Şimali Koreya ABŞ və Cənubi Koreya tərəfindən keçiriləcək bir sıra hərbi təlimlərə cavab olaraq, nüvə silahı potensialının “boş səs-küy” olmadığı barədə xəbərdarlıq edib.
“Report” xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
“ABŞ və onun əlaltıları heç vaxt unutmamalıdırlar ki, onların düşməni həqiqətən nüvə hücumu potensialına malikdir, həmçinin KXDR xalqının və ordusunun xüsusiyyətlərini unutmamalıdırlar - bütün bunlar boş səs-küy deyil”, - məlumatda qeyd olunub.
Agentlik Cənubi Koreya və ABŞ-nin cari ilin iyun ayında tarixlərinin ən böyük döyüş atəşli birgə təlimlərini keçirmək planlarını “apogeyaya ucalan hərbi isteriya” adlandıraraq tənqid edib.
KMTA-ya görə, “müharibə qızışdıranların çarəsiz davranışları ifrata qaçır”.
Agentlik həmçinin vurğulayıb ki, ABŞ və Cənubi Koreya “öz səhv hərəkətləri ilə özlərini ciddi təhlükə qarşısında qoyurlar”.
Paylaş: