Navalnı tərəfdarları Moskvanın Tver meydanı boyu antikorrupsiya yürüşü keçirir, bu zaman aksiyaçılar şəhər hakimiyyətinin tələbinə əməl edərək siyasi məzmunlu plakatlar daşımır və şüarlar səsləndirmir. Polis əllərində plakat tutanlara müdaxilə edir, iki nümayişçinin plakat daşıdığına görə saxlanıldığı bildirilir.
Regionlarda isə bir çox şəhərlərdə izdihaml aksiyalar baş tutub. Yekatrinburqda Navalnının çağırışına minlərlə adam səs verib, mer Yevgeni Royzman da aksiyaya qatılıb. “Çoxları soruşur ki, mən niyə bu aksiyaya qatılmışam. Çox sadə səbəbi var. Mən korrupsiyaya qarşıyam”-mer özünün Tvitter bloqunda yazıb.
Sankt-Peterburqun Mars çölündə də minlərlə aksiyaçı toplaşıb. Polis əllərində plakat tutanları saxlayır. Belələrindən biri əlində “Volodya! Biz səndən yorulduq” sözləri yazılmış plakat tutub, polis onu bir neçə dəqiqə sonra saxlayıb.
* * *13:40
Çelyabinsk şəhərində də bir neçə min adam Aleksey Navalnının çağırışı ilə antikorrupsiya mitiqinə çıxıb. Mitinq icazəlidir və ciddi insident qeydə alınmayıb. Rusiyanın ikinci paytaxtı hesab olunan Sankt-Peterburqda isə meriya aksiyaya icazə verməyib, bununla belə Navalnının tərəfdarları şəhərin Mars çölündə toplaşmağa hazırlaşırlar. Həmin ərazini “Rosqvardiya”nın döyüşçülərinin olduğu avtobuslarla əhatəyə alıblar.
Moskvada isə meriyanın mitinq üçün ayırdığı Saxarov meydanı hazırda boşdur. Navalnı öz tərəfdarlarını mərkəzi Tver meydanına çağırıb. Tver meydanına hazırda heç kim buraxılımır. “Rosqvardiya” dəstələri meydanı əhatəyə alıb. Meriya orada “Rusiya günü” yürüşünün keçiriləcəyini elan edib. Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Navalnının aksiyanı icazə verilmiş yerdə deyil, Tver meydanında keçirmək barədə çağırışına şərh verib, bunun meriyaya aid məsələ olduğunu deyib: “Əsas məsələ odur ki, təxribat olmasın”.
* * *12:52
Rusiya polisi ölkənin şərqində mintinq keçirmək istəyən bir neçə adamı saxlayıb. Blagoveşensk şəhərində azı 4 nəfərin həbs edildiyi bildirilir. Yerli medianın yazdığına görə Moskva ilə 7 saat fərqi olan Vladivostokda polis və yüzlərlə nüamişçi arasında qarşıdurma olub. Videogörüntülərdə dəbilqəli polis "Ar olsun!" şüarı qışqıran iki gənci sürüyə-sürüyə aparır.
Novosibirskdə də korrupsiyaya qarşı mitinq baş tutub. Aksiyada 4-5 min nəfərin iştirak etdiyi bildirilir. Aksiya şəhər meriyası ilə razılaşdırılıb.
Orskada Navalnının çağırışına 500-ə yaxın adam səs verib. Aksiya icazəlidir, təhlükəsizliyi təmin etmək üçün hətta hərbçilər cəlb olunub. Abakanda isə mitinqçilər arasında saxlanılanlar var. Rostovda da korrupsiyaya qarşı mitinq başlayıb, aksiya izdihamlıdır və minlərlə adam qatılıb.
Xabarosvk şəhərində də Navalnının çağırışı ilə izdihamlı antikorrupsiya nümayişi başlayıb. Minlərlə nümayişçi mitinqin keçiriləcəyi meydana doğru yürüş edir. Aksiyaçıların əksəriyyəti gənclərdir.
Moskva hökumətinin regional təhlükəsizlik Departamentinin rəhbəri Vladimir Çernikov bildirib ki, Navalnının tərəfdarlarının Tver meydanında “gəzintisinə” icazə verilir. Bir şərtlə ki, onlar heç bir şüar səsləndirməsinlər və plakat daşımasınlar. Əks halda saxlanılacaqlar. “Əgər kimsə siyasi şüar səsləndirsə və plakat qaldırsa yüz faiz polisin müştərisinə çevriləcək”-Çernikov xəbərdarlıq edib. Onun sözlərinə görə, vətəndaşlar Rusiya Gününn qeyd olunduğu meydanda sakitcə gəzintiyə çıxsalar hər şey yaxşı olacaq.
* * *12:28
Rusiyada Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının təşkil etdiyi ümumrusiya aksiyaları artıq ölkənin Uzaq Şərqində başlayıb. Moskvada aksiyalar saat 14.00-də başlamalıdır.
Virtualaz.org xəbər verir ki, Barnaul şəhərində keçirilən izdihamlı mitinqdə 12 yaşlı məktəbli çıxış edib. Vlad adlı məktəbli bildirib ki, o, əvvəl böyüyəndə başqa ölkəyə mühacirət etmək arzusunda idi. “Çünki orada başqa dövlət var, o daha yaxşıdır. Lakin daha sonra mən başa düşdüm ki, ən yaxşısı öz ölkəni dəyişmək və qalıb burada yaşamaqdır”-yeniyetmə müxalifətçi bildirib.
* * *11:08
Rusiyanın müxalifət lideri Aleksey Navalnı bu gün iyunun 12-nə təyin edilmiş antikorrupsiya etiraz mitinqinin yerini dəyişdiyini elan edib. Navalnı bildirib ki, mitinq hökumətin icazə verdiyi yerdə yox, Moskvanın mərkəzindəki Tverskaya küçəsində keçiriləcək. Bu, Navalnı və tərəfdarları ilə hakimiyyət arasında qarşıdurma yarada bilər. Navalnı bu qərarını iyunun 11-də aksiyaya 24 saatdan da az qalanda bəyan edib.
İyunun 12-də bütün Rusiya boyunca antikorrupsiya mitinqlərinin keçirilməsi planlaşdırılıb. Müxalifət lideri qərarını onunla izah edib ki, hakimiyyət etirazçılara mitinq avadanlığı, səhnə və səsucaldanlar verməkdən imtina edib.
Mitinq yerinin dəyişdirilməsi etirazçılar və Moskva polisi arasında zorakı toqquşmaya səbəb ola bilər. Moskva polisi artıq mümkün “təxribatlar” barədə xəbərdarlıq edib.Moskva polisinin sözçüsü İnterfax agentliyinıə deyib ki, “hüquq-mühafizə orqanları etirazçılar tərəfindən bütün qanun pozuntularına qarşı sərt tədbir görəcək”.
Navalnının martın 26-da keçirdiyi etiraz aksiyaları əsnasında minədək müxalifət tərəfdarı saxlanmışdı. Həmin etiraz aksiyaları onlarda çox sayda gənc və yeniyetnin iştirakı ilə yadda qalıb.
Navalnının özü həmin aksiyadan sonra inzibati qaydada 15 günlüyünə həbs olunmuşdu. Bu, Rusiyada son illərdə baş tutmuş ən irimiqyaslı etiraz idi və böyük rezonans doğurdu.
Müxalifət lideri bildirib ki, bu günkü aksiya Rusiyanın 200-dək şəhərində keçirləcək. Aksiyanın saat 14.00-də başlaması planlaşdırılır. Moskva hakimiyyət orqanları Navalnı və tərəfdarlarına aksiyanın keçirilməsi üçün Moskvanın mərkəzindən kənarda yerləşən Saxarov prospektini vermişdilər.
Müxalifət isə aksiya üçün Moskvanın mərkəzində, Kremlin yaxınlığında yer üçün müraciət etmişdi. Lakin paytaxt hökuməti bildirmişdi ki, iyunun 12 Rusiya günüdür və mitinq əvvəlcədən planlaşdırılmış rəsmi tədbirləri poza bilər.
Aksiya ərəfəsində Navalnının Rusiyanın baş naziri Dmitri Medvedevi korrupsiyada ittiham edən videosu bəzi hakimiyyət saytlarında görünüb.Prokurorluq bildirib ki, sözü gedən internet saytlarına haker hücumu olub.
“Dojd” telekanalının xəbərinə görə Rusiyanın Uzaq Şərqində artıq korrupsiyaya qarşı aksiyalar başlayıb. Novosibirsk, Vladivostok, Krasnoyarsk və digər şəhərlərdə yüzlərlə etirazçı toplaşıb. Vladivostokda polis Navalnının tərəfdarlarından bir neçəsini saxlayıb. Krasnoyarskda kazak geyimli şəxslər aksiyaya qatılmaq istəyənlərin əllərindən telefonları alır və çəkiliş aparılmasına mane olurlar. Barnaulda isə aksiyaya gözlənildiyindən də çox adam gəlib, mitinqin keçirildiyi meydan adamlarla doludur. Moskvanın mərkəzi isə artıq OMON-çularla dolu avtobuslarla əhatəyə alınıb, Puşkin meydanında, Tverskoy küçəsində “Rosqvardiya”nın silahlı əsgərləri gözə dəyir.
Paylaş: