Xəbər lenti

Qərbdə böyük səs-küyə səbəb olan və Belarusa baha başa gələcyi şübhə doğurmayan məlum təyyarə olayı dünyanın aparıcı media orqanlarının gündəm mövzusu olaraq qalmaqdadır.
Xatırladaq ki, “Ryanair” şirkətinə məxsus təyyarə Afinadan Vilnüsə uçarkən Belarus tərəfinin terror xəbərdarlığı bəhanəsilə Minsk hava limanında məcburi eniş etməli olub və müxalif NEXTA telegram kanalının keçmiş baş redaktoru Roman Protaseviç saxlanılıb.


Rəsmi Minskə qarşı təzyiq və təhdidlər hadisənin baş verdiyi ilk andan sıralanmağa başlasa da, Belarus Prezidenti Aleksandr Lukaşenko ittihamlara reaksiya verməyə tələsmirdi.
Nəhayət, mayın 26-da sözügedən qalmaqalla bağlı açıqlama verən prezident gözlənildiyi kimi, onun və hakimiyyətinin ünvanına səsləndirilən bütün ittihamları rədd edib.
“AzPolitika.info” xəbər verir ki, Belarus Prezidentinin məlum olayla bağlı sərgilədiyi mövqe bir neçə bənddən ibarət olub.


Lukaşenko deyib ki, qanun çərçivəsində fəalıiyyət göstərib və “beynəlxalq qaydalara uyğun olaraq, insanların həyatını müdafiə edib”. Prezident bildirib ki, təyyarənin pilotları Vilnyus aeroportu və mənsub olduqları şirkətlə məsləhətləşmədən sonra könüllü olaraq, Minskə eniş etməyə qərar veriblər.
Lukaşenko həmçinin qeyd edib ki, təyyarədə bomba olduğuna dair anonim məlumat İsveçrədən daxil olub. Belarus Prezidentinin açıqlamasındakı maraqlı məqamlardan biri Protaseviç barədə dedikləridir: “Təyyarədə terrorçu var idi və bunu Belarus sərhədlərindən uzaqlarda da bilirdilər”.
Sözügedən “terrorçu”nun Roman Protaseviç olduğu şübhə doğurmur.


Lukaşenko iddia edib ki, Qərb Belarusa qarşı hibrid müharibəsi aparır və Belarus “poliqon” kimi istifadə olunur. Əsas hədəf isə “şərqdir”.
Şərq deyərkən Rusiyanı nəzərdə tutan prezident növbəti hücumun məhz Rusiyaya ediləcəyinə işarə vurub.
Belarus Prezidenti Minskə enən təyyarəni tərk edən və sonradan Vilnyusa uçmayan üç Rusiya vətəndaşının Rusiya xüsusi xidmət orqanlarının agentləri olduğuna dair iddiaları da rədd edib.


Xatırladaq ki, Belarusun məlum addımı ilə bağlı Avropa ölkələri və ABŞ Minskə qarşı ciddi sanksiyalar tətbiq etmək niyyətindədir. Bu isə rəsmi Minskin Qərblə onsuz da çətin olan münasibətlərini daha da mürəkkəb duruma sala, həmçinin ölkə iqtisadiyyatına zərbə vura bilər.




Ana səhifəyə qayıt        Baxış: 3 347          Tarix: 26-05-2021, 18:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma