Xəbər lenti


ROSSİYA 1, Rusiya

16.11.2020


MüəllifDmitri Kisilyov
Noyabrın 9-da AzərbaycanErmənistan Rusiya arasında əldə edilmiş üçtərəfli razılaşmanı ətraflı təhlil edəkRazılaşma Putinin israrı ilə qəbul edilib demək, zamin kimi o çıxış edir.

Beləliklə, müharibə dayandırılır. Bu dəfə o, doğrudan da dayandı – noyabrın 10-u gecəyarı. Ermənistan sentyabrın sonunadək nəzarət etdiyi Dağlıq Qarabağ və ətrafındakı ərazilərin böyük hissəsini itirdi. Onların bir qismi, o cümlədən Qarabağın ikinci şəhəri olan Şuşa və 300-ə yaxın başqa yaşayış məntəqəsi Azərbaycan Ordusunun uğurlu həmləsi nəticəsində Bakının nəzarətinə keçdi, bir qismini isə Azərbaycanın tələbi ilə Ermənistan bu ayın sonunadək təhvil verməlidir.

Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizi Rusiya sühməramlılarının nəzarətinə keçir. Naxçıvana isə Azərbaycandan yol açılır və ona da Rusiyanın sərhəd xidməti nəzarət edir.

Prinsipial məqam. Beynəlxalq təcrübəyə görə, sülhməramlılar münaqişə tərəflərin təmas xəttində yalnız onların hər ikisinin razılığı ilə yerləşdirilə bilər. Bu dəfə də belə oldu. Bəyanatın son dərəcə vacib olan 4-cü bəndi də bu barədədir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış tərəflərdən biri razılaşmaya xitam verilməsi niyyətini bəyan etməzsə, müddət avtomatik olaraq daha 5 il uzadılır”.
Yəni əgər 4,5 ildən sonra tərəflərdən heç biri sülhməramlılardan imtina etməszə, bizim kontingent daha 5 il orada qalacaq. Eyni sxem gələcəkdə də təkrarlanacaq. Əlbəttə yaxşı olardı ki, artıq yaxın illərdə Ermənistanla Azərbaycan Dağlıq Qarabağın statusu ilə bağlı razılığa gəlsin, özləri öz sərhədlərini müəyyən etsin və Rusiya öz əsgərlərini evlərinə qaytara bilsin. Bu barədə danışıqların başlanacağı ehtimal olunur və bu danışıqlar lazımdır. Çünki münaqişə hələ həllini tapmayıb. Yalnız nizamlanma üçün şərait yaradılıb. Putin də elə bunu deyir: “Biz ümid edirik ki, əldə edilmiş razılaşma Dağlıq Qarabağ ətrafında böhranın ədalətli əsaslarla, erməni və Azərbaycan xalqlarının maraqları çərçivəsində uzunmüddətli və tam həlli üçün lazımi şərait yaradacaq”.

Bəs Putin bizim qoşunlarımızın orada olmasından razıdırmı? Hər halda, onun bunu ürəkdən arzuladığını düşünmürəm. Onun belə məsələlərə yanaşmasını başqa bir münaqişə ilə bağlı dedikləri də göstərir. Bu cümlə ümumiləşdirici xarakter daşıyır: “Rusiya yanğınsöndürənlər komandası deyil, biz özümüzdən asılı olmayan hər şeyi ucdantutma xilas edə bilmərik”.

Bu baxımdan Putinə daha xoş olardı ki, Azərbaycanla Ermənistan öz aralarında qansız razılaşa bilsinlər. İdeal bax budur. Hələliksə müvəqqəti qərar ortadadır. Status məsələsi hələ həllini tapmayıb. Rusiyanın XİN başçısı Sergey Lavrov da problemlə bağlı çox ehtiyatla danışır: “Biz statusun Dağlıq Qarabağda etnik və konfessional sülhün bərqərar olunması üçün atacağımız addımlardan asılı olaraq müəyyənləşəcəyinə ümid edirik”.
Ermənistanın baş naziri Nikol Paşinyan isə hətta indiki şəraitdə belə, statusun verilməsində israr edir: Dağlıq Qarabağ beynəlxalq səviyyədə tanınmalıdır. “Dağlıq Qarabağın statusu məsələsinin yekun həlli üçün prinsipial əhəmiyyət daşıyır. Onun tanınması tam prioritetə çevrilir”, - deyə o, bəyan edib.

İndi bunu Əliyevin bu mövzuda dediklərilə müqayisə edək. Onun danışıqlardakı mövqeyi budur: “Nə oldu Paşinyan? Yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var”.

Əliyev Paşinyana ötən il Şuşada rəqs etdiyini xatırladır. Bakıda bunu çox həyasız təxribat kimi qəbul ediblər. Əliyev deyir, nə qədər ki, o prezidentdir… Bəli, İlham Əliyevin hakimiyyətin sükanı arxasında hələ çox qalmaq üçün real şansı var, axı Azərbaycan ikinci Qarabağ müharibəsində açıq-aşkar qələbə qazanıb. Ölkə 90-cı illərin hərbi məğlubiyyətinin yaratdığı natamamlıq kompleksini geridə qoyub. Və bütün bunlar İlham Əliyevin xidmətidir.

“Böyük məna” kəsb edən sənədə istinad etməklə Azərbaycan prezidenti həm də onun 4-cü bəndini nəzərdə tutur. Orada isə Rusiya sülhməramlılarının bölgəyə müvəqqəti və hər iki tərəfin razılığı ilə göndərildiyi deyilir.

Bakıda nəticəni çox gözləyiblər. Hər halda, daha 5 il gözləməyə hazır olarlar. Tələsmək nəyə lazımdır ki? Axı hamı razılaşıb. Elə deyil? Bəs bu razılaşma necə əldə olunub? Axı tərəflərin hər biri öz yolu ilə irəliləyirdi. 2,5 il əvvəl “rəngli inqilab” texnologiyası ilə hakimiyyətə gəlmiş Paşinyan Azərbaycanla danışıqlardan imtina edərək, “Dağlıq Qarabağ Ermənistandı və nöqtə” deyirdi. O, danışıq aparmaqdansa Şuşada rəqs edirdi. Paşinyanın bu lovğalığı Ermənistanın və Dağlıq Qarabağın aldadılması idi. Vəziyyət real qiymətləndirilmədi, hərbi quruculuğu blef, müharibə zamanı yarıtmaz komandanlıq və yenə də döyüşün lap əvvəlindən öz xalqının aldadılması əvəzlədi. Bunun hamısı xalqa inanmsızlıqdan irəli gəlirdi. “Mən və Qarabağın prezidenti acınacaqlı vəziyyət barədə tam məlumatı vermirdik ki, təlaş yaratmayaq”, - deyə Paşinyan sonda bildirəcəkdi…

Və nə baş verdi? Ermənistan ordusu darmadağın edildi. İndi Paşinyan hər şeyi öz adı ilə çağırır və “fəlakət”dən danışır. Bəs Rusiya olmasaydı nə baş verərdi? “Bu, bizim üçün böyük uğursuzluq, böyük matəmdir. Bundan dərs çıxarmaq lazımdır, bu ölkənin gələcək inkişafına kömək edə bilər”, - deyə indi Nikol Paşinyan bildirir.

İndi Ermənistanın ən acı günləridir. Psixoloqlar itkidən sonrakı hissləri bir neçə fazaya bölür – inkar, qəzəb, sövdələşmə, depressiya, qəbullanma. İnkar mərhələsi artıq keçilib. İndi qəzəb fazasıdır. Qarşıda həm daxili həm də Azərbaycanla çox çətin danışıqlarda xarici sövdələşmə mərhələsi durur. Hələlik isə yalnız qəzəb var.

(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: ROSSİYA 1


Ana səhifəyə qayıt        Baxış: 2 876          Tarix: 16-11-2020, 17:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma