Xəbər lenti
Dünən, 19:25

Mehmet Acet

“Yeni Şafak”, Türkiyə, 04 mart 2020-ci il

Cümə axşamından etibarən dünya müharibə ədəbiyyatına “PUA sürüləri” anlayışı girdi. İdlibin cənubunda yerləşən Balyun bölgəsində Türkiyə Silahlı Qüvvələrinə (TSQ) edilən və 34 şəhid verilən hücumdan sonra Təhlükəsizlik Şurasının Ankarada keçirilən toplantısında bu ağır hücuma iki yeni metodla cavab verilməsi haqqında qərar alındı. Qərar, silahlı PUA-larla (SPUA) Suriya hava sahəsinə girilərək müəyyən edilən hədəflərin vurulmasını və F-16 döyüş təyyarələrinin Türkiyənin hava sahəsində qalmaqla bu əməliyyata qatılmasını nəzərdə tuturdu.

Silahlı PUA-ların nöqtə atışı ilə hədəfləri vurmasının onlarla görüntüsünün yayılması və Türkiyənin rejimə verdiyi sərt cavabın “həqiqi cavab” olduğunun anlaşılması sadəcə daxildə deyil,  Qərb mediasında da geniş əks-səda doğurdu.

Məsələn, Bloomberg”-in “Türkiyə qatil PUA sürüsü ilə Putinə Suriya hava sahəsində meydan oxudu” başlığı ilə verdiyi xəbərdə “Türk SPUA-ları hərbi bazaları, kimyəvi silah depolarını vurdu”, “Eyni SPUA-lar Suriya HHM sistemlərini da tapıb məhv etdi. Bu durum Rusiya HHM sistemlərinin effektivliyinin şübhə altına alınmasına səbəb oldu” kimi ifadələrdən istifadə etdi.

Deməli, Suriya hava sahəsi toxunulmaz deyilmiş

Dünən TSQ-yə aid F-16 təyyarələri rejimin L-39 tipli bir təyyarəsini də vurub saldı. Bu tip hadisələr Suriya hava sahəsindən istifadə ilə bağlı mübahisələrə də səbəb olur. Deməli, televiziyalarda hamıya yol göstərən bir qrup təqaüdçü və ya istefa vermiş hərbçinin davamlı olaraq gündəliyə gətirdikləri Suriya hava sahəsindən, əslində, istifadə oluna bilərmiş. Onlar danışanda adamın içindən belə bir fikir keçirdi: “Görəsən bunlar vəzifədə olarkən nəyi bacara biliblər ki, indi belə danışırlar?”.

Rejimə aid təyyarələrin vurulub salınmasının bir mənası da budur ki, Türkiyə HHQ-ləri ölkəmizin hava sahəsindən istifadə edərək, Suriya ərazisində olan hərbi birliklərimizi qoruya bilir.

Təbii, hər cür hücuma qarşı bir qalxan yaradıldığı söylənə bilməz, ancaq ortada “çarəsizlik” halının olmadığı da bir həqiqətdir. Sübut axtarılırsa, qurudakı TSQ ünsürlərinə yönəlik hücum hazırlığında olarkən vurulub salınmış rejim təyyarələri ortadadır.

Bir də belə bir sualımız var: TSQ-nin son 5 ildə etdiklərilə öncəki dövrləri müqayisə etdikdə qarşıya necə bir mənzərə çıxır?

Çox da geri getməyək. Yaxınlarda həyatını itirən Yaşar Böyükanıt dövründən başlayaq. Onun dövründə, xələfi İlkər Başbuğ dövründə, İşık Koşanərin, Necdət Özəlin komandanlığı zamanlarında terrorla mübarizə və transsərhəd əməliyyatları aparılarkən son 5 ildəki nailiyyətlərin hansı əldə edilmişdi?

Ələlxüsus ilk ikisinin dövründə siyasi qüvvələrlə bol-bol didişmə, siyasi rol alma cəhdləri bir yana, əsil vəzifələrilə bağlı nə qədər vaxtın sərf edildiyi, nə əldə edildiyi böyük bir sual işarəsidir.

“Bir şey çıxar, lakin bizi qane edəcəyindən əmin deyiləm”

Mövzumuza dönək. Hər kəsin gözü 5 martda Moskvada Prezident Ərdoğanla Rusiya Prezidenti Putin arasında keçiriləcək görüşə çevrilmiş durumdadır. Görəsən, o görüşdən necə nəticə çıxacaqdır? Atəşkəs əldə olunacaqmı, sülh təmin edilə biləcəkmi?

Ankarada iqtidarda mövqe tutan yüksək rütbəli bir vəzifəli şəxsə bu sualı yönəltdiyim zaman belə bir cavab aldım: “Bir şey çıxar, lakin bizi qane edəcəyindən əmin deyiləm“.

Bu cümləni Ankaranın 5 marta yüklədiyi mənanı xülasə edən ifadə olaraq oxuya bilərik. Başqa sözlə, bu, 5 martla bağlı optimist bir gözlənti üçün qapını açıq tutmaqla birlikdə, bu an üçün proqnoz verməyin çətinliyini anladan bir cümlədir.

Proqnoz verməyin çətinliyinin səbəblərindən biri rusların reflekslərini ölçməyin çətinliklərindən qaynaqlanır.

Suriya sahəsində xidmət edən ruslarla Moskvada iqtidar dairələrində mövqe tutanların və zirvədəki Putinin fərqli reflekslərlə hərəkət etdikləri, edə bildikləri, bu şüurlu “rol bölgüsü”nün proqnozlaşdırıla bilməyən nəticələr verə biləcəyi məlumdur.

Top indi Rusiyanı təmsil edən Putinin ayağında

Yuxarıda verdiyim ifadənin “Bir şey çıxar, lakin…” qismi Putinin Türkiyə və Prezident Ərdoğanla münasibətləri daha da gərginləşdirməyə sürükləmədən müəyyən bir anlayış çərçivəsində tutma niyyətilə üst-üstə düşə bilər. Ancaq həmin cümlənin digər qismi bu gözləntinin çox da böyüdülməməli olduğuna işarət edir.

Cümlənin “bizi qane edəcəyindən əmin deyiləm“ qismi adı “Bahar qalxanı”, hədəfi Dəməşq rejimi olaraq müəyyən edilən yeni əməliyyatın 5 martdan sonra da davam edə biləcəyilə bağlı bir iradə bəyanını ortaya qoyur.

Prezident Ərdoğan ötən cümə günü səhəri Putinlə apardığı telefon danışığında geri addım atılmayacağını, qərarlı mövqedən vaz keçilməyəcəyini dilə gətirmişdi. Ərdoğanın bu mövqeyinin durduq yerdə dəyişəcəyini düşünməyin bir mənası da, əsası da yoxdur.

 Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 2 367          Tarix: 5-03-2020, 13:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma