünki hazırda münaqişənin alovlanması, Suriya ilə Türkiyənin toqquşması Rusiyanın maraqlarına cavab vermir. Birincisi, diqqət edin, artıq bölgədə ABŞ-ın aktivliyi artıb (son 2 ildə ABŞ-ın Suriyada aktivliyi müşahidə olunmurdu). İndi birdən-birə ABŞ Suriyada aktiv olmağa başlayıb. Qərbin hər hansı bir formada Yaxın Şərqdə aktivləşməsi Rusiyanın maraqlarına tərs mütənasibdir. İkincisi, Suriyada İran faktoru var. Rusiya ilə İran hər nə qədər müttəfiq olsa da, İdlibdə hər bir ölkənin öz maraqları var. Rusiyanın əsas marağı öz varlığını – məntəqələrini Suriya ərazisində qoruyub saxlamaqdan ibarətdir. Lakin Suriyada münaqişənin alovlanması bu məntəqələrin Rusiyaın əlindən çıxması təhlükəsini yarada bilər. Bu baxımdan Rusiya istər-istəməz Suriya və Türkiyə arasında vasitəçilik missiyasını oynamaq məcburiyyətindədir.

- Bəzi ekspertlər bildirir ki, Rusiyanın dəstəyi olmadan Türkiyə Suriyada genişmiqyaslı hərbi əməliyyatlar apara bilməz...

- Suriyada hər hansı bir mövqe irəliləyişi əldə etmək üçün düşünmürəm ki, Türkiyəyə Rusiya və ya hər hansı ölkənin dəstəyi lazım olsun. Burada sadəcə söhbət ondan gedir ki, Türkiyə Astana formatında əldə olunmuş razılaşmalara Rusiya və İranın əməl etməsini tələb edir. Çünki Rusiyanın bu məsələdə müəyyən öhdəlikləri var və bu öhdəlikləri yerinə yetirərsə, Suriyada sülhə nail olmaq olar. Türkiyə tərəfi də hazırda bunun üçün Rusiya ilə danışıqlara maraq göstərir.




Ana səhifəyə qayıt        Baxış: 532          Tarix: 13-02-2020, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma