Xəbər lenti
 
Şəkildə: HMS Northumberland (F238) 

Finlandiya körfəzinin girişində ən azı 4 NATO hərbi gəmisi görünüb.
 
Ovqat.com-un məlumatına görə, Rusiya hərbi dəniz donanmasına meydan oxumaq anlamına gələn bu dislokasiyaya 4 NATO ölkəsi qatılıb: Danimarka, Almaniya, Hollandiya, Böyük Britaniya.
 
Gəmilər isə bunlardır: HMS Northumberland (F238) (Böyük Britaniya), HDMS Peter Willemoes (F362) (Danimarka), HNLMS De Zeven Provinciën (F802) (Hollandiya) və FGS Erfurt F-262 (Almaniya). 


 FGS Erfurt F-262
 
Finlandiya körfəzinin girişində lövbər salan hərbi gəmilərin hansı silahlarla təchiz olunduğu isə bilinmir, lakin onların əsasən hava hücumundan müdafiə və gəmi əleyhinə sistemlər daşıdıqları güman olunur. Bundan əlavə, Böyük Britaniya HMS Northumberland (F238) hərbi gəmisi sualtı qayıqları aşkarlamaq qabiliyyəti ilə məşhur olduğu kimi, Hollandiyanın HNLMS De Zeven Provinciën (F802) gəmisi isə 2000 km. uzaqlıqdakı hədəflərin hərəkətini izləyə biləcək radar sistemləri ilə təchiz edilib. Görünən budur ki, Finlandiya körfəzinə yerləşdirilən NATO gəmiləri Baltik dənizinə sualtı, suüstü təhdidləri zamanında təsbit etmək və qarşısını almaqla görəvləndiriliblər. Üstəlik, nəzərə alsaq ki, Finlandiya körfəzindən Qara dənizin şimal sahillərinə qədər məsafə 2000 km.-dən daha qısadır, HNLMS De Zeven Provinciën (F802) gəmisindəki radar sistemi ilə Ukraynanın bütün sərhədlərini nəzarət altında saxlamaq mümkündür.


 
NATO qüvvələrinə aid gəmilərin Finlandiyanın bu alyansa qoşulmaq istədiyi mesajını verdikdən sonra sözügedən körfəzdə peyda olması təsadüfi sayılmır. Mütəxəssislərin fikrincə, Finlandiyanın bu qərarından sonra qəzəblənən Rusiyanın bütün hirsini qursağında boğmaq üçün məlum addım atıla bilər.


Qeyd: Helsinki ilə Qara dənizin cənubunda yerləşən İstanbula hava yolu 2150 km-dir. Təbii ki, Ukraynanın istənilən bölgəsi Finlandiya körfəzinə daha yaxındır.



Qeyd edək ki, Finlandiya Baş nazirinin alyansa qoşulmaq barədə mesajından sonra Rusiya rəsmiləri Baltik dənizində müdafiə imkanlarını artıracağını, hətta bölgəyə nüvə silahları yerləşdirəcəklərini bildirmişdi. Xüsusilə RF Təhlükəsizlik Şurasının Sədri Dmitri Medvedyev həmin qərara sərt münasibət bildirmiş, Finlandiyanın alyansa daxil olması ilə Rusiyanın NATO ilə sərhədlərinin 2 dəfədən çox artdığını, bunun isə təcili tədbirlər görülməsini şərtləndirdiyini vurğulamışdı. Görünür, Rusiyanın bu təhdidlərini ciddiyə alan alyansın şimal qanadı Finlandiyanın müdafiəsini gücləndirmək üçün öz gəmilərini onun sərhədlərinə göndərməyi məsləhət bilib. Bu gəmilərlə həm də Ukraynaya edilən hücumları da zamanında aşkarlamaq və Kiyevi məlumatlandırmaq da olar. Xatırladaq ki, NATO ölkələri və ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürdüklərini və bundan sonra da ötürəcəklərini gizlətməmişdilər.




Ana səhifəyə qayıt        Baxış: 5 622          Tarix: 16-04-2022, 07:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma