Maldiv respublikası Türkiyədən gətirilən hərbi pilotsuz təyyarələri idarə etmək üçün PUA bazası yaratmağa başlayıb.
Axar.az xəbər verir ki, “Edition” xəbər portalı məlumat yayıb.
Bildirilir ki, türk PUA-ları Maldiv adalarının okean ərazilərini daim nəzarətdə saxlayacaq.
Baza beynəlxalq hava limanının yerləşdiyi Maafarunun şimalında yaradılır. Maldiv hərbi qulluqçuları hazırda Türkiyədə PUA-lardan istifadə üzrə təlim keçir. Rəsmilər hələlik bu layihə ilə bağlı heç bir məlumat verməyiblər.
Qeyd edilir ki, Maldiv hökuməti Türkiyə ilə müasir kəşfiyyat pilotsuz uçuş aparatları almaq üçün 37 milyon dollarlıq müqavilə imzalayıb. Güman edilir ki, türk pilotsuz təyyarələri Maldiv adalarında yerləşdirilən Hindistan HHQ-yə məxsus təyyarə və helikopterləri əvəz edəcək. Əvvəllər şübhəli gəmiləri aşkar etmək, silah və narkotik ticarəti əməliyyatlarına nəzarət etmək üçün kəşfiyyat uçuşları Hindistanın “Dornier” təyyarəsi ilə həyata keçirilirdi.
Xatırladaq ki, ötən il hakimiyyətə gələn yeni prezident Məhəmməd Muizzu Hindistan ordusunun ada respublikası ərazisindən çıxarılmasını istəyir.
Paylaş: