Xəbər lenti

 
İki gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla onun Rusiyalı həmkarı Vladimir Putin arasında maraqlı telefon danışığının baş tutduğu məlum olub.
 
Ovqat.com-un Türk mətbuatına istinadən verdiyi məlumata görə, iki lider telefon söhbətlərində Liviyadakı vətəndaş müharibəsini də masaya yatırıblar.
 
Rusiya prezidentinin həmkarına Liviyada atəşkəsin bərqərar olunmasının vacibliyini bildirdiyi iddia edilir. Məlumata görə, Putin xatırladıb ki, atəşkəs razılaşması 19 yanvar 2020-ci il tarixli Berlin Beynəlxalq Konfransının qərarlarında və BMT Təhlükəsizlik Şurasının 2510 saylı qətnaməsində nəzərdə tutulub.  "Liviyada tərəflər arasında dialoq üçün atəşkəsə ən qısa müddətdə riayət edilməli olunmalıdır", - Putinin belə dediyi xəbər verilir. 


 
Ərdoğan da öz növbəsində Putinə bəzi xatırlatmalarda bulunub. O yada salıb ki, BMT-in atəşkəs qərarını pozan  Liviyanın qanuni rəhbəri Sərrac yox, asi general Həftərdir: “O isə öz gücünü səndən güc alır ”. 
 
Qeyd edək ki, Rusiyanın gizli ordusu “Wagner”-in də dəstəklədiyi Həftər qoşunları paytaxt Tripoliyə qədər irəliləsə də, Türkiyənin Milli Konsensus Hökumətinə (MKH) verdiyi silahlı dronları sayəsində bu hücum dəf olunmuş və müharibənin gedişatı dəyişilmişdi. “Wagner” muzdlularının döyüş sahəsində pərən-pərən düşməsi nəticəsində MKH-ə bağlı qüvvələr qarşı tərəfi qısa zaman ərzində 450 km-ə qədər qovmuş, geostrateji önəmə sahib Sitrə əyalətinin böyük hissəsini nəzarət altına almışdı. Qarşılaşdığı bu məğlubiyyətdən sonra Misirə qaçan Həftər Qahirədə prezident Sisi ilə bərabər mətbuat konfransı keçirərək atəşkəsə hazır olduğunu bildirmişdi. Halbuki bu ilin əvvəlində Moskvada keçirilən görüşlərdə atəşkəs təklifini rədd edən Həftər olmuşdu. R.T.Ərdoğan da “atəşkəsi Həftər pozub” deyərkən Putinə əslində bunu xatırladıb.


 
 Generalın ağır məğlubiyyətin ardından gələn sonrakı peşmançılığı fayda verməmiş, MKH rəsmiləri Liviyanı üsyançılardan təmizləyənə qədər heç bir atəşkəsə getməyəcəyini bildirmişdilər. 
 
Bu rədd cavabından sonra Həftərin səsi Venesueladan gəlmişdi. Öz gücünü düzgün qiymətləndirməyib təkcə qurduğu qanunsuz hökuməti deyil, həm də xarici havadarlarını, o cümlədən Rusiyanı çətin vəziyyətə qoyan uğursuz generalın tamamilə siyasətdən çəkildiyi güman olunur. Putinin Ərdoğana saqqal tutması da Həftərə görə deyil. İddialara inansaq, Putin digər hakimiyyət ortağı  Liviya Təmsilçilər Məclisinin sədri Akilə Salehi dəstəkləyir. 


 
Rusiya prezidentinin Ərdoğana etdiyi atəşkəs çağırışı əslində Liviyanın ikiyə bölünməsi təklifi kimi də başa düşülə bilər. Mütəxəssislərin bildirdiyinə görə, əşirət “qanunları” ilə idarə olunan Liviyada 2011-ci ilin sonlarında Müəmmər Qəzzafinin devrilməsiylə başlayan vətəndaş müharibəsi ölkə bütövlüyünə sağalmaz yaralar vurub. Qan davalarının rəvacda olduğu Liviyada bundan sonra şərqlə qərbin birləşdirməsinin müşküllüyünə inanan ekspertlər ölkənin ikiyə bölünəcəyinə şübhə etmirlər. Görünür, Rusiya da Şərqi Liviyaya indidən sahib çıxmaq istəyir və atəşkəs təklifi irəli sürür. 
 
Şərqi Liviyanın taleyi isə MKH-nin nəzarət altına aldığı Sitrədən asılıdır. Çünki Sitrə önəmli neft sahəsi olmaqla yanaşı, həm də ölkənin Şərqi Liviyanın mərkəzindəki yataqlarda hasil edilən “qara qızıl”ın Aralıq dənizinə nəqli marşrutunun son dayanacağıdır. Sitrə Qərbi Liviyanın əlində olarsa, Rusiyanın dəstəklədiyi Binqazi hökuməti də yaşaya bilməz.
 
Heydər Oğuz,
Ovqat.com
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 416          Tarix: 13-06-2020, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma