Xəbər lenti

 Türkiyə ilə imzalanan miqrant razılaşması 2015-ci ildə Şərqi Aralıq dənizindən Avropaya miqrant axınının qarşısını alsa da, Avropanı yenidən çətin günlər gözləyir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Afrikadan İtaliyaya gələn qaçqınlar Avropa üçün yeni böhranın yaxınlaşdığını göstərir.

Avropa Siyasət Mərkəzinin miqrant məsələləri üzrə məsləhətçisi Yves Paskouau qeyd edir ki, Afrika mənşəli qaçqınlar mərkəzi Aralıq dənizi yolundan istifadə edərək İtaliyaya çatmağa çalışırlar. Avropa İttifaqı (Aİ) Komissiyasının yanvar ayında açıqladığı hesabatda da Şərqi Aralıq dənizi marşrutunun nəzarət altına alındığı, mərkəzi Aralıq dənizi marşrutunun canlandığı bildirilir.

Hesabata görə, 2016-cı ildə bu marşrutla 181 min nəfər İtaliyaya çatıb. Eyni zamanda 4500-ə qədər insan dənizdə həyatını itirib. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına görə, yalnız 2017-ci ildə 83 min 650 qaçqın dəniz yolu ilə İtaliyaya çatdı. Eyni dövrdə təxminən 2 min nəfərin açıq sularda həyatını itirdiyi bildirilir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Filippo Grandi İtaliyadakı vəziyyəti “yayılmaqda olan bir faciə” kimi xarakterizə edib.

İtaliya isə bəyan edib ki, Aİ təcili tədbirlər görməsə, limanlarını qaçqınları gətirən xilasedici qayıqlar üçün bağlayacaq.

“Əgər qaçqınların gətirildiyi tək limanlar İtaliya limanlarıdırsa, o zaman ciddi problem var. Böyük təzyiq altındayıq”, - İtaliyanın “Il Messaggero” qəzetinə danışan ölkənin daxili işlər naziri Março Minniti deyib.

Romanın təhdidindən sonra Aİ təcili toplantı keçirərək xilasedici qayıqların başqa ölkələrin limanlarına istiqamətləndirilməsi üçün Parisdə danışıqlar aparıblar. Aİ Komissiyası da ötən həftə miqrant yükünün yalnız İtaliyanın üzərinə yüklənməməsi üçün Tədbirlər Planını təqdim edib. Tədbirlər Planında Aİ-nin 80 milyon avroluq büdcə ayıraraq İtaliya və Liviya arasında miqrant axınına maneə törədəcək və onların geri qaytarılmasına yönəlik layihələri həyata keçirməsi nəzərdə tutulub.

(Aİ) Komissiyasının aprel ayında mövzu ilə bağlı dərc etdiyi bir başqa hesabatında deyilir ki, komissiya İtaliya və Yunanıstanda olan 160 min qaçqının 2017-ci ilin sentyabr ayına kimi digər Aİ ölkələrinə yerləşdirilməsi barədə qərar qəbul edib. Lakin aprel ayında yalnız 16 minə yaxın qaçqın müxtəlif üzv ölkələrə yerləşdirilib.

“Aİ 160 min qaçqının yenidən yerləşdirilməsi hədəfini heç bir zaman həyata keçirməyəcək”, - Yves Paskouau qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 602          Tarix: 13-07-2017, 17:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma