Xəbər lenti

 
Bayden Zelenskini yayda Vaşinqtona dəvət edib.
 
Ovqat.com xəbər verir ki, məlumat Ağ ev tərəfindən yayılıb.
 
Məlumata görə, Co Baydenlə ukraynalı həmkarı arasında bu gün telefon danışığı baş tutub.
 
Co Bayden həmkarını əmin edib ki, 16 iyunda Rusiya prezidenti ilə görüşü zamanı "Ukraynanın suverenliyini möhkəm şəkildə qoruyacaq”. Zelenski ilə görüşü isə bundan sonra – konkret tarixi açıqlanmayan yayda baş tutacaq.
 
Qeyd edək ki, Zelenski ötən gün Amerikanın “Axios” portalına verdiyi müsahibəsində Co Baydenin Kiyevin mövqeyini öyrənmədən “Şimal axını-2” layihəsinin tikintisinə sanksiyaları ləğv etməsini qınamış, bunun Ukraynaya vurulmuş dost zərbəsi olduğunu bildirmişdi. O, həmçinin vurğulamışdı ki, Ukrayna nəyin bahasına olursa olsun, təcili NATO-nun üzvlüyünə qəbul edilməlidir. Çünki yalnız bu, Ukraynanın təhlükəsizliyinin təminatı ola bilər. 
 
Zelenski müsahibəsində onu da demişdi ki, Ukraynanın əvvəl-axır NATO-ya üzv olacağından əmindir. Amma bu, nə qədər tez reallaşsa, bir o qədər ümumi işin xeyrinə nəticələnəcək. Çünki ondan fərqli olaraq, Ukrayna əhalisində buna inam get-gedə azalır  və “əsl problem də elə bundan qaynaqlanır”.
 
Ukrayna prezidenti Co Baydendən üz-üzə görüş də tələb etmişdi. Onun fikrincə, elə məsələlər var ki, onu telefonla danışmaq olmaz. Üz-üzə söhbətləşmək lazımdır.
 
Görünən budur ki, həmin müsahibədən sonra Bayden Zelenski ilə telefon danışığına razı olub və onu yayda Vaşinqtona görüşə dəvət edib. Başqa sözlə desək, Co Bayden Zelenskini yaya qədər yola verməyı bacarıb. Yəqin ki, ona NATO-nun 14 iyunda keçiriləcək sammitində Ukranyanın üzvlüyə qəbul edə bilməmələrinin və bu görüşdən sonra Putinlə görüşmək istəməsinin səbəbləri qaneedici arqumentlərlə başa salıb. Putinlə görüşdən sonra nəyə qərar verəcəklərini Zelenski ilə planlaşdırılan görüşdə müzakirə edəcəklərinə söz verib.


Ana səhifəyə qayıt        Baxış: 3 857          Tarix: 7-06-2021, 22:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma