Xəbər lenti


Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Moskvada səfərdədir.
"AzPolitika.info" xəbər verir ki, İrəvan məhkəməsi ona fevralın 3-dən etibarən ölkəni 5 günlük tərk etməyə icazə verib. Məlumatda bildirilir ki, keçmiş prezident Rusiyanın "Sistema" investisiya şirkətinin direktorlar şurasının iclasında iştirak etmək üçün Moskvaya yollanıb.
Ermənistanda siyasi böhranın davam etdiyi şəraitdə Rusiya hakimiyyəti ilə sıx əlaqələri olan R.Köçəryanın növbəti dəfə Moskvaya üz tutması diqqət çəkir. Məlumdur ki, eks-prezident Rusiya prezidenti Vladimir Putinlə şəxsi dostluq əlaqələrinə malikdir. Kreml rəhbəri onu həbsdən buraxmaq üçün şəxsən Ermənistanın baş naziri Nikol Paşinyana təzyiq göstərib.

Ölkədə aylardır ki, müharibədə ağır məğlubiyyətə uğramış qərbyönlü Paşinyan iqtidarına qarşı etirazlar səngimir. Rusiyapərəst siyasi qüvvələr vahid koordinasiya mərkəzində birləşərək baş nazirin istefasını tələb edir. Onlar sabiq baş nazir Vazgen Manukyanı özlərinin keçid lideri elan ediblər. Ekspertlər bildirirlər ki, əlsində Paşinyana qarşı etirazların arxasında Robert Köçəryan və onun komandası dayanır. Onlar hakimiyyət dəyişikliyinə nail olmaq üçün bütün qüvvələri səfərbər etməklə yanaşı Rusiyadan dəstək almağa çalışırlar. Amma gözləntilərə rəğmən ruspərəst qüvvələr əhalidən yetərli dəstək ala bilməyib, keçirilən etiraz aksiyalarına 7-8 mindən artıq adam gəlməyib. Müstəqil sorğu mərkəzləri Paşinyanın reytinqinin 40 faizin üzərində olduğunu açıqlayıblar. Paşinyan da bu üstünlükdən istifadə edərək rəqiblərini sıxışdırmağa çalışır. O, müxalifətə növbədənkənar seçkilərə getməyi təklif etsə də, qarşı tərəfdən mənfi cavab alıb.

Rusiya Ermənistandakı prosesləri diqqətlə izləyir və reallıqlardan çıxış edərək hakim komanda ilə əməkdaşlığı davam etdirir. Bununla belə Kremlin nəzarətində olan media Paşinyan iqtidarını nüfuzdan salmaq üçün səfərbər olunub. Köçəryanın Moskva səfəri bu proseslərin kontekstində dəyərləndirilərək onun hakimiyyət dəyişikliyi üçün Rusiya rəhbərliyindən dəstək almağa çalışdığı vurğulanır.

Xatırladaq ki, birləşmiş erməni müxalifəti fevralın 18-ə son və həlledici mitinq təyin edib. Köçəryanın Moskva ziyarəti isə aksiyalara hazırlıq ərəfəsinə təsadüf edir.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, müharibə günlərində və məğlubiyyətdən sonra dövlət və millət olaraq böhran yaşayan düşmən, çıxış yolunu hər zaman olduğu kimi, Moskvada axtarır, sıravi ermənidən tutmuş siyasilərədək, hamısı Rusiyaya pənah aparırlar. Onun sözlərinə görə, sadə erməni qazanc arxasınca Rusiya çöllərinə, siyasi liderlər isə guya Ermənistan dövlətini “xilas etmək” naminə Kreml kabinetlərinə baş vururlar. "Son günlər bir-birini tamamlayan hadisələrin məntiqi Ermənistanın çox yaxın zaman üçün bir dəyişiklik ərəfəsində olduğu ehtimalını gücləndirir. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın beş günlük Moskvaya getməsinə icazə verən hakim Anna Danibekyanın hüquqi baxımdan belə əsaslandıra bilmədiyi bu qərarını, Köçəryan əleyhdarları Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsi kimi qiymətləndirir", - deyə ekspert vurğulayıb.
İ.İsmayıla görə, Köçəryanın qısa müddətdə Moskvaya dalbadal səfərləri həbsxanadan sonra şimal paytaxtında nostalji yaşamaq üçün deyil, yenidən hakimiyyətə qayıtmaq üçün Kremli hərtərəfli inandırmaq cəhdidir: 

"Keçən həftə üç erməni mediasına müsahibə verərkən növbədənkənar seçkilərə komandası ilə qatılacağını və qalib gələcəyini inamla bildirən Köçəryan, çıxılmaz vəziyyətdə olan erməni cəmiyyətinə ümidverici mesaj vermiş oldu. Ardınca, başda Daşnaksütun partiyası olmaqla, 15 partiya Köçəryan və Sarkisyanla görüşməyə qərar verdi. Paşinyana müxalif olan bütün qüvvələr fevralın 18-nə “son və qəti” döyüş - mitinq elan edərək, məqsədlərinin Paşinyanın istefasına nail olmaq olduğunu elan ediblər. Paşinyan əleyhdarları bu işi təkbaşına həll edəcək gücdə olmadığını bilirlər, çünki 10 noyabrdan sonra nə qədər etiraz etsələr də, mövcud hökuməti istefaya göndərməyə nail ola bilməyiblər. Kreml də müxalif qüvvələrin yetərli gücə, baş nazir olmaq istəyənlərin Ermənistan cəmiyyətində kifayət dərəcədə nüfuza malik olmadıqlarını bildiyindən, indiyədək onlara xüsusi dəstək nümayiş etdirməyib. Köçəryanın Moskva səfəri isə Kremli 18 fevral çevrilişinə inandırmaqdan ibarətdir".

Ekspert bugünlərdə Rusiyanın İrəvandakı səfiri Kopırkinin tələsik üçüncü prezident Serj Sarkisyanla görüşməsinə diqqət çəkib: "Əslində Ermənistan XİN bu görüşə görə rəsmi etirazını bildirməli idi, amma qarşıdakı Rusiyadır. Bu görüşə və Köçəryanın Moskva səfərinə münasibət bildirən “Armenian report” saytının şərhi maraqlıdır.

Şərhdə sual olunur ki, Ermənistandakı daxili siyasi vəziyyəti müzakirə etmək üçün bu gün Serj Sarkisyan kimdir? “O, müxalifət lideri deyil, ölkə əhalisinin əksəriyyətinin nifrət etdiyi bir siyasi meyitdir. Baş nazir və ya prezident vəzifəsini tutmaq bir yana, böyük siyasətə qayıtmaq üçün leqal bir şansı yoxdur. Amma yenə də Kremlin istəyi ilə Rusiya səfiri onunla görüşüb. Nə üçün? Üstəlik, indi cəmiyyətimiz tərəfindən eyni dərəcədə nifrət edilən başqa bir keçmiş prezident - Robert Köçəryan - Moskvada, ehtimal ki, Rusiyanın siyasi rəhbərliyi ilə gizli görüşlər keçirir. Kreml strateqlərinin Sarkisyan və Köçəryanın köməyi ilə yoxlama zərbəsi endirmək üçün hazırkı Ermənistan hökumətinin ən ağrılı nöqtəsini tapmağa çalışdıqları göz qabağındadır. Rusiyanın Sarkisyan və Köçəryana qarşı bu cür ört-basdır edilməyən marağının başqa izahı yoxdur””.

İlham İsmayıl hesab edir ki, fevralın 18-də İrəvanda hakimiyyət çevrilişi baş tutarsa, bir dövlət olaraq Ermənistan daha dərin böhrana girəcək. "Hakimiyyətə gələ biləcək qüvvə çaşqın cəmiyyəti revanşist şüarlarla bir müddət inandıra bilər, amma reallaşdırmağı mümkün deyil. Onlar Qarabağın statusunu önə çəkməyə çalışacaqlar və bu məqsədlə Minsk Qrupunun fəaliyyətə başlamasını, yenə də “baza prinsipləri əsasında” və Rusiya sülhməramlılarının təhlükəsizlik təminatı ilə Dağlıq Qarabağın referendumla müqəddəratını təyinetmə mövzusunu müzakirəyə çıxaracaqlar. Rusiya səfiri ilə görüşdə Serj Sarkisyan məhz bu prinsipi xatırlatmışdı. Düşmən 27 sentyabradək mövcud olmuş 27 illik status-kvonu bir başqa şəkildə yenidən nəzarət etdikləri anklavda davam etdirmək xəttini yürüdəcək", - təhlükəsizlik eksperti qeyd edib.

İ.İsmayıl bildirir ki, Azərbaycan Ermənistanda baş verə biləcək siyasi kataklizmlərdən asılı olmayaraq, Dağlıq Qarabağda suverenliyini bərpa etmək üçün siyasi-diplomatik fəaliyyətə başlamalı, ilk növbədə 10 noyabr bəyanatında qeyd edildiyi kimi, Dağlıq Qarabağın azərbaycanlı qaçqınlarını əvvəllər yaşadıqları yerlərinə qaytarmaq üçün konkret addımlar atmalıdır.
"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 2 930          Tarix: 5-02-2021, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma