Xəbər lenti
İranın neft sənayesində müqavilə ilə çalışanlar kütləvi tətilə başlayıblar. “Azadlıq” radiosunun fars xidmətinin məqaləsində deyilir ki, işçilər aylardır maaş ala bilmədiklərini, ailələrindən uzaq düşdüklərini, haqlarının pozulduğunu bildirirlər.
 “Yorğunuq, məyusuq və acıq”, –tətilə qoşulan neftçilərdən biri deyib. Fəhlələr maaşlarının qaldırılmasını, daha yaxşı iş şəraiti yaradılmasını tələb edirlər.

İranın neft sənayesində tətillər iyunun 22-də başlayıb, 8  vilayətdə 60-dan çox zavoda yayılıb. Bu, son 20 ildə İranda ən genişmiqyaslı tətildir. Müşahidəçilərin fikrincə, indiki tətilə daha çox fəhlə qoşulub, coğrafi miqyası da böyükdür. Tətil aksiyası cənub-qərbi Xuzistan vilayətindən tutmuş mərkəzi İsfahana, paytaxt Tehranadək uzanıb.

“Doğrudur, uzun müddətdir bu vəziyyətə dözmüşük, amma fəhlələrdən bəziləri artıq cana doyublar”, – adı çəkilməyən bir fəhlə rouydad24.com-a deyib. Tətillərə qoşulan fəhlələr internetdə xeyli video yayıblar. Onlar tətilə “Kampaniya 1400” adı veriblər, İran təqvimi ilə indi 1400-cü ildir. Videolarda fəhlələr zavodlardan çıxır, digərləri isə etiraz üçün iş yerlərinə yığışır. Bu tətillər Tehranın 2015-ci il nüvə sazişini dirçəltmək üçün danışıqlar apardığı bir vaxtda keçirilir. Həmin saziş İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların azaldılmasını nəzərdə tuturdu.
Prinston Universitetinin tarixçisi, İranın neft sənayesi haqda kitab yazan Peyman Cəfəri tətilin əvvəlkilərdən fərqləndiyinə  diqqət çəkir. “Əvvəla, tətillər İranın neft sənayesində dəyişikliyi göstərir, ənənəvi olaraq neft sənayesi Xuzistandakı neft quyuları və emal zavodları ətrafına cəmləşirdi. Son 20 ildə isə Asaluye kimi yeni qaz və neft-kimya mərkəzləri yaranıb”, – o, sözlərinə əlavə edib.

Cəfəri bundan başqa mövcud qaydalardan azad “xüsusi iqtisadi zonalar”ın peyda olduğunu qeyd edir. Bu isə çirklənməyə səbəb olur.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq sanksiyaları bərpa etdi. Bundan sonra Tehran da öhdəliklərinin icrasından geri çəkilməyə başladı. Sanksiyaların ağırlaşdırdığı iqtisadi durum son aylar insanları yoxsulluğa sürükləyib, maaşı az olanlar onu da ala bilmirlər. İranda rəsmi inflyasiya 50 faizə çatıb. Ərzağın qiyməti durmadan artır. İranlıların çoxu ət, meyvə, tərəvəz ala bilmədiklərini deyirlər.

Enerji sektorunun fəhlələri isə normal yaşam üçün 120 milyon rial (təxminən 500 dollar) maaş tələb edirlər. Onlar həm də maaşların vaxtında ödənməsini, təhlükəsiz və gigiyena qaydalarının qorunduğu iş mühiti istəyirlər. Daha bir tələb aya 10 gün istirahətdir. Hazırda onlar adətən həftənin 7 gününü işləyirlər. Fəhlələr eyni zamanda həmkarlar ittifaqı yaratmaq istəyirlər. İran indiyədək daha yüksək maaş tələb edən fəhlələri həbsə göndərib. Ancaq indi təhsil və tibb olmaqla digər sektorlarda da etirazlar baş verir.

Sosial mediada yayılan məlumatlara görə, Tehran Neft Emalı Zavodundan 700 müqaviləli işçi çıxarılıb. Zavodun sözçüsü isə xəbəri “ağ yalan” adlandırıb, bir podratçının cəmi 35 fəhləni işdən kənarlaşdırdığını deyib.
Həftəsonu parlamentin Enerji Komitəsinin kəşfiyyat strukturlarının nümayəndələrinin də qatıldığı xüsusi iclasında neft naziri Bijan Namdar Zəngane  neft sektorunun daimi işçilərinin problemlərini müzakirə edib. Zangene iclasdan sonra deyib ki, bu işçilərin maaşına iyulun 21- nə qədər düzəliş ediləcək. O, müqavilə ilə çalışanların problemləri haqda aydın bir söz deməyib. “Onlara əmək qanunvericiliyi ilə nəzərdə tutulanı verəcəyik”, – nazir deyib.  “Onların qanundan kənar tələbləri başqa məsələdir”,-Zəngane əlavə edib.
Peyman Cəfəri isə enerji sənayesində tətillərin gələcəkdə davam edəcəyini düşünür. Onun sözlərinə görə, tətil edən fəhlələr əsasən tikintidə çalışdıqlarından bu aksiyanın neft sənayesində hasilata təsir gücü yoxdur. “Amma neft sənayesinin daimi işçi qüvvəsi onlara qoşularsa, vəziyyət dəyişə bilər”, – o, sözlərinə əlavə edib.

ABŞ-da yaşayan jurnalist Behrəng Zəndi isə deyib ki, tətillər ölkənin yeni prezidenti seçilmiş İbrahim Rəisiyə problem yarada bilər. O, avqustun əvvəlində and içəcək.
Rəisi hələlik, ölkənin iqtisadi problemlərinin həllinə dair konkret plan açıqlamayıb. “Neft fəhlələri avqustadək, tələbləri yerinə yetirilənəcən tətilləri davam etdirəcəklərini deyirlər. Rəisi hökumətinin onlarla bağlı hansı strategiyadan istifadə edəcəyi bəlli deyil”, – Zəndi deyib.
 
 



Ana səhifəyə qayıt        Baxış: 2 809          Tarix: 30-06-2021, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma