Xəbər lenti

ABŞ PKK terror təşkilatının Suriya qolu olan PYD-yə daha 100 TIR silah-sursat göndərib.

Publika.az
 xəbər verir ki, silah aparan 100 TIR İraq sərhədindən keçərək, PYD-nin nəzarətindəki Haseke bölgəsinə daxil olub. Oradan isə təşkilatın Rakkanın şimalında yerləşən üzvlərinə göndərilib. Beləliklə, iyun ayından indiyə kimi ABŞ-ın PYD-yə verdiyi silah-sursatın miqdarı 909 TIR qədər olub.

Pentaqon Türkiyənin etirazlarına qarşı “İŞİD məhv edildikdən sonra PYD-yə verilən silahlar geri alınacaq” deyir. Lakin Vaşinqtonun hədəfində Türkiyənin bölgədəki maraqlarının olduğu da şübhəsizdir. Çünki İŞİD Rakkada çox az sayda qalıb və demək olar ki, mühasirəyə alınıb. Buna rəğmən, PYD-yə böyük miqdarda silahların verilməsi şübhələrə yol açır.

Hədəf nədir?

Amerika Rakka əməliyyatına Türkiyənin daxil olmasına icazə vermədi. Əvəzində bu işi Türkiyəyə qarşı döyüşən terrorçulara həvalə etdi. Cari olaraq, Vaşinqton Rakkanın alınmasını başqa ölkə ilə paylaşmaq və maraqları bölüşdürmək istəmir. Lakin əsas gücün PYD seçilməsi uzaq hədəfdə təhlükəli planlardan xəbər verir. ABŞ PYD-ni İŞİD bəhanəsi ilə silahlandıraraq, bölgədə gələcək gücünü formalaşdırır. Bu plana Türkiyənin cənubunda “kürd dəhlizi” layihəsinin həyata keçirilməsi daxildir.

Obama dövründən gündəmə gələn “kürd dəhlizi” planı Türkiyənin “Fərat Qalxanı” əməliyyatı ilə baş tutmadı. Tramp gəldikdən sonra Türkiyə ilə anlaşacağı və terrorçularla əməkdaşlığı kəsəcəyi hesab olunurdu. Lakin respublikaçı prezident də bu məsələdə sələfinin yolunu izlədi, hətta PYD-yə açıq şəkildə silah göndərməklə daha da irəli getdi.

Amma Vaşinqton planını həyata keçirmək üçün bu dəfə fərqli yola əl atır.

Türkiyə sərhədinə hücum

Türkiyə mediası yazır ki, ABŞ “kürd dəhlizi”nin Aralıq dənizinə çıxışını təmin etmək üçün yeni zəmin yaradır. Belə ki, iyulun 27-də ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett McGurk Yaxın Şərq İnstitutunun təşkil etdiyi bir paneldə çıxışı zamanı “Əl-Qaidə” terror təşkilatının Türkiyənin dəstəklədiyi müxaliflərin əlindəki İdlibdə təşkilatlandığını və Hatay sərhədi üzərindən dəstək aldığını açıqladı. Türkiyə xarici işlər nazirinin köməkçisi Sedat Önal isə Brett McGurka zəng edərək, “Bu sözləriniz qəbul edilə bilməz, biz bunları rədd edirik. Məqsədiniz təxribat yaratmaq deyilsə, sözlərini düzəldin” deyə etiraz etdi.

Ekspertlər hesab edirlər ki, McGurkun bu çıxışı “kürd dəhlizi”ni Aralıq dənizinə çıxarmaq üçün həyati önəm daşıyan İdlibə və “Fərat Qalxanı” əməliyyatının keçirildiyi bölgəyə hücum üçün zəmin yaratmaq məqsədi daşıyır. Yəni “Əl-Qaidə” bəhanəsilə Türkiyənin cənub sərhədlərində müdaxilə edilir və “kürd dəhlizi”nin önü açılır. PYD-yə külli miqdarda silah-sursatın verilməsinin arxasında da bu məqsəd yatır.

Rakka başlanğıcdır

PYD komandirlərindən Civan İbrahimin ərəb mediasına verdiyi açıqlama Rakkanın ABŞ-ın bölgədəki planlarının başlanğıcı olduğu ehtimalını artırır.

“Əsl döyüş Deyr Ez Zorda olacaq. Bura Rakkadan daha önəmlidir: neft və təbii qazla zəngindir; Suriyanın İraqdakı keçidi və ərəblərlə kürdlərin arasındakı bağlantıdır. Hazırda ən önəmli bölgələrdən biridir və Amerika da bunu yaxşı anlayır”, - deyə o vurğulayıb.

Göründüyü kimi, ABŞ PYD-ni silahlandıraraq, terrorçulardan güclü ordu yaratmaq və bölgədəki əməliyyatları bu ordu vasitəsilə həyata keçirmək niyyətindədir.

Terrorçulara verilən silahlar

PYD-yə göndərilən sonuncu silahlar xüsusilə diqqət çəkir: 12 min kalaşnikov avtomatı, 6 min pulemyot, 3500 iriçaplı pulemyot, 3 min Amerika istehsalı olan RPG-7 və 1000 Amerika istehsal olan AT-4 və Rusiya istehsalı olan SPG-9 minaatan.

Bununla yanaşı, 235 qumbaraatan, 100 snayper, 450 PV-7 tipli gecə görmə cihazı, 150 lazerli cihaz, “Hummer”lar, 4x4 Ciplər də göndərilən silahlar arasındadır.

ABŞ-ın PYD-nin nəzarətindəki ərazilərdə 3 hərbi hava bazası və 8 hərbi mərkəzi var. Vaşinqton PYD terrorçularının təlim keçməsini təmin edir, həmçinin, terror təşkilatı üçün uçuşların qadağan edilmiş bölgəsini yaradır.

Diqqətçəkən məqamlardan biri də son günlər İsrail mediasında müstəqil kürd dövləti” təbliğatının aparılmasıdır.

Görünür, amerikalılar bölgəyə yenicə daxil olurlar və indiyə qədər Obamanın apardığı “kənardan izləmə” siyasətinə son qoyulur. Bundan sonra, ABŞ-ın bölgədə daha aktiv olacağı gözəniləndir. Bu prosesdə əsas hədəfdə olan ölkələrdən biri isə qardaş Türkiyədir. 




Ana səhifəyə qayıt        Baxış: 824          Tarix: 1-08-2017, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma