Xəbər lenti


CIVILNET, Ermənistan
06.12.2020


Ermənistan Respublikasının ikinci prezidenti Robert Koçaryan “5-ci kanal”a geniş müsahibə verib. O, müsahibəsində İkinci Qarabağ müharibəsinin gedişatı, müharibədən əvvəlki və sonrakı hadisələr haqda danışıb. Onun bəzi fikirlərini təqdim edirik:
- Acı həqiqət ondan ibarətdir ki, xalqın seçdiyi hakimiyyət xalqı diz üstə qoydu...

- Ermənistan hakimiyyəti müharibəni qaçılmaz etmək üçün əlindən gələni etdi. Birincisi, danışıqlar prosesi “dalana dirənmişdi” və bu, düşünülmüş şəkildə edilmişdi. Bizim bir-birinə zidd bəyanatlarımız elə vəziyyət yaratmışdı ki, hətta həmsədrlər belə, Ermənistanın nə istədiyini anlaya bilmirdi. Elə təəssürat yaranmışdı ki, Yerevan danışıqlar prosesini “dalana dirənmək” üçün əlindən gələni edir.

Bir sözlə, faktiki olaraq Ermənistan tərəfi, yəni bizim hakimiyyətimiz Azərbaycanın müharibə qərarını legitimləşdirmişdi. Biz deyirdik ki, Dağlıq Qarabağ münaqişəsi xalqların öz müqəddaratını təyin etməsi hüququ əsasında həll olunmalıdır. Hakimiyyətin düşünülməmiş bəyanatları isə məsələnin həllini dövlətlərin ərazi bütövlüyü prinsiöi müstəvisinə keçirmişdi. “Qarabağ Ermənistandır və nöqtə” şüarı o deməkdir ki, biz məsələni Ermənistan-Azərbaycan münasibətləri müstəvisinə keçirir, dövlətlərin ərazi bütövlüyü məsələsinə çevirirdik.

- Tavuş istiqamətindən başladığımız sərhəd münaqişəsi. Bəli, şimalda döyüşlər bizim tərəfimizdən başladılmışdı. Baş qərargah rəisi deyir ki, o, hələ iyulun 12-də Ermənistanın müharibəyə hazır olmadığı ilə bağlı məruzə edibmiş. Bundan cəmi bir ay sonra müharibəyə başlamaq, üstəlik bunun əhəmiyyətini şişirtmək, 70 əsgərə “Döyüş xaçı” ordeni vermək, həm Azərbaycanı, həm də Türkiyəni məğlub etdiyimizi söyləmək – bütün bunlar təxribat deyilsə, nədir? Əgər müharibəyə hazır olmadığını bilirsənsə, onda buna niyə gedirsən? Düşünürdülər ki, Türkiyə ilə Azərbaycan susacaq? 
- Bəs müdafiə naziri David Tonoyan “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatını verən zaman baş qərargah rəisinin rəyini nəzərə alıbmışmı? Onlar heç olmasa Ermənistan ordusunun imkanlarını birlikdə müzakirə edirmişlərmi? Əslində, biz nazirin dililə Azərbaycana qarşı elə hədə səsləndirmişdik ki, Bakı üçün bu təhlükənin aradan qaldırılmasının ən qısa yolu Türkiyənin bilavasitə məsələyə cəlb olunması idi.

- Bəli, bütün bunlardan (“Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, Tavuşda baş verənlər, “yeni ərazilər uğrunda yeni müharibə” tezisi) sonra Azərbaycan münaqişənin danışıqlar yolu ilə həll etmək şansının olmadığı qənaətinə gəldi. Artıq onlar əmin idilər ki, vəziyyətdən yalnız bir çıxış yolu var – müharibə. Halbuki, belə davranışı yalnız güclü tərəf göstərə bilər. Bizdə isə vəziyyət belə deyil. Resurslar, əhalinin sayı, büdcə, ÜDM – heç biri arzulanan səviyyədə deyil.

- Nə qədər ki, indiki hökumət istefa verməyib, biz həqiqətləri bilməyəcəyik. Heç kəs bilməyəcək ki, Ermənistan hakimiyyəti müharibəni bilərəkdən qaçılmaz edib, ya yox.

- Bəli, müharibədən qaçmaq mümkün idi. Baş nazir baş qərargah rəisinin Ermənistan ordusunun müqavimət göstərməyə qadir olmadığı haqda məruzəsindən dərhal sonra müharibəni dayandırmağa borclu idi. O, müharibənin cəmi üçüncü günü vəziyyətin ağır olduğu haqda məlumat alırsa, demək, artıq dördüncü gün “Lavrov planı”nı qəbul edərək, savaşı dayandırmalı idi. Konkret vaxt göstərərək, əraziləri qaytarmağa da razılıq verilməli idi. Həmin vaxt Azərbaycan Ordusu cənub istiqamətində cəmi 3-4 kilometr irəliləmiş, biz cəmi 500 əsgər itirmişdik. Lakin müharibə düz 44 gün sonra və bizim üçün ən pis ssenari ilə dayandırıldı. Nəticədə bir necə min hərbçi itirdik, 10 mindən çox hərbçimiz yaralandı. İndi biz əraziləri də itirmişik, üstəlik, Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin də heç bir perspektiv yoxdur.

- Mövcud hakimiyyətin xalqa söylədiyi yalanlardan danışmaq lazımdır. Onlar müharibənin ilk günlərindən xalqa deyirdilər ki, üstünlük erməni tərəfindədir. Guya erməni ordusunun geri çəkilməsi Azərbaycan qüvvələrinin mühasirəyə salınaraq məhv edilməsi üçün atılmış taktiki addım imiş. Bu yalanları xalqa ordu yox, hərbi paltar geymiş Artsrun Hovanisyan söyləyirdi. Həmin yalanların harada hazırlandığını mən çox gözəl bilirəm.
Bu gün Ali Baş Komandan (Paşinyan) uydurduğu yalanların girovuna çevrilib. Erməni xalqı reallığı bilsəydi, məğlub olduğumuz, əslində nə qədər qurban verdiyimiz deyilsəydi, o, müharibənin dayandırılmasını xəyanət saymayacaqdı. Əksinə, bu, vaxtında atılmış düzgün addım kimi qiymətləndiriləcəkdi.

Amma Ermənistan hakimiyyətinin təbliğat maşını deyirdi ki, biz qalib gəlirik, erməni əsgərləri Getaşenə girib, Şaumyana girib... Və ordunun “inamla irəlilədiyi” bir vaxtda ölkə rəhbəri qəflətən böyük güzəştlərin nəzərdə tutulduğu sənədə imza atır. Bu halda xalq əlbəttə ki, baş naziri xəyanətkar hesab edəcək. Nikol Paşinyanı ona görə xəyanətkar adlandırırlar ki, o, xalqa reallıqdan uzaq nağıllar danışırdı. İndi bütün Ermənistan bu yalanların əsiridir. Onun özü də həmin yalanların girovuna çevrilib.      

- Mən hakimiyyətdə olsaydım, müharibə baş verməzdi. Diplomatiyada kobud səhvlərə yol verməzdim. Müharibəni məhz bu səhvlər qaçılmaz etdi. Bu gün Ermənistandakı vəziyyət mənə Əbülfəz Elçibəyin prezidentliyi dövründəki Azərbaycanı xatırladır.

- Məğlub olmuş Ermənistan hakimiyyəti “bunu düz etməmisiniz, bu addımı atmalı idiniz” deyərək, məğlubiyyətin məsuliyyətini xalqın, ordunun üzərinə atmaq istəyir. Belə bir deyim var: “Pis döyüşən xalq olmur, müharibəni yaxşı təşkil etməyən hökumətlər olur”. Müharibə dövründə hakimiyyət insanların döyüşmək istəmədiyini, döyüş meydanından qaçdığını söyləyirdi. Bəs buna görə neçə nəfər cəzalandırılıb? Sizdə belə faktlar varmı? Məndə yoxdur! Əmrə tabe olmayanları, döyüş mövqelərini tərk edərək qaçanları niyə cəzalandırmayıblar? 
    
- Dünya tarixində müharibədə uduzmuş dövlətdə hakimiyyətin dəyişmədiyi yeganə hal, səhv etmirəmsə, 1991-ci ildə İraqda olub – birinci müharibədəki məğlubiyyətdən sonra. O zaman Səddam Hüseyn totalitar rejimin bütün imkanlarından istifadə edərək hakimiyyətdə qala bilmişdi. Amma sonda onu dar ağacından asdılar. Bu həyatın qanunudur: məğlub olmuş, kapitulyasiya aktına imza atmış hakimiyyət getməlidir.

- İndiki vəziyyətdə tələskənlik göstərərək növbədənkənar seçkinin keçirilməsi düzgün olmazdı. Biz artıq eyforiya altında keçirilmiş seçkilərin nəticəsini, fəsadlarını görürük. Anlamalıyıq ki, seçki daha sakit şəraitdə təşkil olunmalıdır, bunun üçün isə müəyyən zaman lazımdı.

Bununla yanaşı, müxalif partiyaların qərarını alqışlayıram və hesab edirəm ki, Vazgen Manukyan keçid hökumətin baş naziri missiyasını layiqincə yerinə yetirə bilər. Bu, vəzifə uğrunda mübarizə deyil. Mən heç kimə, o cümlədən Vazgen Manukyana qısqanclıqla yanaşmıram.
(Erməni dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: CIVILNET


Ana səhifəyə qayıt        Baxış: 2 491          Tarix: 7-12-2020, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma