Xəbər lenti

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın G20 sammitində iştirakı zamanı Almaniyadakı türk ictimaiyyəti ilə görüşünə icazə verməməsi Berlinin suveren hüququdur. Amma bunun müqabilində Türkiyə də Almaniyaya müəyyən tələblərlə müraciət etdi.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli Almaniya Xarici İşlər naziri Ziqmar Qabrielin Türkiyənin haqlı olması və PKK-nın Almaniyadakı fəaliyyətinin qadağan edilməsi haqda açıqlamasını Axar.az-a şərh edərkən deyib. Politoloq bildirib ki, Ziqmarın açıqlaması yaranmış vəziyyətlə əlaqədardır:

“PKK-nın bu ölkədə 1990-cı illərdən qadağan edilmiş bir təşkilat olmasına baxmayaraq, orda olan PKK-çıların sərbəst, lokal xarakterli tədbirlər keçirməsinə, Almaniyada türk vətəndaşlarının təhdid edilməsinə, orada yaşayan iş adamı kürdlərdən xərac toplanıb PKK-ya göndərilməsinə icazə verilir.

Bundan əvvəl İncirlik hərbi hava bazası ilə bağlı da Almaniya və Türkiyə arasında ciddi narazılıq olmuşdu. Almaniya öz hərbçilərini İncirlikdən çıxarmaq haqqında qərar vermişdi. Digər tərəfdən də yaxın günlərdə Ərdoğanın Almaniyaya səfəri zamanı alman tərəfinin cangüdənlərinin gətirməsini istəməməsi, həm də türk ictimaiyyəti ilə görüş keçirməsi ilə bağlı fikir ayrılıqları yaşandı”.

Q.Hüseynli qeyd edib ki, PKK onsuz da Almaniyada qadağan edilmiş bir təşkilatdır. PKK Türkiyəni bölmək üçün çox ciddi mübarizə aparır:

“Son zamanlar terrorizmin Avropada yayılması terrora qarşı Avropa dövlətlərinin daha sərt və birmənalı mövqe ortaya qoymasını tələb edir. Almaniyanın bu mövqeyi də PKK-nın timsalında özünü göstərməli idi. Çünki müasir dövrdə Avropada fəaliyyət göstərən terror təşkilatları içində təşkilatlanmış, maliyyə baxımından ən güclüsü PKK-dır. Məncə, Almaniya onların fəaliyyətinə qadağa qoymaqla terrora qarşı mübarizədə ən kəskin və doğru addımını atmaq yolu tutub. Bu, həm beynəlxalq terrorizmə qarşı mübarizədə, həm də Türkiyə-Almaniya münasibətlərinin qaydaya düşməsi məsələsində mühüm bir addımdır.

İnanaq ki, Almaniya xarici işlər nazirinin bu bəyanatı söz olaraq qalmayacaq, faktiki olaraq həyata keçiriləcək. PKK-çılar Almaniyada aşkarlanması və fəaliyyətinə qadağa qoyulması ciddi tədbirlərinin həyata keçirilməsini tələb edir. Bu istiqamətdə Türkiyə hökuməti də Almaniya tərəfinə yardımlar göstərə bilər. Fikrimcə, PKK-nın qaynaqlarının qurudulmasında Almaniya mühüm əhəmiyyətə malikdir. Çünki PKK üçün əsas maliyyə mənbəyi Almaniya hesab olunur. Silahları isə Rusiyadan alırlar. Ona görə maliyyə qaynağı kəsildikdə təşkilatın fəaliyyəti xeyli zəifləyə bilər. Türkiyə bu fürsətdən istifadə edib, Almaniyanın bu qərarının ardıcıl surətdə həyata keçirilməsinə nail olmalıdır”.

Qeyd edək ki, Almaniya Xarici İşlər naziri Ziqmar Qabriel Türkiyənin PKK ilə bağlı xəbərdarlığında haqlı olduğunu, türk siyasilərə müraciət üçün şərait yaradılmadığı halda 1990-cı illərdən qadağan edilmiş PKK-nın təbliğatının aparılmasına imkan verilməsinin yolverilməzliyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 2-07-2017, 10:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma