Xəbər lenti

 
44 günlük Qarabağ döyüşlərində rus silahlarının nə qədər yararsız olduğu ortaya çıxdı. Ermənistan Baş naziri Nikol Paşinyan sözügedən müharibədən sonra Rusiya silahlarına əsl qiymətini verdi: “Rus ordusunun “əfsanəvi raketi” “İsgəndər” ya “ümumiyyətlə partlamır, ya da ən yaxşı halda 10% partlayır” – təxminən bu şəkildə.
 
Sən demə, Rusiyanın təkcə silahları “zay məhsul” deyilmiş. Rus əsgərləri də öz “keyfiyyəti”nə görə silahlardan geri qalmırmış. 
 
Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Liviya Milli Ordusunun (LNA) başçısı general Həftər Rusiyaya bağlı “Wagner” qrupu ilə çətin anları yaşayır. 
 
Məlumata görə, 2019-cu ilin ortalarında Liviyanın paytaxtı Tripolini ələ keçirmək üçün Rusiyanın muzdlu dəstəsi “Wagner” ilə müqavilə imzalamağa hazırlaşan Xəlifə Həftər ABŞ yetkililəri tərəfindən çox mühüm xəbərdarlıq alır: "Şeytanla əhd bağlayırsan, bunu etmə!". Bütün xəbərdarlıqlara baxmayaraq, Həftər Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə müqaviləni imzalayır. Müqavilənin şərtlərinə uyğun olaraq 2000 “Wagner” döyüşçüsü Həftərin ixtiyarına verilir. Amma elə ilk sınaqdan da arzulanan kimi çıxmır. Həftər ordusu Tripoli yaxınlığında Milli Konsensus Hökumətinə bağlı ordu qarşısında ağır məğlubiyyətə uğrayarkən “Wagner” döyüşçüləri müttəfiqlərinə kömək etmək əvəzinə aradan çıxmağa üstünlük verirlər.


 
Böyük Britaniyanın “The Times” qəzetinə inansaq, genaral Həftər bu gün də “Wagner” “könüllüləri” ilə problem yaşayır. “Təxminən 2000 nəfər olan həmin "kiçik yaşıl adamlar" bu gün Liviyanın demək olar ki, yarısına nəzarət edirlər. Ölkənin ürəyi sayıla bilən əl-Cufra hava bazasından tutmuş strateji neft yataqları və limanlarına qədər bir çox bölgə hazırda Kremldən və Rusiya Müdafiə Nazirliyindən əmr alan “Wagner” hərbçilərinin nəzarəti altındadır”, - “The Times” bu iddiadadır.
 
Liviya da rus “sülhməramlılarının” nəzarəti altındadır
 
Bir Qərb diplomatının nəşrə bildirdiyinə, Həftərə yaxın hərbi yetkililərdə bu məsələ ilə əlaqədar ciddi narahatlıq var: “Onlar qərarvermə mexanizmini itirə biləcəklərindən nigarandırlar. Liviyanın sahibi artıq rus muzdlularıdır”.
 
Həftərin zabitləri “Wagner” “könüllü”lərinin ölkəni tərk etmələrini istəyirlər, amma bu məsələdə də ciddi problemlər var. “Wagner”-çilər artıq Həftərə də tabe olmurlar. Onlar hər zaman olduğu kimi Kremli və Rusiya Müdafiə Nazirliyini dinləyirlər. Deməli onlara bu əmr ancaq Moskvadan gələ bilər. Bu isə həm də o deməkdir ki, Liviya da rus “sülhməramlılarının” nəzarəti altındadır.
 
Vladimir Putinlə yaxın münasibətləri ilə tanınan (Prezidentin aşbazı – Ovqat.com) Yevgeniy Viktoroviç Prigojin tərəfindən qurulan “Wagner” təhlükəsizlik şirkəti iğtişaş bölgələrində Rusiyanın maraqlarına uyğun hərəkət etməkdə ittiham olunur. Kreml isə şirkətin dövlətlə əlaqəsini inkar edir.


 
Rusiya yaxşı “qaz” tapıb – BƏƏ (Söhbət BƏƏ-dəki qaz yataqlarından getmir) 
 
İlk dəfə 2014-cü ildə Rusiyanın Krımı işğalı zamanı ortaya çıxan “Wagner” qrupu hazırda 10-dan çox ölkədə fəaliyyət göstərir. Sudan, Madaqaskar, Mərkəzi Afrika Respublikası, Suriya, Liviya və Venesuela bunlardan bəziləridir.
 
Wagner Group-un qurucusunun və liderinin keçmiş Ukrayna vətəndaşı olan və bir müddət Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Kəşfiyyat Xidmətində (GRU) işləyən Dmitri Utkin olduğu iddia edilir. Qrup öz adını Hitlerin sevimli bəstəkarı Riçard Wagnerdən alıb. Bu da Utkinin Üçüncü Reyxə olan simpatiyasından qaynaqlanır və neo-faşist ideologiyasını mənimsədiyindən xəbər verir. Utkinin bu yaxınlarda Telegram kanalında paylaşdığı bir foto-şəkildə bədənində müxtəlif yerlərində faşist simvolları əks olunmuşdu.
 
Yuxarıda da qeyd olunduğu kimi, “Wagner”lə Həftərin razılaşmasında ən böyük rolu oynayan qüvvə BƏƏ-dir. Bayden hakimiyyəti Wagner qrupuna maliyyə dəstəyini dərhal kəsməsi üçün təzyiqlər göstərir.


 
Pentaqonun Milli Müdafiə Kəşfiyyatının (DİA) qiymətləndirməsinə görə; BƏƏ CAATSA sanksiya siyahısında yer alan Rusiya muzdlu qrupu olan Wagner qrupu ilə 2020-ci ilin yayında Liviyadakı fəaliyyətlərində əməkdaşlıq üçün "anlaşma memorandumu" imzalayıb. Maraqlıdır ki, “Wagner”-in sponsoru BƏƏ olduğu halda, təşkilat Əbu-Dabinin yox, Kremlin sözüylə oturub durur. Loru dillə desək, Kreml özünə Əbu-Dabi adlı yaxşı bir qaz tapıb.
 
BƏƏ Avropanın “altına" rus bombası yerləşdirib
 
Wagner, ABŞ Dövlət Departamenti tərəfindən yayımlanan CAATSA-nın 231-ci maddəsi ilə 84 şirkəti əhatə edən qadağan olunmuş Rusiya müdafiə və kəşfiyyat firmaları arasındadır. Bu qurumlarla ticarət etmək qadağan və sanksiyalara məruz qalır.
 
“Wagner”-i Liviyaya gətirən BƏƏ rus muzdlularına hətta döyüş təyyarələri də verib, onları ən əhəmiyyətli neft sahələrinə və limanlarına yerləşdirib, hava bazaları ilə təmin edib, dolayısıyla Avropanın Cənubi cinahını daimi olaraq bir Rus hərbi qüvvəsinə bağışlayıb.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 066          Tarix: 14-03-2021, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma