ABŞ və İran Oman körfəzində qarşıdurma vəziyyətindədirlər. Buna səbəb Vaşinqtonun bir neçə gün öncə Tehranı iki neft tankerini ələ keçirmək cəhdində ittiham etməsidir. Vaşinqtonun irəli sürdüyü ittihamlara cavab verən İran rəsmiləri isə bildiriblər ki, tankerlərə heç bir hücum cəhdi olmayıb.
Bununla belə, İran sərhədləri yaxınlığında gəmilərin bir sıra risklərlə məruz qaldığına dair sübutlar ictimailəşdirilib. ABŞ hərbi dəniz qüvvələrinin məlumatına görə, son iki il ərzində İran 20-yə yaxın ticarət gəmisinə hücum edib.
ABŞ HDQ İranın Oman körfəzində iki ticarət tankerini ələ keçirməsinə mane olduğunu bildirib. Bu günlərdə yayılan hesabatda deyilir ki, İran hərbi gəmisi gecə ərzində Marşal adalarının bayrağı altında üzən neft tankeri “TRF Moss”a yaxınlaşıb, lakin “Makfaul” adlı idarəolunan raket esminesi hadisə yerinə gəldikdən sonra İran gəmisi geri çəkilmək məcburiyyətində qalıb.
Bənzər bir hadisə üç saat sonra baş verib. Hərbçilər ABŞ-ın “Şevron” neft şirkətinə məxsus, Baham adalarının bayrağı altında üzən “Richmond Voyager” tankerindən qəza siqnalı alıb.
İran gəmisi “Richmond Voyager” tankerinə yaxınlaşaraq dayanmağı tələb edib. Daha sonra iranlılar atəş açıblar.
Tankerin gövdəsinə bir neçə güllə dəysə də, zərər cüzi olub. Ekipaj xəsarət almayıb. ABŞ esminesi peyda olanda iranlılar hadisə yerini tərk ediblər.
Dünən axşam İRNA xəbər agentliyinin yaydığı xəbərdə deyilir ki, iki gün əvvəl “Richmond Voyager” təyyarəsi göyərtəsində yeddi ekipaj üzvü olan İran gəmisi ilə toqquşub. Nəticədə İran gəmisinin arxa hissəsi zədələnib, ekipajdan 5 nəfər isə ağır yaralanıb. Tankerin bundan sonra dayanmadığı və beynəlxalq dəniz hüququ müddəalarını pozaraq yoluna davam etdiyi vurğulanır. Nəticədə İran gəmisinin sahibi tankerin saxlanılması tələbi ilə İranın məhkəmə orqanlarına müraciət edib. Məhkəmə qərarı ilə bunu İran hərbi dəniz qüvvələrinə tapşırıb.
Qanunu pozan tanker Omanın ərazi sularına daxil olub. İran tərəfi “Riçmond Voyager”in saxlanılmasına ümid etməkdə davam edir. Eyni zamanda, İran Müdafiə Nazirliyi ABŞ hərbçilərinin İran gəmiləri tərəfindən tankerləri ələ keçirməyə cəhd etməsi ilə bağlı xəbəri təkzib edib.
Baş verən hadisələr həm regional oyunçuları, həm də neftin nəqli və ticarəti ilə məşğul olan hər kəsi narahat edib. 2019-cu ildə Oman və Fars körfəzləri regionunda “tanker müharibəsi”nin necə başladığı barədə xatirələr hələ də çox təzədir. Daha sonra bu ərazidə naməlum şəxslər tərəfindən xarici tankerlərə bir neçə hücum edilib. ABŞ dərhal İranı ittiham edib və Fars körfəzində gəmiçiliyi qorumaq üçün hərbi koalisiya yaratmaq təşəbbüsü ilə çıxış edib.
Xatırladaq ki, ABŞ İrandan neft ticarətinə sanksiya tətbiq edib. İran adətən bu cür hərəkətlərə “gözə göz” prinsipi ilə cavab verir.
Müsavat.com
Paylaş: