Xəbər lenti
Biz, Liviyada general Haftarın ordusuna dəstək veririk. Ordunun İŞİD-lə mübarizəsini dəstəkləyirik. Fəqət bu dəstək aktiv hərbi köməklikdən daha çox siyasi yönümlüdür.
Teleqraf.com xəər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Jean-Yves Le Drian Fransa Senatının Xarici əlaqələr komitəsində çıxışı zamanı bəyan edib.

Nazir bildirib ki, Fransanın Liviyada Haftar tərəfini seçdiyinə dair fikirlər eşidir:
“Bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Haftara bağlı Liviya milli ordusu 2019-cu ilin aprelində paytaxt Tripolini almağa girişməzdən əvvəl ölkədə cihadçı İŞİD-ə qarşı mübarizə aparıb”.

Haftarın paytaxt Tripoliyə uğursuz hücum cəhdi ilə “Liviya milli ordusunda” dəyişikliklər olduğunu bildirən nazir Drian əlavə edib ki, Fransa bu orduya (Haftara) İŞİD-lə mübarizdə dəstək verir:
“Lakin bu, aktiv hərbi dəstəkdən daha çox məsləhətlər və siyasi formadadır".
Fransa baş diplomatı əlavə edib ki, Liviyada olan bütün aktyorlarla sistemli şəkildə görüşlər keçirir:

“Müzakirələr aparırıq, işlərin irəli getməsi üçün cəhdlər edirik, amma bəzən tərəflərin “poker üzlərini” də görürük”.
Paris, Roma və Berlinin bu mövzu ətrafında uyumlu bir şəkildə fəaliyyət göstərdiyini xatırladan Fransa xarici işlər naziri bildirib ki, üç ölkə eyni dildə danışır və Sirtə-Cufra şəhərləri sərhədlərində sabitliyin saxlanması, atəşkəs üçün addımların atılmasının vacibliyini bildirir.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron və Xarici İşlər naziri Drian BMT tərəfindən tanınan Liviya milli etimad hökumətinə qarşı mübarizə aparan general Xəlifə Haftar ilə 2017 və 2018-ci illərdə Parisdə görüşüb.

Fransa xarici işlər nazirinin açıqlamasında Sirtə və Cufra məntəqələrində sabitliyin qorunmasının vacibliyini önə çəkməsi də xüsusi maraq doğurur. Bəllidir ki, Türkiyə tərəfindən dəstəklənən Sərrac hökuməti bu iki məntəqəni Haftardan azad etmək üçün əməliyyat hazırlıqlarını başa çatdırıb. Hətta türk generallar da Tripoliyə gələrək bu hazırlıqlarla tanış olub. İndiki halda Fransanın məqsədi bu iki məntəqənin Haftardan alınmasına maneəçilik törətməkdir. Rusiyada bu məsələdə Fransanın mövqeyini bölüşür.



Ana səhifəyə qayıt        Baxış: 2 776          Tarix: 9-07-2020, 16:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma