Xəbər lenti

 
 
Türkiyə ilə ABŞ arasında Əfqanıstan paytaxtı Kabildə yerləşən Həmid Kərzai hava limanını qorumaq danışıqları sürərkən, “Taliban”dan bütün sövdələşmələri alt-üst edən təhdidkar bəyanat gəlib.
 
Ovqat.com-un məlumatına görə, “Taliban” sözçüsü Zabihullah Mücahid Türkiyənin də sentyabr ayına qədər NATO qüvvələri ilə birlikdə Əfqanıstanı tərk etməsi tələbini irəli sürüb.
 
Sözçü öz bəyanatında Ankaranın bu tələbi yerinə yetirməsə Türk ordusunun da işğalçı kimi qəbul olunacağını bildirib.
 
Xarici qüvvələrin hansı ölkəyə mənsub olduqlarına və ya hansı bəhanə irəli sürməsinə baxmayaraq ölkəmizdə qalmasını işğal kimi qəbul edirik. İşğalçılara 2001-ci ildə 1500 alim tərəfindən çıxarılan və 20 illik cihadın əsas istinad nöqtəsinə çevrilən fətvaya uyğun olaraq yanaşacağıq", - Zabihullah Mücahidin bəyanatında belə deyilir.
 
Bəyanatda “bütün xarici qüvvələrin, o cümlədən Türkiyənin də qəbul etdiyi Doha müqaviləsinə uyğun olaraq Əfqanıstandan çəkilməsinin   vacibliyi, Türk rəhbərliyinin isə ABŞ-la razılaşaraq bu ölkədə qoşunları saxlamağa və işğalı genişləndirməyə qərar verdiyi” vurğulanır.
 
"Əfqanıstan İslam Əmirliyi"nin və əfqan xalqının Türkiyənin müsəlman xalqı ilə tarixi, mədəni və dini əlaqələri olduğuna vurğulanan bəyanatda "işğalın bu əlaqələrə və ikitərəfli münasibətlərə zərər verəcəyi və Türk səlahiyyətlilərinə qarşı düşmənçilik hissi yaradacağı” qeyd olunur. 


 
Bir müddətdir Türk rəsmiləri ilə müxtəlif danışıqlar apardıqlarını və bu cür birtərəfli qərarın “Taliban”ın razılığı olmadan alınmayacağı barədə razılaşdıqlarını ifadə edən Mücahid "qəbul olunan indiki qərarın həmin razılaşmaları pozduğunu” vurğlayıb.
 
Türkiyənin qərarının Əfqanıstanın ərazi bütövlüyü, suverenliyini pozacağını və milli maraqlarına zidd olacağını bildirən “Taliban” sözçüsü Türk rəsmilərini öz qərarlarından geri çəkilməyə çağırıb.
 
"Türk rəsmiləri qərarlarından dönməsələr və ölkəmizi işğal etməyə davam edərlərsə, İslam Əmirliyi və Əfqan xalqı 20 illik işğala qarşı vuruşduqları kimi dini, vicdanı və vətəndaşlıq vəzifəsi olaraq onlara qarşı  da eyni mövqeyi sərgiləyəcək, bunun məsuliyyəti isə başqalarının işlərinə qarışanların və bu kimi qərarları qərar qəbul edənlərin üzərində olacaq”, - bəyanatda bildirilir.
 
Qeyd edək ki, NATO-nun liderlər zirvəsində Türk ordusunun Əfqanıstanda qala biləcəklərini vurğulayan Rəcəb Tayib Ərdoğan bunu yalnız “Taliban”la birgə fəaliyyət və razılıq sayəsində həyata keçirəcəklərini bildirmişdi. Odur ki, “Taliban” bu sərt bəyanatını geri çəkmədikcə Türk ordusunun oraya qalması sual altına düşür.
 
Türk ordusunun cəmi 500 nəfərlik heyətinin Kabilin Həmid Kərzai hava limanını qorumaq üçün Əfqanıstanda qalması gözlənilirdi. Bunun isə hər kəsdən daha çox “Taliban”a xeyri vardı. Çünki hava limanı “Taliban”ın əlində olduqca Əfqanıstanla dünya dövlətlərinin diplomatik, iqtisadi əlaqələrini davam etdirməsi mümkün deyil. Heç bir dövlət nə edəcəyi bəlli olmayan “Taliban”ın rəhbərlik etdiyi paytaxta diplomat göndərməz. 
 
Taliban”ın razılığı olmadan isə nə qədər güclü hərbi kontingent göndərilməsinə baxmayaraq, Kabildəki beynəlxalq hava limanını qorumaq mümkün deyil. Çünki hava limanı Kabilin tam mərkəzində yerləşir və oranı qəfil hücumlardan qorumaq faktiki mümkün deyil.


Ana səhifəyə qayıt        Baxış: 6 605          Tarix: 13-07-2021, 15:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma