Xəbər lenti
Dünən, 19:25


Azərbaycan iqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri ilə münasibətlərini inkişaf etdirir və onlarla birlikdə müxtəlif layihələrdə iştirak edir. Bununla da regional və qlobal maraqların, təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir. Azərbaycanın öz torpaqları üzərində suveren hüquqlarını bərpa etdikdən sonra Cənubi Qafqazda yaratdığı yeni reallıqlar bəzi dövlətlərin bölgədə maraqlarını artırıb. Bu dövlətlərdən biri də Çindir. Bu ölkə xatırlanan zaman təkcə 2 milyard əhalisi olan bir ölkə yada düşmür. Həm də güclü və inkişaf edən iqtisadiyyatdan bəhs edilməyə başlanılır.

Azərbaycan-Çin əlaqələri

Məlumat üçün oxucuların diqqətinə çatdıraq ki, Çinlə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulub. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Çin Xalq Respublikası (ÇXR) 1991-ci il dekabrın 27-də Azərbaycanın müstəqilliyini tanıyıb. İki ölkə arasında əlaqələr daim inkişaf edib. 1994-cü il martın 7-10-da Azərbaycanın məhrum Prezidenti Heydər Əliyev Çində rəsmi səfərdə olub. O, ÇXR-in keçmiş Sədri Tszyan Tszemin, Baş naziri Li Pen ilə rəsmi görüşlər keçirmiş, səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdı.

Çin kimi dövlətlə iqtisadi-ticarət sahəsində əməkdaşlıq müstəqilliyinin yenicə bərpa edən Azərbaycan üçün əhəmiyyətli məsələ idi. ÇXR Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı BMT Təşhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin lehinə səs verib. Bu baxımdan ölkənin Sədri Si Cinpin sentyabrın 15-də Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib: “Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir". O, Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib. Si Cinpin bildirib ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir. Bu həm də rəsmi Pekinin Azərbaycanla münasibətlərinin perspektivinə yanaşmaq kimi də qəbul etmək olar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva XXIX Yay Olimpiya oyunlarının açılışı mərasimində iştirak edib, hətta, bu tədbir çərçivəsində Pekində "Azərbaycan günü" keçirilib. Bu, iki ölkə arasında problemin olmadığının göstərici də sayıla bilər. Azərbaycan ilə Çin arasında 44 sənəd imzalanıb.

Cənubi Qafqaza böyük güclərin maraqları artmağa başlayıb

Odur ki, Çinin Azərbaycanla münasibətlərə yenidən baxması üçün şərait yaranıb. Bunun üçün hər iki ölkə geniş imkanlara malikdir. Azərbaycan dünyanın enerji təhlükəsizliyində fəal iştirak edir. Bu iki ölkənin enerji daşıyıcıları sahəsində əməkdaşlığı inkişaf etdirməsinə əlavə imkanlar yarada bilər. Azərbaycanla Çin qədimdə İpək yolu ilə əlaqələr qurub. Müasir dövrdə də nəqliyyat sahəsində əlaqələrin inkişafına yenidə baxıla bilər. Çinlə hərbi texniki, informasiya texnologiyaları, elektronika, kosmosun tədqiqi kimi sektorlarda Azərbaycan Çinin tərəfkeşi ola bilər. Mövcud iqtisadi potensialına və regionda aparıcı mövqeyinə görə, Azərbaycan Cənubi Qafqazda Çinin ticarətlə bağlı başlıca tərəfdaşıdır. Yaranmış yeni şəraitdə isə bu əlaqələri genişləndirmək tərəflərin xeyrinə olar. İndi Cənubi Qafqaza böyük güclərin maraqları artmaqdadır. Bu baxımdan Çin Azərbaycanla əməkdaşlıq etməklə regionda daha qəti şəkildə fəaliyyət göstərə bilər.

Qeyd edək ki, Cənubi Qafqazda müttəfiqlər bir sıra hallarda Rusiyanın maraqlarına ziyan vurmamağa çalışırlar. Rəsmi Pekin Rusiyanın maraqlarını nəzərə alaraq regionda passiv mövqedə durub. Ancaq Türkiyə-Azərbaycan əlaqələri sübut etdi ki, bundan Rusiya qıcıqlanmır. Əksinə, üçtərəfli əlaqələrin genişlənməsinə rəsmi Moskva maraq göstərir. Bu halda Çinin Azərbaycanda fəaliyyətinin genişləndirməsi də oxşar əməkdaşlıq birliyinin yaranmasına səbəb ola bilər. Başqa bir məsələni də qeyd etmək yerinə düşər: Son zamanlar Çinin geosiyasi rəqibi sayılan Hindistan Cənub Qafqazda fəallığını artırıb. Ermənistanla çoxsaylı müqavilələr bağlayır, hərbi texnikaticarəti ilə bağlı müqavilələr imzalayırlar. Hindistan iqtisadiyyatı xarici dövlətlərdən asılı olan Ermənistanla əməkdaşlıq etməklə çox böyük bir risk etdiyi halda Çin daha çox müşahidəçi mövqedədir.

Çin-Pakistan-Azərbaycan əməkdaşlığının region üçün faydası

Qeyd edək ki, 2021-ci ilin məlumatına əsasən, Hindistana Çindən idxalın həcmi artaraq 16 milyard dollar təşkil edib. Ümumilikdə, ÇXR-dən Hindistandan idxalı 97,5 milyard dollar olub. Bununla belə iki ölkə arasında münaqişə hələ də öz həllini tapmayıb. İki ölkə arasında ərazi məsələsində problem hələ də həll edilməyib. ÇXR Hindistanın Sikkim əyalətinin, Hindistan isə Çinin Tibet muxtar rayonunu “Tibet” olaraq tanıyır. Bundan başqa sərhədyanı ərazilərlə bağlı bir-birinə ittihamlar irəli sürürlər. Hindistan Mərkəzi Asiyada Çinin də maraqlarına qarşı çıxış edir. Onun regiondakı müttəfiqlərini zəiflətməyə səy göstərir. Rəsmi Nyu Dehlinin Pakistanla münasibətini qeyd etmək olar. Azərbaycanın Mərkəzi Asiyada ən etibarlı tərəfkeşlərindən biri də Pakistandır. Bu baxımdan Çin-Pakistan-Azərbaycan əməkdaşlığı hər iki regiona faydalı olar. Odur ki, Çinin Cənub Qafaqazda fəallığını artırmasının vaxtı çatıb. Bunun üçün onun regionda maraqlar arasında tərəfdaşları daha çoxdur.

Çinin bu coğrafiyaya çox böyük ehtiyacı var

İqtisadçı ekspert Eldəniz Əmirov “Report”a açıqlamasında deyib ki, Azərbaycanın regionda lider ölkə olması, siyasi və hərbi arenada öz sözünü deməsi, güclü tərəf kimi mövqe ortaya qoyması aparıcı dövlətləri, o cümlədən Çini Azərbaycanla münasibətlərə daha ciddi yanaşmağa vadar edir.


Onun sözlərinə görə, hazırda böyük ölkələr öz güclərindən siyasi və hərbi sahədə deyil, daha çox iqtisadi sahədə genişlənmə istiqamətində istifadə edirlər: “Bu baxımdan Çin də Rusiya, Türkiyə və ABŞ-ın nüfuz dairəsində olan ərazilərdə bilavasitə iqtisadi mövcudluğunu gücləndirməyə çalışır, ilk olaraq Orta Asiya, daha sonra Qafqazla münasibətlərə böyük önəm verir. Çünki Çinin birbaşa iqtisadi münasibətlərindən əlavə ixracının gerçəkləşməsi üçün bu coğrafiyaya çox böyük ehtiyacı var. Azərbaycan təkcə Çinin yox, dünyanın aparıcı ölkələrinin hər birinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Cənubi Qafqaz ölkələrinin Çinlə əlaqələrində, təqribən, 45 %-ə yaxın göstərici Azərbaycanın payına düşür.

Azərbaycanın balanslı siyasət yeritməsi, sərgilədiyi mövqe, atdığı addımlar ən qabaqcıl ölkələrə nümunə olacaq davranışlardır. Çünki dünyada hazırda çox kritik vəziyyət hökm sürür. Bununla belə Azərbaycan tərəfi neytrallığını qoruyub saxlamağa çalışır. Bu, asan məsələ deyil və kifayət qədər ciddi yanaşma tələb edir. Bunun da öhdəsindən Azərbaycan uğurla gəlir”.

E.Əmirov Çinin Azərbaycanla həm enerji, həm nəqliyyat sahəsində əlaqələrdə maraqlı olduğunu vurğulayıb: “Çünki Çinin Avropaya çıxışı bilavasitə Şərq-Qərb dəhlizi üzərindən mümkündür. Bu dəhliz isə Yuxarı, Orta və Aşağı dəhlizlərdən ibarətdir. Bu dəhlizlərin 3-ü də Azərbaycandan keçir. Buna görə də Azərbaycan nəqliyyat məsələlərində Çin üçün önəmlidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının potensialının yüksək olması, Rusiyada baş verən hadisələrin bu ölkənin üzərindən logistik imkanları məhdudlaşdırması, risk faktorlarının artması da ciddi şəkildə Çini Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığını artırmağa sövq edir.


Enerji sahəsində də Çin Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycan Çinə xüsusi böyük çəkidə olmasa da, müxtəlif enerji məhsulları ixrac edir. Onlardan ən maraqlısı bir neçə ay öncə oldu. Azərbaycandan Çinə konteynerlərlə yaşıl neft koksu ixrac olundu. Bu da strateji bir məhsuldur. Artıq Azərbaycanla Çin iqtisadi münasibətlərdə yeni formata keçərək alternativ enerji mənbələrindən istifadəni də önə çıxara bilər”.

E.Əmirov deyib ki, Çin indiyədək Cənubi Qafqazda Rusiya faktoruna görə çox da aktiv olmayıb: “Bununla belə Rusiya ilə Çinin müqayisə ediləcək ortaq nöqtələri çox azdır. Rusiya digər ölkələrə öz nüfuzunu daha çox hərbi, siyasi təzyiqlər vasitəsilə yayır. Çin isə bunu iqtisadi alətlər vasitəsilə edir. Bu baxımdan Cənubi Qafqazda Rusiya və Çinin maraqlarının toqquşması bir o qədər müşahidə edilmir. Çin Rusiyanın Uzaq Şərqdəki ərazilərində kifayət qədər vətəndaşlarını yerləşdirib. Sibir torpaqlarında kifayət qədər çinli məskunlaşıb. Hətta Çin Orta Asiyada da güclənib və iqtisadi mövcudluğunu ciddi şəkildə ortaya qoyub”.
Report




Ana səhifəyə qayıt        Baxış: 3 481          Tarix: 22-11-2022, 11:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma