Xəbər lenti



İranın “dini lideri”i Əli Xamneyi islam respublikasının qurucusu ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyninin prezidentliyə namizə olmasını qadağan edib.

Gunaz.tv


Bu barədə, Həsən Xomeyninin qardaşı Yasər Xomeyni aprelin 13-də “Jamaran” (Cəmaran-red) xəbər agentliyinə açıqlamasında məlumat yayıb.

O deyib ki, qardaşı Həsən Xomeyni çoxlu götür-qoy etdikdən sonra ölkədə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək qərarına gəlsə də, İran rəhbərinin buna razılıq verməməsindən sonra öz fikrindən daşınıb.

“Qardaşım Həsən Xomeyni bu barədə çoxlu fikirləşib məsləhətlər aparandan sonra prezidentliyə namizədliyini irəli sürmək qərarına gəlib. Lakin bu gün ənənəvi qaydada ölkə rəhbərinin görüşünə gedib onunla söhbət edərkən, dini lider onun bu qərarına qarşı çıxıb. 

İnqilab rəhbəri Həsən Xomeyniyə deyib ki, onun prezidentliyə namizədliyini irəli sürməsini məsləhətə uyğun görmür. O, qardaşıma deyib ki, indiki şəraitdə prezident seçkiləri işinə girişməsin və namizədliyini irəli sürmək fikrindən imtina etsin.

"Məhz dini liderin bu tövsiyəsindən sonra aydın məsələdir ki, qardaşım qərarını dəyişib və artıq növbəti prezidentliyə namizədliyini irəli sürmək fikri yoxdur”, -deyə Ruhullah Xomeyninin nəvəsi Yasər Xomeyni qardaşı Həsən Xomeyninin prezidentliyə namizədliyini geri götürməsinin səbəbini açıqlayarkən bəyan edib. 

İranda prezidentliyə namizədlərin yekun siyahısı hələlik tam bəlli olmasa da, bu günə qədər İran parlamentinin keçmiş deputatı Əli Mütəhhəri, keçmiş müdafiə naziri Hüseyn Dehqan, “Mərdomsalari” Partiyasının baş katibi Mustafa Kəvakibiyan  və daha bir neçə nəfər növbəti prezidentliyə namizədliklərini irəli sürüblər.

Həmçinin daha bir neçə yüksək rütbəli hərbçinin də prezidentliyə namizədliyini irəli sürəcəyi barədə məlumatlar yayılır.

Qeyd edək ki, İranda növbəti prezident seçkiləri iyunun 18-də (Xordadın 28-də) keçiriləcək. 



Ana səhifəyə qayıt        Baxış: 3 650          Tarix: 13-04-2021, 17:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma