Xəbər lenti

Miqrasiya problemləri ilə bağlı ABŞ-nin Texas ştatında vəziyyət gərgin olaraq qalır. Daha doğrusu, gərginlik azalmaq əvəzinə, getdikcə daha da artır. Belə ki, bir müddət öncə Texas qubernatoru Qreq Abbottun qərarı ilə qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhədə 50 kilometrlik tikanlı məftildən sədd çəkilib.

Bayden administrasiyası bu qərardan Ali Məhkəməyə şikayət verib. Yanvarın 22-də məhkəmə administrasiyanın xeyrinə qərar çıxarıb və qubernatorun səlahiyyətlərini aşdığını elan edib. Bayden sərhədçilərə tikanlı məftilləri sökmək əmri verib. Bundan sonra Texas qubernatoru ştatın ABŞ-yə xüsusi hüquqlarla daxil olmasını nəzərə alaraq onun işğala məruz qaldığını bəyan edib. Qubernator Texasın problemlərini özü həll edəcəyini deyib. O, yanvarın 27-də bildirib ki, Texas mərkəzi hakimiyyətlə münaqişəyə hazırdır.

Son məlumata görə, Texas ştatının rəhbərliyi qeyri-qanuni miqrantların öz ərazilərindən köçürülməsi proqramının bir hissəsi kimi 102 mindən çox insanı Amerikanın digər ştatlarına daşıyıb. Prezident seçkiləri ərəfəsində bu hadisə ölkə daxilində ciddi problemə səbəb olub. Bu, əlbəttə, hazırda müxalif düşərgəni təmsil edən Respublikaçıların əlini gücləndirir. Keçmiş prezident, Respublikaçıların əsas siması hesab olunan Donald Tramp bildirib ki, ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib. O, bunu tarixin ən pis durumu kimi qiymətləndirib.

Aydın məsələdir ki, müxalif düşərgə bu vəziyyətdən mümkün qədər öz xeyrinə istifadə etməyə və mövcud durumu seçkilərin nəticəsinə təsir edə biləcək “kozır”a çevirməyə çalışacaq. Texas rəsmiləri artıq ştatın ABŞ-dən ayrılması barədə fikirlər səsləndirməyə başlayıblar. Vəziyyət belə davam edərsə, bu ssenari heç də istisna edilmir. Çünki artıq “ox yaydan çıxmaq üzrədir”.

Məsələnin qlobal miqyasda absurd tərəfi ondan ibarətdir ki, dünyaya demokratiya dərsi keçən ABŞ-nin özündə vəziyyət idarəolunmaz hala çatır. Dünyanın ayrı-ayrı yerlərində, o cümlədən Cənubi Qafqazda fərqli vaxtlarda separatizm ocağı yaradan Vaşinqton indi çətin sınaq qarşısındadır. Belə yerdə məşhur atalar misalı yada düşür - nə tökərsən aşına, o da çıxar qaşığına.

Texasda baş verən hadisələr, şübhəsiz ki, Baydenin və Demokratların reytinqinə ciddi mənada təsir edəcək. Dediyimiz kimi, gələcəkdə Texasın ABŞ-dən ayrılması mümkündür. Bu isə öz-özlüyündə ABŞ üçün daha çətin situasiyaya səbəb ola bilər. Belə ki, digər ştatlar da ayrı-ayrı səbəblərdən oxşar qərar barədə düşünə bilərlər. Nəticədə ABŞ hakimiyyətinin nüfuzu xeyli aşağı düşəcək.

Ümumiyyətlə, qanunsuz miqrasiya beynəlxalq humanitar hüququn əsas problemlərindən biridir. Mövcud ABŞ iqtidarı indi qanunsuz miqrasiyanı dəstəkləməklə beynəlxalq hüquqa hörmətsiz yanaşdığını təsdiq edir. Halbuki, Vaşinqton başqa vaxt özünün fərqli maraqlarının təmin olunması üçün məhz “beynəlxalq hüquq” kartından istifadə edir. Bu, bir daha göstərir ki, ABŞ üçün daimi prinsiplər yox, daimi maraqlar var.

Onu da deyək ki, gələcəkdə oxşar problemlərin Avropada, o cümlədən, Fransa və Almaniyada da baş verməsi mümkündür. Hər halda bu ölkələrdə də miqrantlarla bağlı zaman-zaman hakimiyyət əleyhinə çıxışlar olur. Əsas səbəb isə eynidir: iqtidarların başqa dövlətlərə təlqin etdiklərinə özlərinin əməl etməməsi, insan haqlarına və beynəlxalq hüquqa etinasızlıq.

Report.az




Ana səhifəyə qayıt        Baxış: 5 276          Tarix: 29-01-2024, 12:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma